Hindistan Pakistana
qarşı hərbi əməliyyata başlayıb. Ötən gecə İslamabad cavab raket zərbəsi endirib.
Hindistan
Müdafiə Nazirliyi Pakistanda 9 hədəfə ümumilikdə 9 raket zərbəsi endirdiyini
bildirib. Yeni Dehli xüsusi olaraq vurğuladı ki, hədəflər Pakistan hərbi
obyektləri deyil:
"Pakistanın
heç bir hərbi obyektinə hücum edilməyib. Hindistan məqsəd və üsul seçimində
kifayət qədər təmkin nümayiş etdirib".
ISPR
(Pakistan Silahlı Qüvvələrinin media və ictimaiyyətlə əlaqələr qanadı) baş
direktoru Əhməd Şərif Çaudri bildirib ki, Hindistanın raket zərbəsi nəticəsində
Pakistanın Kotli şəhərində iki mülki şəxs həlak olub. Şərqi Əhmədpur şəhərində ən
azı 12 nəfər yaralanıb. Çaudri Hindistanın iki məscidi vurduğunu iddia edir.
Daha sonra Pakistan Müdafiə Nazirliyi 8 mülki vətəndaşın öldüyünü bildirib.
Pakistan rəsmiləri
bildiriblər ki, ölkə ordusu iki Rafale təyyarəsi də daxil olmaqla beş Hindistan
qırıcısını vurub.
Pakistanın
cavabı
Pakistanın
baş naziri Şahbaz Şərif Hindistanın hücumunu müharibə aktı adlandırıb.
"Pakistanın Hindistanın tətbiq etdiyi bu müharibə aktına qəti şəkildə
cavab vermək hüququ var və qətiyyətli cavab artıq verilib" deyə X-də
yazıb.
Pakistan da
hava məkanını 48 saat müddətinə bağlayıb və Hindistanın Kəşmirdəki sərhəd bölgələrinə
cavab verib. Ölkənin silahlı qüvvələri Hindistan ordusu briqadasının qərargahını
vurduqlarını bildiriblər. Samaa TV-yə mənbə bildirib ki, Pakistan ordusu
Hindistan hərbi briqadasının yerləşdiyi ərazini məhv etməklə cavab verib. Onun
sözlərinə görə, zərbələr “düşmən mövqelərində” çoxsaylı hədəflərə endirilib.
Hindistan hakimiyyəti Pakistanın hücumu nəticəsində iki qadının yaralandığını
bildirib.
Dünyanın reaksiyası
ABŞ prezidenti
Donald Tramp Hindistan və Pakistan arasında münaqişənin gərginləşməsini “rüsvayçılıq”
adlandırıb və onun tezliklə həllinə ümid etdiyini bildirib.
BMT Baş
katibi Antonio Quterreşin sözçüsü Stefan Dujarrik deyib ki, Quterreş
Hindistanın hərbi əməliyyatından son dərəcə narahatdır. O, hər iki ölkəni
maksimum hərbi təmkin nümayiş etdirməyə çağırıb.
Reuters mənbələrə
istinadən xəbər verir ki, Hindistan hakimiyyəti Rusiya, ABŞ, Böyük Britaniya, Səudiyyə
Ərəbistanı və BƏƏ nümayəndələri ilə əlaqə saxlayıb, onları Pakistana qarşı əməliyyat
barədə məlumatlandırıb. Yeni Dehli Pakistan ərazisinə endirilən zərbələrdən
sonra ABŞ dövlət katibi Marko Rubio ilə söhbəti təsdiqləyib.
Hindistan
insanlığa qarşı müharibə aparır.
İnsidentdən dərhal sonra Hindistan “Hind Suları Müqaviləsi”ndə iştirakını
dayandırıb və Hind çayının Pakistana axınının qarşısını kəsib.
Hindistanın bu qərarı birbaşa olaraq insanlığa qarşı yönəlik bir addımdır.
Çünki Pakistanın su ehtiyatları əsasən mənbəyi Hindistanda olan çaylar hesabına
formalaşır. Ona görə də “Hindistan Suları Müqaviləsi”nin birtərəfli qaydada dayandırılması
milyonlarla pakistanlını ölümə məhkum etməkdir.
Çox təəssüf ki, bu həssas və vacib məqama nə BMT, nə də digər ölkələr diqqət
ayırırlar. Bu da onu göstərir ki, Cammu və Kəşmirdə baş verənlər təsadüfi
deyil, planlaşdırılmış bir insidentdir.
