Gözəllikdən və sevgidən yaranan güc: Müharibə kölgəsində Zəhra və dörd qəhrəmanın taleyi

Gözəllikdən və sevgidən yaranan güc: Müharibə kölgəsində Zəhra və dörd qəhrəmanın taleyi
09:46

                             

Uşaqlığın qayğısız illəri

   

    Bakı şəhəri... Abşeronun Novxanı qəsəbəsi... Hər yay Xəzərin sakit sularında üç uşaq -üç dost azadlıqla üzərdi: biri gələcəyin  Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə, biri mərd ruhlu Ənvər Nuriyev, digəri isə Ənvər Nuriyevin bacısı zamanla ailəsinin dayağına çevriləcək, gözəlliyi ilə seçilən Zəhra Nuriyeva idi.  Onlar birlikdə üzür, uşaqlığın qayğısız anlarından zövq alırdılar. Hələ gələcəyin nə gətirəcəyindən xəbərsiz idilər. Uşaqlığın saf, qayğısız və xoşbəxt vaxtlarında bilmirdilər ki, gələcəkdə onların həyat yolları fərqli istiqamətlərə ayrılacaq - kimisi ağır sınaqlarla üz-üzə qalacaq, kimisi isə taleyin ona bəxş etdiyi ümidlərlə irəliləyəcək.

 

                                                 *      *        *       *       *        *       *

Kazımov Qasım Xaliq oğlu ilə yarım qalmış tale

     Qohum olduqlari üçün bir-birlərinə yaxşı bələd olan  Zəhra və  Qasım sevib-sevilərək saf ailənin təməlini qoyurlar. Bu sevgidən Tamilla adlı qız övladı dünyaya gəlir. Zootexnik-aqronom olan Qasım Kazımov, yalnız torpağın, heyvanların dilini deyil, kitabların da ruhunu anlayan ziyalı idi. O dövrdə geniş dünyagörüşü və zəngin mütaliəsi ilə seçilən Qasım, Fransız yazıçısı Ferdinand Duchêne’nin “Tamilla” romanını oxuyarkən sadəcə bir ədəbiyyat əsərinə deyil, azadlıq və cəsarət uğrunda mübarizə aparan bir taleyə şahid oldu. Əsərdə Kabil qəbiləsinin içində sıxışdırılmış, amansız adət-ənənələrə boyun əyməyən Tamillanın üsyankar ruhu, onun dərin cəsarəti və azadlıq eşqi Qasımın qəlbini sarsıtdı. Elə bu sarsıntının təsiri ilə də o, dünyaya yeni gələn qızına Tamilla adını verdi. Bu ad, onun üçün yalnız bir qəhrəmanın deyil, eyni zamanda azad fikrin, yenilməz iradənin və qadın cəsarətinin simvoluna çevrildi. Zəhra ilə həyat yoldaşı Qasımın arasında sarsılmaz bir sevgi vardı. Bu sevginin ən parlaq şahidi isə onların qızı – balaca Tamilla idi. Cəmi üç yaşlı Tamilla üçün atasının hər axşam işdən qayıdanda onu çiynində daşıması, qucağını açıb “gəl-gəl” deyə çağırması, onu sevindirmək üçün oyuncaq əvəzi gətirdiyi diri quzular – hamısı saf və əvəzolunmaz xatirələrə çevrilmişdi. 

    Amma bu xoşbəxt günlər uzun çəkmədi. 1941-ci ildə Qasım müharibəyə çağırıldı. Zəhra yeganə körpə qızı ilə tək qaldı, bir müddət sonra da  tif xəstəliyinə yoluxdu. Bütün bu çətinliklərə rəğmən, onun ümidini yaşadan Qasımın cəbhədən göndərdiyi məktublar idi. Hər məktubda qızının halını soruşur, ailəsinə duyduğu həsrəti sevgi və ümid dolu sözlərlə çatdırırdı. Lakin 1942-ci ilin payızında  məktublar dayandı.. Bir müddət sonra isə evə “qara məktub” gəldi…  Qasım itkin düşmüşdü.  Nə Zəhra, nə də kiçik 4 yaşlı Tamilla Qasımın varlığından doya bildi – onun gedişi ilə sanki zaman dayandı, sevgi yarımçıq, xatirələrsə əbədi oldu. Bütün bu çətinliklərə baxmayaraq Zəhra qızına ana da, ata da oldu; soyuq gecələrdə bir dilim çörəyi bölüşdülər, xırda barmaqla sayılan çörək qırıntıları ümidə dönən dualara büründü. Heyif ki, Kazımov Qasım Xaliq oğlunun bir məzarı belə yoxdur… Amma hər il 9 Mayda  ailəsi, nəvələri və bütün doğmaları   – onun ruhuna dua edir, adını hörmətlə anırlar. 

