Qeyd etmək lazımdır ki, hələlik rəsmi təsdiqi verilməsə də, yayılan məlumatlara görə İsrailin Baş naziri Azərbaycana səfər edib. Bu məlumat hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməsə də, İsrail mediası və digər informasiya resurslarında ciddi şəkildə qeyd olunur.
Səfərin məqsədinə gəldikdə isə, burada bir neçə vacib aspekt diqqət çəkir. Əvvəla, İsrail və Azərbaycan dost ölkələrdir və uzun illərdir ki, qarşılıqlı münasibətləri yüksək səviyyədə davam edir. Bu münasibətlər 1996-cı ildə – Ulu Öndər Heydər Əliyevin dövründə – İsrailin Baş nazirinin Azərbaycana etdiyi bir günlük səfərdən sonra daha da möhkəmlənməyə başlamışdı. Həmin səfər çərçivəsində bir sıra vacib məsələlər müzakirə olunmuşdu və onun nəticələri qısa zamanda özünü göstərmişdi.
Bu gün Azərbaycan və İsrail arasında ticarət dövriyyəsi 3,5 milyard dolları əhatə edir ki, bu da hər iki tərəf üçün qənaətbəxşdir. Həm Azərbaycan Prezidenti, həm də İsrailin Baş naziri bu ticarət əlaqələrinin genişlənməsində maraqlıdırlar və bu məsələdə siyasi iradə nümayiş etdirirlər.
Milli Məclisin deputatı Vüqar İskəndərov