Nəzərə alaq ki, bu ilin əvvəllərində Hindistanın rəsmi dairələrində təkcə
Pakistana qarşı deyil, bütün müsəlman dünyasına qarşı çirkin kampaniya
başlayıb.
Belə ki, Hindistan parlamenti 2025-ci il aprelin 3-də Vəqflər haqqında
qanunu qəbul edib. Sözügedən qanunda müsəlman dini və
xeyriyyə fondlarının (vəqflərin) idarə olunmasında ciddi dəyişikliklər nəzərdə
tutulur. Qanun ölkə daxilində geniş müzakirələrə və etirazlara səbəb olub.
Sözügedən qanuna əsasən, dini fondların idarəetmə şuralarında ən azı iki
qeyri-müsəlman təmsil olunmalıdır. Üstəlik, yeni qanunla dini fondların baş
icraçı direktoru vəzifəsinə qeyri-müsəlmanların təyin olunması mümkün olacaq.
Bundan əlavə, Vəqflər haqqında qanun uzun müddət dini məqsədlərlə istifadə
olunmuş əmlakların dini fondların əmlakı kimi tanınması prinsipini ləğv edir.
Əgər bir əmlakın Vəqf və ya dövlət mülkiyyəti olduğu ilə bağlı mübahisə varsa,
bu barədə qərarı yerli hakimlər verəcək.
Qanun,
xüsusilə müsəlman icmaları və müxalifət partiyaları tərəfindən ciddi tənqid
olunub. Çünki bu dəyişikliklər dini idarəetməyə müdaxilə deməkdir. Üstəlik,
yeni qanun layihəsi bir çox tarixi məscid və dini obyektlərin hüquqi statusunu
təhlükə altına qoyur. Ən çox narahatlıq doğuran məqam isə ondan ibarətdir ki,
sözügedən qanun Vəqf əmlaklarının dövlət tərəfindən ələ keçirilməsi riskini
artırır.
Bu səbəbdən, qanunun qəbulundan sonra Hindistanın müxtəlif bölgələrində, o cümlədən
Murşidabad və Tripurada etiraz aksiyaları keçirilib. Bu aksiyalar zamanı bir neçə nəfər
həlak olub və çox sayda insan həbs edilib.
Bu isə onu deməyə əsas verir ki, Hindistan Pakistanla münasibətləri gərginləşdirməklə
həm də islamafob qərarlarını pərdələməyə çalışır.
Dehli nəyi planlaşdırır?
Məlum olduğu kimi 2 il sonra Hindistanda növbəti seçkilər keçiriləcək. Baş
nazir Modi də seçki hazırlıqlarına indidən başlayıb. Xatırladaq ki, 2019-cu ildə
də seçkilər ərəfəsində Cammu və Kəşmirin Pulvama bölgəsində Hindistanın CRPF (Mərkəzi
Ehtiyat Polis Qüvvələri) konvoyuna hücum edilib və 40-dan çox Hindistan əsgəri həlak
olub.
Bundan sonra
sərhəddə toqquşmalar başlayıb və radikal ritorika seçən Modi seçkilərdə qalib gəlməyi
bacarıb.
Göründüyü kimi tarix təkrar olunur. Hindistan hökuməti radikal ünsürlərin
faşist istəklərini alovlandırmaqla yenidən çoxsaylı seçicinin rəğbətini
qazanmaq istəyir. Amma bu olduqca qorxunc bir oyundur. Əhalisinə görə dünyanın ən
böyük ölkəsi olan Hindistanda bu cür şovinist addımlar milyonlarla insanın
ölümünə səbəb ola bilər. Eyni zamanda Asiyada yeni və çox qorxulu müharibənin
alovlanması mümkündür.
Bu münaqişə kimlərə sərf edir?
Hindistanın qeyri-insani və məsuliyyətsiz addımları çox təəssüf ki, beynəlxalq
ictimaiyyət tərəfindən heç də lazımi səviyyədə diqqətə alınmır. Əksinə, bəzi
dövlətlər açıq şəkildə Cammu və Kəşmirdə baş verən insidentin qlobal müharibəyə
çevrilməsinə çalışırlar.
Bunun üçün hər iki tərəfi qızışdıracaq məsuliyyətsiz və əsassız bəyanatlar
getdikcə çoxalır. Amma bu tip bəyanatlar səsləndirənlər bir acı reallığı unudur
ki, qarşı-qarşıya gələn ölkələrin hər ikisi nüva silahına sahibdir. Yəni, ən
xırda məsuliyyətsiz addım dünyada ilk nüvə müharibəsinin başlamasını qaçılmaz
edəcək.
News365.az