 

                                                 *      *        *       *       *        *       *

                                                                Yenidən doğan günəş

     Keşməkeşli illər bir-birini əvəz edirdi. Həyat Zəhradan çox şeyi almışdı:  ömür yoldaşını, gələcək xəyallarını… Amma eyni zamanda ona ikinci bir həyat fürsəti də bəxş etdi.

   1947-ci ilin əvvəllərində Zəhra tikinti materialları kombinatında baş mühəndis işləyən  İsfəndiyar adlı şəxslə işlə bağlı məhkəmədə tanış olur. İsfəndiyar Zəhranı ilk dəfə gördüyü an,  bütün qəlbini elə bir güclü sevgi təsir altına aldı ki, sanki dünyada yalnız o qadın var idi. Digər hər şey – insanlar, səslər, rənglər – mənasız və solğun görünürdü. O andan etibarən Zəhranın sevgisini qazanmaq üçün illərlə mübarizə apardı. Hər fürsətdə yaxınlaşmağa, söhbət etməyə çalışdı. Lakin Zəhra qətiyyətli şəkildə uzaq dururdu. Deyirdi: “Mən ömrümü yalnız qızıma həsr etmişəm.” Zəhra  əsl ana kimi düşünür, onun üçün ən vacib məsələ qızını böyütmək, ona güclü və azad bir gələcək təmin etmək idi. İsfəndiyar nə qədər israr etsə də, Zəhra bu məsuliyyəti və ana sevgisini hər şeydən üstün tuturdu. Və qətiyyətlə razılaşmırdı.  İsfəndiyar isə başqa bir qadını düşünə bilməzdi, o Zəhranı ilk gördüyü andan onunla ailə qurmaq istəyirdi. Nə qədər çalışsa da, Zəhra razı olmurdu. Amma İsfəndiyar geri çəkilmədi – qətiyyəti ilə hər gün bir addım daha yaxınlaşdı. Bu sevgi, bu səbr tədricən Zəhranın buzlarını əritməyə başlayırdı. Zəhra qətiyyən təkbaşına qərar vermədi. Həm öz ailəsinin, həm də mərhum ərinin yaxınlarının fikrini önəmli saydı. İsfəndiyar onlarla görüşdü, özü haqqında danışdı və ailələr tərəfindən böyük rəğbət qazandı. Yalnız bu razılıqdan sonra Zəhra İsfəndiyarın sevgisini qəbul etməyə başladı. İsfəndiyar bu xəbəri evdəkilərə deyəndə əvvəlcə böyük narazılıqla qarşılandı: “Sən subaysan, dul qadınla ailə qurmağın uyğun deyil” deyərək qohumları bu evliliyə razı olmadılar. Lakin o heç kimi dinləmədi Zəhranı  niğaha  apararaq  ailənin təməlini qoydular. Sonralar Zəhranı tanıyan qohumları da ona heyran oldular, onun bacarıqları hər kəsi heyrətləndirirdi. Zəhra toxuma və tikiş sənətində misilsiz bacarığa malik idi. Gözəl paltarlar, çantalar, paltolar, süfrələr tikir-əlinin dəydiyi hər şey incəsənətə çevrilirdi. O, yalnız sadə tikişlər yaratmırdı, hər tikişi və toxunuşu, gül şəkilləri və müxtəlif naxışlarla bəzəyərək  bir sənət əsərinə çevirirdi, əl işlərinə naxışlar və ornamentlər vuraraq sənətkarlığını nümayiş etdirirdi. Əllərinin məharəti təkcə tikişlə və toxuma ilə məhdudlaşmırdı-o, həm də dadlı xörəklər və ləzzətli mürəbbələr, təamlar bişirərək ailəsini sevindirirdi. Hər detalında incəlik və ustalıq vardı, hər işi sevgi və zəhmətlə yoğrulurdu. O, sadəcə bir evdar qadın deyildi-ailəsinin dayağı, sənətin və kulinariyanın əsl ustası idi.  

