İtaliya İsrailin milli təhlükəsizlik naziri ilə bağlı istintaq başladıb

İtaliya İsrailin milli təhlükəsizlik naziri ilə bağlı istintaq başladıb
14:37

Qəzzaya tətbiq edilən blokadanı yarmaq məqsədilə yola çıxan "Qlobal Sumud Donanması"na İsrailin müdaxiləsi ilə bağlı İtaliyada istintaq başladılıb.

News365.az xəbər verir ki, beynəlxalq sularda saxlanılan gəmidəki İtaliya vətəndaşlarına qarşı qeyri-insani rəftar iddiaları ilə əlaqədar İsrailin milli təhlükəsizlik naziri Itamar Ben-Qvir barəsində araşdırma aparılmasına qərar verilib.

Bununla da İtaliya İsrailin fəallara münasibətini hüquqi müstəviyə daşıyan ikinci Avropa ölkəsi olub. Daha əvvəl Fransa da məsələ ilə bağlı müharibə cinayətləri və işgəncə iddiaları üzrə araşdırmaya başlamışdı.

Məlumata görə, istintaqın əsas səbəblərindən biri Ben-Qvirin sosial şəbəkədə paylaşdığı videodur. Videoda Kipr sahilləri yaxınlığında saxlanılan gəmidəki fəalların saxlanılması prosesindən görüntülər yer alıb.

Donanmada iştirak edən fransız fəallar saxlanılma zamanı rəftarın alçaldıcı və qeyri-insani olduğunu iddia ediblər. İtaliya prokurorluğu isə görüntülərin cinayət işi açılması üçün yetərli sübut olub-olmadığını araşdırır.

İtamar Ben-Qvir ona qarşı başladılan araşdırmaya münasibət bildirərək ittihamları rədd edib. O, sosial şəbəkədə paylaşdığı açıqlamada istənilən istintaqdan çəkinməyəcəyini və İsrail hərbçilərini dəstəkləməyə davam edəcəyini bildirib.


Sizin reklam burada
Sizin reklam burada