"İranda islahatçı və mühafizəkar radikal qruplar arasında uçurum dərinləşir" - Tural İrfan yazır
Təhlil
05 Mar 2025 09:19
İran prezidenti Məsud Pezeşkiyanın istefa ərizəsi yazması və Türkiyə Xarici İşlər naziri Hakan Fidanın İran barədə söylədiyi tənqidi fikirlərlə bağlı yaranmış siyasi gərginlik Sasani varislərinin dünyadan tam təcridini şərtləndirən amillərin bariz təzahürlərindəndir. Daxili gərginliyin fonunda hakimiyyət daxilində islahatçı və mühafizəkar radikal qruplar arasında uçurum dərinləşir.
İkinci Şah İsmayılı zəhərləyən, Nadir Şahı çadırında sui-qəsdlə öldürən gizli servisin xələfləri keçən günlərdə prezident Pezeşkiyana türkcə şeir söyləyərkən xəbərdarlıq da etmişdilər. Bunu həmişə demişik ki, İran görünən qüvvələr tərəfindən idarə olunmur.
Bir qədər əvvəl Cavad Zərifin də istefası bu həqiqətləri tam üzə çıxarır. Prezidentin istefa ərizəsini ali dini liderə təqdim etməsini ABŞ - ilə danışıqlar məsələsində aralarında yaranmış ziddiyyətlə əlaqələndirirlər. Dini lider danışıqların aparılmasının əleyhinə, Prezident isə lehinədir. Çünki danışıqların dayandırılması gərginliyi artıra və İsrailin, hətta ABŞ - nın İrana hərbi müdaxiləsinə qədər aparıb çıxara bilər ki, Məsud Pezeşkiyan da bu şəraitdə yaranacaq vəziyyətdə məsuliyyəti boynuna götürmək istəmir.
Əslində isə bir qədər əvvəl İran prezidentinin türk dili ilə bağlı verdiyi qərar bu gərginliyin əsl səbəblərindən biridir.
Doktor Pezeşkianın “konstitusion haqlarımıza əsaslanaraq Türkcənin tədris olunması ilə bağlı qərar verdik, qanunun yenidən məclisə göndərilməsinə gərək qalmadı” - formasındakı bəyanatının bu çalxantının səbəbi kimi ona qarşı təziq və təhdidləri aktivləşdirdiyini ortaya qoyur.
Cavad Zərif hətta istefasının səbəbini açıqlayarkən ailəsinin təhdid olunduğunu belə dilə gətirməkdən çəkinməyib.
Daxili gərginlik daha da artacaq və Məsud Pezeşkiyanın istefası qəbul edilməyəcək. Çünki qəbul edilsə baş verəcəkləri ali dini lider gözəl bilir. Ancaq Pezeşkiyan mühafizəkarlara, şüubiyyənin gizli servislərinə də ram olmayacaq.
İstefa reallaşarsa Pezeşkiyan və tərəfdarları, seçiciləri aktiv və daha çevik müxalif cəbhə formalaşdıra bilər ki, bununla da daxili təlatümlər rejimin çökməsinə qədər davam edər.