    Zəhra və İsfəndiyar hər il müxtəlif guşələrə səyahətlər edir, səfərlərini birgə xatirələrə çevirirdilər. Onlar yalnız bir ailə deyildilər, eyni zamanda ziyalı həyat tərzinin və mədəniyyətə olan dərin bağlılığın simvolu idilər. Kino, teatr, sərgi və konsertlər şəhərdə keçirilən hər bir mədəni tədbirdə mütləq iştirak edirdilər. Hər gün evlərinə 7-8 növ qəzet – həm Azərbaycan, həm də rus dilində  daxil olurdu. Hər ay saysız-hesabsız jurnallar onların masası üzərində düzülürdü. Bütün səyahətlərini, həyatın hər anını birgə yaşamağa üstünlük verirdilər. Hətta xəstəxana palatalarında belə bir-birlərindən ayrılmır, birlikdə qalırdılar.  İsfəndiyar ancaq  işlə bağlı ezamiyyətlərə tək gedərdi. Bu sevgi, bu birlik o qədər dərindi ki,  yaxınları və tanışları arasında bir əfsanəyə çevrilmişdi. Həm Zəhranın, həm də İsfəndiyarın ailələri bu bağlılığa heyranlıqla baxır, bu eşqə qibtə edirdilər.  Onların sevgisi artıq yalnız ailə münasibətlərinin çərçivəsindən çıxaraq, bir həyat fəlsəfəsinə, sevgi və sədaqətin ən mükəmməl nümunəsinə çevrilmişdi. Zəhranın taleyinə həyat elə yazılmışdı ki, müharibə onun qarşısına iki simada gəldi: biri – Vətən uğrunda itkin düşən Qasım, digəri isə bu keşməkeşli yolu aşan ailənin dayağına çevrilən İsfəndiyar və sanki Zəhra İlahi tərəfindən bu missiyaya seçilmişdi.

 

                                                 *      *        *       *       *        *       *

Axundov İsfəndiyar Ələkbər oğlunun həyat yolu

     İsfəndiyar Axundovun həyat yolu, təkcə bir zabitin bioqrafiyasından daha artıqdır; o, dövrünün ən çətin sınaqlarında ürəklərdə iz qoymuş səssiz qəhrəmandır. 1913‑cü ildə Goranboy rayonunun Ağamalıoğlu kəndində doğulan İsfəndiyar, ilk təhsilini elə orada-öz qardaşı, Məşdi müəllimin şagirdi kimi aldı. 1938‑ci ildə İsfəndiyar, Tiflis şəhərindəki Zaqafqaziya Dağ‑Metallurgiya İnstitutunun dağ‑mədən fakültəsini bitirir və Donbasda Şaxtada mühəndis, sonra da şaxta müdiri işləmişdir. Naxçıvan MSSR‑in Şaxtaxtı kəndində dağ karxanasının direktoru və SSRİ Sənaye Şurasının tikinti materialları qrupunun rəhbəri kimi çalışmışdı. Hər yeni vəzifə ona yalnız peşəkar yük yox, həm də insan övladına xidmət missiyası yükü gətirirdi. Müharibə çağırışı gələndə isə İsfəndiyar, artilleriya komandirliyinə keçid edərək ən ön cəbhələrdən birinə—Berlinə gedən zəfər yoluna yazıldı. 842‑ci alayla birlikdə keçdiyi döyüş yolları, onun qəlbindəki mərdlik və vətən eşqinin ən parlaq ifadəsi oldu. 1946‑cı ildə orden‑medallarla bəzənmiş zabit rütbəsi ilə ordudan tərxis edilən İsfəndiyar, bu dəfə Mərkəzi Komitənin inspektoru kimi ölkəsinin intellektual inkişafına xidmət etməyə davam etdi. İsfəndiyar müharibədə topçu kimi xidmət edirdi – ön cəbhədə düşmənin nəfəsini kəsən, hər atəşi ilə həm yurdunu qoruyan, həm də tarix yazan bir qəhrəman idi. Gözlərini qırpmadan alovun içinə atılan bu igid, neçə-neçə əsgərin həyatını xilas etmişdi.

