İslam nələri qadağan edir? – HƏSSAS MƏQAMLAR

İslam nələri qadağan edir? – HƏSSAS MƏQAMLAR
21 İyn 2024 09:27

Ərəblər azad edilmiş qullara "məvali" deyirdilər. Əməvilər zamanı xilafət səltənətə çevrildikdən sonra İslamı qəbul etmiş bütün qeyri - ərəblərə bu ünvanla müraciət etməyə başlanıldı. Yəni, sanki əvvəl qul olub sonra azad edilmişlər. Məvalilər ikinci növ müsəlman sayılırdı. Məvalidən doğulan uşaq vəliəhd ola bilməzdi. Sonralar Abbasilər bunu nisbətən aradan qaldırdı və xəlifələrin ərəb olmayan arvadlarından olan uşaqlar da vəliəhd oldular. Hətta İmam Hüseynin nəvəsi İmam Zeyd dövrün Əməvi xəlifəsi ilə dialoqu zamanı xəlifə onun anasının qeyri ərəb, cariyə olmasını irad tutaraq, ona görə də siyasi rəhbərliyə gələ bilmə ehtimalının olmağını demişdi. Məvali nisbəti əsasən türklərə və qeyri millətlərə deyilirdi.

İmam Əbu Hənifə şiddətlə bu ayrıseçkiliyə qarşı çıxaraq xəlifələrin zülmünə məruz qalmışdır. Türklərin böyük əksəriyyətinin bu günə kimi məhz Hənəfi məzhəbində olması bununla əlaqədardır. Ancaq Əməviləri devirən Abbasilər bu qavramı zəiflədib sarayda, orduda türklərə, farslara, qeyri ərəblərə yer versələr də tam əl çəkə bilmədilər. Ərəb damarı həmişə İslamdan önə keçdi. İmam Əbu Hənifəni məhbəsdə döyüb şəhid etdilər. O, hətta namazı müsəlmanın öz dilində qıla biləcəyinə fətva vermişdi. Bir çox mütərəqqi fətvaları ilə irqçiliyi, təfriqəni, şovinizmi dışlayır və əsasən elmə, rəyə, ağıla üstünlük verirdi. İmam Hüseynin nəvəsi İmam Zeydin Əməvilərə qarşı qalxmasına maddi vəsait və fətva vermişdi. Ondan əvvəl İmam Həsənin nəvəsi İmam Nəfsüzzəkiyyənin hərəkatına da dəstək vermişdi. Əməvilər isə sırf ərəb şovinizminə əsaslanan bir rejim idi.

Ərəblər xilafəti səltənətə çevirib əsla qeyri - ərəbləri səltənətə yaxın buraxmadılar. Osmanlıya qarşı əsasən ərəblərin qarşı çıxması da ümmətin başında ərəb yox, türkün olması idi.

Bu təfəkkürü Əməvilər, əsasən Müaviyyə Əbu Sufyan oğlu gətirdi. Bu gün din adı ilə yaşanan bir çox adət - ənənə məhz Əməvilərin gətirdiyi bidətlərdir. Fəth etdiləri coğrafiyalarda da din yaymaq yox, istila və maddiyyat əldə etmək məqsədi güdürdülər. O dövrdə Azərbaycana rəhbərlik edən Qafqaz Albaniyasının başçısı Cavanşir ilə Müaviyyənin arasında bağlanan əqdə görə də xalq öz dinində qalmalı, ancaq səltənətə vergi, külli miqdarda pul, qızıl verilməli idi. Cavanşir bunu ödəyirdi.

İslam xilafəti zamanı hər şeydən öncə Ənsar adlanan Mədinə əhlinə haqsızlıq edildi. Onlar Peyğəmbərə sığınacaq verdi, canını, malını fəda etdi, ancaq onları sonralar xilafətə yaxın buraxmadılar. Onların içində bir çox türk və qeyri ərəb əsilli qeyri ərəb tayfaları vardı ki, ərəbləşmişdilər. Ancaq Peyğəmbər əsla ayrıseçkilik etmirdi, bunu yasaqlamışdı. Vəzifəyə təyin edərkən Ənsar, Mühacir, ərəb, qeyri ərəb arasında fərq qoymurdu. Rəhbərin yalnız ərəbdən olmasını şərt qoşmurdu.

Tural İrfan, MCP-nin sədr müavini, ilahiyyatçı

 


Youtube kanalımız

Oxşar xəbərlər