Dədəqorqud və Bahar qəsəbələrinin sakinləri illərdir ciddi yol problemi ilə üz-üzədir. Paytaxtın Zığ-Aeroport şosesi kənarında yerləşən bu qəsəbələrdən magistral yola çıxmaq mümkündür, lakin geri, yəni qəsəbəyə giriş yolu mövcud deyil. Bu səbəbdən sakinlər hər gün kilometrlərlə əlavə yol qət etməyə məcbur qalırlar.
News365.az xəbər verir ki, sakinlərin sözlərinə görə, qəsəbələrə nə taksi, nə də təcili yardım maşınları daxil ola bilir. Xəstə və yaşlı insanlar, məktəbə və işə gedənlər böyük çətinliklə üzləşirlər. Uşaqlar bağçaya, tələbələr universitetə, vətəndaşlar isə işə vaxtında çata bilmirlər. Yağışlı günlərdə isə ictimai nəqliyyat qəsəbəyə girməkdən imtina edir.
Qəsəbə sakini bildirir: “İnanırsız, burdan bir dənə çıxış var, girişimiz yoxdu. Ya gedib Hövsandan qayıtmalısan, ya da Türkandan. Bu da həm vaxt itkisi, həm də əlavə xərclər deməkdir.”
Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov bildirir ki, yaşayış massivləri yerləşən ərazilərdə magistral yolların kənarında giriş-çıxış təmin olunması mütləqdir: “Əhalinin sayı və məskunlaşmanın miqyası nəzərə alınmaqla, köməkçi yollar və ya keçidlər vasitəsilə birbaşa giriş-çıxış mümkündür.”
Avtomobil Yolları Dövlət Agentliyi isə məsələyə münasibət bildirərək vətəndaşlardan rəsmi şəkildə müraciət daxil olacağı təqdirdə ərazinin araşdırılıb cavablandırılacağını qeyd edib.
Sakinlər isə illərdir davam edən bu problemin artıq real həllini tapmasını istəyirlər. Onların əsas tələbi birbaşa giriş yolunun açılmasıdır ki, nəhayət, yaşadıqları yerə qayıtmaq onlar üçün əziyyətə çevrilməsin.