    İsfəndiyar Axundov “Sovet İttifaqı Qəhrəmanı” olmalı idi, amma olmadı… çünki o siyahını imzalamalı olan əllərdən biri erməni idi. Və yenə o tanış xislət – İsfəndiyarın haqqına kölgə saldı, reallaşmasına mane oldu. Amma xalqın könlündə o, çoxdan öz “Qəhrəman” adını almışdı. Çünki əsl qəhrəmanlar rütbə ilə deyil, yaddaşla yaşar. İsfəndiyarın döyüş meydanındakı fədakarlığı, canını sipər etməsi, yüzlərlə insanın həyatını xilas etməsi onun “Sovet İttifaqı Qəhrəmanı” adına layiq olduğunu danılmaz edirdi. Bəli, bu da bir həqiqətdir: ön cəbhədəki düşmən gülləsi yetmirmiş kimi, arxa cəbhədəki erməni xisləti də susmamışdı.

     İsfəndiyarın  müharibə yolu təkcə səngərlərlə, barıt qoxusu ilə deyil, həm də qəlbinin səsi ilə dolu idi. O, ölümün nəfəs aldığı səngərlərdə belə, dəftərçəsini çıxarıb yaşadığı hər anı yazırdı. Bircə anlıq sükutdan istifadə edib baş verənləri kağızlara köçürürdü. Onun gündəliyi — sadəcə yazı yox, bir əsgərin iç dünyası, ümidsizliyə qarşı dirənişi, gələcək nəsillərə ünvanlanmış səssiz bir fəryad idi. Bəlkə də bu dəftərçə sayəsində o, öz ruhunu qoruyub saxlaya bilmişdi; çünki yazdıqca yaşayırdı, yazdıqca dözürdü. Bu gündəlik indi tariximizin sakit, amma ən səmimi şahidlərindən biridir.

      İsfəndiyar Axundovun gündəliyindən: “22.05.1945. Bir çox cürbəcür xəbərlər eşidirik. Gah deyirlər Vətənə gedəcəyik, gah deyirlər ki, uzun müddət burada qalmalıyıq. Hələ qəti olaraq, bir əsaslı şey yoxdur. Lager işini möhkəmlətməklə məşğuluq.” Döyüş meydanlarında keçən günlərin izləri təkcə səngərlərdə deyil, qəlbin ən dərin qatlarında qalır. Bəzən sözə çevrilməyən hisslər, yalnız bir əsgərin titrək əli ilə yazdığı sətrə sığar. İsfəndiyar Axundov hər zaman deyərdi: “Ölümdən qorxmuram, çünki mən müharibə keçmişəm. Müharibədən sonra Allah nə ömür veribsə,  o mənə hədiyyədir.” Bu mənalı ömür yolu göstərir ki, İsfəndiyar Axundov üçün ən böyük medallar - insanlara bilik vermək, sınaqlara sinə gərmək və sevgi ilə bağlanmış ailə dəyərlərini yaşatmaq medalları idi. 

    Axundov  müasir düşüncəsi, dərin mədəniyyəti və zövqlü görkəmi ilə hər zaman seçilirdi. Zahiri görünüşündə Avropa üslubu ilə parlayırdı: yay-qış fərq etmədən başında klassik şlyapa, sinəsində zövqlə seçilmiş və xüsusu sancaqla bərkidilmiş qalstuk, əynində ütülü kostyum, sifətində isə həmişə səliqəli təraş. Onun bu xarakterik duruşu təkcə geyim seçimi deyil, düşüncə tərzinin də göstəricisi idi. İsfəndiyar və Zəhra cütlüyünün  ümumi övladları olmasa da, İsfəndiyar Zəhranın qızına ata, nəvələrinə isə mərhəmətli bir baba kimi sahib çıxmışdı. O Zəhra xanımın övlad və nəvələrini, nəticələrini  öz canından ayırmamışdı - öz övladları kimi  ata nəvazişi, baba mərhəməti ilə yanaşmışdı. Bu sevgi, soy bağından yox, ruh bağından doğan əbədi  miras idi. Onun Zəhra ilə qurduğu sevgi və hörmət dolu həyatı, insanın ürəyində həm qürur yaradır, həm də gözlərimizi doldurur. 

                                                 *      *        *       *       *        *       *

Mehdi Hüseynzadə və Ənvər Nuriyev : uşaqlıqdan səngərə

 

    Zəhranın qardaşı Ənvər Nuriyev  və uşaqlıq dostu Mehdi Hüseynzadə də 1941-ci ildə cəbhəyə yollanırlar. Ənvər mərdliklə vuruşaraq, vətənə olan sevgisini və borcunu yerinə yetirərək, müxtəlif mükafatlar və medallarla təltif olunur. Onun medalları və mükafatları, müharibədəki şücaətini və peşəkar xidmətlərini simvolizə edir. Vətəninə, ailəsinə və dostlarına çox bağlı olan Ənvər vətən qarşısında borcunu göstərdiyi şücaətlərlə layiqincə yerinə yetirir. Bir vaxtlar eyni məhlədə, eyni daşların üstündə gülüş səsləri ucalan Ənvər və Mehdi… bir  çörəyi, bir arzunu bölüşən iki uşaq… İllər keçdi, oyun meydanlarını səngərlər əvəzlədi. İndi isə onların addım səsləri torpağın səsinə qarışır, səngərlərdə yan-yana yox, amma ürək-ürəyə döyüşürlər. Uşaqlığın təmizliyini, gəncliyin coşqunluğunu və insanlıq heysiyyətini qorumaq üçün. Onlar təkcə əsgər deyil – keçmişin və gələcəyin qoruyucusudurlar. Cəsarətin ən pak, ən səmimi rəmzidirlər. Mehdi Hənifə oğlu Hüseynzadə (Mixaylo) İkinci Dünya müharibəsi zamanı Sovet İttifaqı Qəhrəmanı olmuş bir partizan idi. Kəşfiyyat-təxribat qrupunun rəhbəri kimi, döyüş meydanında göstərdiyi cəsarət və strateji bacarığı ilə tanınmışdır.  1944-cü ildə həyatını itirən Mixaylo, öz igidliyi və vətən sevgisi ilə əbədi olaraq yaddaşlarda qalmışdır. Onun Ənvər Nuriyev ilə olan dostluğu isə onların bir-birinə olan hörmət və dəstəklərinin təzahürü idi. Bu dostluq, hər iki şəxsin bir-birini anlamaq, dəstəkləmək və həyatda qarşılaşdıqları çətinlikləri birlikdə aşmaq mövqeyində olan bir əlaqə idi. Həm Ənvər Nuriyev, həm də Mehdi Hüseynzadə, müharibə və çətinliklərə qarşı mübarizələrinin simvolları olaraq cəmiyyət tərəfindən yüksək qiymətləndirilir və onların dostluğu, bir çox insan üçün ilham mənbəyi olmuşdur. 

                                                 *      *        *       *       *        *       *

Kazımova Tamilla Qasım qızı və övladları

   Zəhranın qızı Tamilla anasının mərdliyini və ləyaqətli ömrünün mirasını layiqincə daşıyaraq böyüyür və  memar ixtisasına savadlı şəkildə yiyələnir. O, həddi-buluğa çatır və ailə həyatı qurur. Müharibənin kölgəsində böyüyən bu güclü qadın zamanla üç övlad anası olur: Gülər, Elxan və Aygün. Onun qurduğu ocaqda keçmişin ağrıları ilə yanaşı, gələcəyin ümidi də boy atır - bu adlar bir nəslin susmayan səsi, tarixə yazılan davamıdır. Tamillanın qurduğu ailə ocağı, Zəhranın izlərini daşıyan, amma gələcəyə doğru işıq saçan bir yaddaşdır.

  Tamilla xanımın övladlarının xatirələrindən: “Hər il 25 apreldə evimizdə iki ad gününü birgə qeyd edərdik – anamızın və babamızın. Bu təsadüf deyildi, sanki, tale onları bir doğum günündə birləşdirmişdi. Amma bizim evdə başqa bir gün vardı ki, o gün babamız üçün bayramların ən böyüyü idi – 9 May Qələbə Günü. Zəhra xanım İsfəndiyarla ailə qurduqdan sonra, hər il 9 Mayın qeyd edilməsi bir ənənəyə çevrilmişdi. Bu ənənəni nənəmiz Zəhra xanımdan sonra anamız Tamilla xanım layiqincə davam etdirib. Gözümüzü açan gündən bu tarix bizim üçün xüsusi olub. Hər 9 Mayda nənəmiz eyni sevgi və qayğı ilə xörək bişirər, babamız isə medalları və ordenləri ilə süfrə başına əyləşərdi. O, 9 Mayda  xüsusi bir hazırlıqla, medallarını və ordenlərini taxaraq, o günü xüsusi əhval-ruhiyyə ilə keçirərdi. Müharibə xatirələri ilə yaşayan babamız, qohumlar, dostlar və uşaqlar ətrafında həmin günü qeyd edərdi. O gün evimizə qələbə ruhu, xatirələr və qürur dolardı. Babamız səhər tezdən süfrənin başında oturar, anamız isə  şirniyyatlar, cürbəcür xörəklər bişirərdi. Süfrədə nə yox idi ki – xüsusi  təamlar, anamızın əllərindən çıxan o unudulmaz dadlar… Amma bütün bu təmtəraq babamızın təvazökar ruhuna çatmazdı. Babamızın qələbəsi yalnız Berlinə qədər uzanan zəfər yolu deyildi. O, evimizin, ailəmizin, bütün bir nəslin yaddaşını yaşadan adam idi. Onun üçün 9 May sadəcə bir tarix deyildi, ömür boyu sinəsində daşıdığı dost itkisi, səngər səsi, yazdığı dəftərlərdə donmuş xatirələr idi. O dəftər – müharibə səngərlərində yazılan o kiçik gündəlik – bu gün bizim evimizin ən qiymətli yadigarıdır. O dünyasını dəyişəndə evimizə neçə-neçə yad adamlar gələrək, “əmi görünmür?” deyə soruşurdular. O şahmatı oynamağı öyrətmişdi bizə və bizim övladlarımıza, habelə, çoxlarına, doğuldugu Goronboyu da babamız tanış etmişdi şahmatla.  O, sadəcə ailəmizin babası deyildi, o, bizim nəslimizin babası idi. İndi biz hər 9 Mayda onun qəbrini ziyarətə gedirik – güllərlə, dua ilə. Evə qayıdıb süfrə açırıq. O gündə babamızın başına yığılanları, danışılanları xatırlayırıq. Bu ənənə deyil artıq – bu, bir müqəddəs borcdur. Babamızın ruhu indi bizimlədir. Biz onun danışdıqlarından öyrəndik ki, Qələbə sadəcə güllə ilə qazanılmır – səbr, mərdlik və susaraq yaşatmaqla da qazanılır. Hər 9 Mayda onun ruhu ilə birgə ayağa qalxırıq. Və bilirik ki, o gün bizim üçün bir tarix deyil – bir ömürlük minnətdarlıqdır.” 

                                                 *      *        *       *       *        *       *

Teymur Atayevin qələmindən

     Təkcə ailəsi yox, cəmiyyətin də böyük hörmətini qazanan İsfəndiyar Axundov haqqında yazılmış fikirlər onun yüksək  şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Tanınmış publisist və politoloq Teymur Atayevin qələmindən süzülən bu sətirlərdə İsfəndiyar Axundovun xarakteri, döyüş ruhu və insani dəyərləri aydın şəkildə əks olunur.

   Teymur Atayev yazır: “ 1942-ci ilin mayında onu yenidən hərbi komissarlığa çağırdılar – bu dəfə cəbhə xəttinə göndərmək üçün. Tbilisi Artilleriya Məktəbində altı aylıq kurs keçdikdən sonra o, daha dörd nəfərlə birlikdə Rusiyanın Belqorod vilayətində yerləşən Stariy Oskoldakı hərbi qərargaha təyinat aldı. Burada artilleriyaçılar tank bölməsinə yönləndirildilər, baxmayaraq ki, özləri etiraf edirdilər: Heç vaxt tanka oturmamışıq. Onlara sadəcə belə dedilər: Heç nə olmaz, gedin tank hazırlıq kursuna. Tankda olmaq onlar üçün çətin idi – İsfəndiyar havasızlıqdan boğulmağa başlayırdı, çünki bu şəraitə vərdiş etməmişdi. Qərargaha qayıtdıqdan sonra tank bölməsində xidmət etməkdən imtina etdiyini bildirdi. Maraqlıdır ki, o, bu qərarına görə piyada qoşunlarına göndərilməklə hədələnməkdən qorxmadı. Bəlkə də onun qətiyyəti nəticə verdi: nəhayət, ona dedilər – Gedirsən artilleriyaya.”

                                                 *      *        *       *       *        *       *

Qəlblərdə yaşayan Qələbə

 

      Müharibə təkcə səngərlərdə deyil, evlərin içində, anaların göz yaşlarında, körpələrin atasız böyüyən illərində yaşandı. O illərdə elə bir ev yox idi ki, bir şəkil küncdə donub qalmasın, bir səs illərlə eşidilməsin. Hər ailə bir parçasını itirdi – bəzisi oğlunu, bəzisi ərini, bəzisi isə ömrünün sevincini. Amma xalq olaraq, bir ürək kimi döyündük, hər nəfəsdə vətənin adını çəkdik, hər damla qanla qələbəyə bir addım atdıq. Bu torpağın hər qarışı yalnız igidlərin deyil, anaların duası, uşaqların susqun baxışları ilə də sulandı. Unutmayaq… çünki bu qələbə yalnız tarix deyil – bu, bir millətin qəlbində daşıdığı acı və qürurun eyni səhnədə səssiz qışqırığıdır. Müharibə bizə öyrətdi ki, insan həyatı misilsizdir. O dörd il, o aclıq, o itkilər, o sükut dolu gecələr bir daha xatırladır: sülhün, ailə məhəbbətinin, qarşılıqlı hörmətin qiyməti ödənilməzdir. Zəhra və İsfəndiyarın hekayəsi isə sübut edir ki, ən çətin anlarda belə insan ruhu dirənir, sevgi insanı ucaldır. Xatırlayın, anlatın, yaşadın. Çünki yaddaş nəslin ən qiymətli sərvətidir. Ürəkdən verdiyiniz hörmət, sevgi və diqqət o xatirələri gələcək nəsillərə ötürən körpüdür.

                                                 *      *        *       *       *        *       *

Keçmişdən gələn yadigar

   Xəzər dənizinin  sahilində başlayan o uşaqlıq gülüşləri, müharibənin ayırdığı yollar, acılar və yenidən doğulan eşq – bütün bunlar bir ömür boyu yanımızda olacaq. Zəhra və İsfəndiyarın sevgisı göstərdi ki, insan ürəyi nə qədər sınağa məruz qalsa da, saf məhəbbət və inam hər zərbədən sonra daha güclü dirçələ bilər. Onların ailəsi, onların xatirəsi, dəyərləri – hər göz yaşında, hər təbəssümdə yaşamağa davam edir. Hər birimizə nümunədir bu ailə: sevmək, hörmət etmək, xatırlamaq. Onlar aramızda olmasalar da, ruhları şad olsun deyə ürəklərdə əbədi qonaqdır. Hər dəfə “səni unutmamışam” kəlmələri dilə gəldikcə, hər göz yaşı bir dua kimi ucalır göylərə. Unutmayaq ki, sülh, sevgi və həmrəylik hər birimizin öhdəsindədir. Zəhra və İsfəndiyar daima bizimlədir – hər paylaşdığımız xatirədə, hər ürəkdən gələn duada. Keçmişin ağır izləri, bu günümüzün əsasını təşkil edir. Biz yeni nəsil olaraq, həm döyüşçülərin, həm də ölümlə üzləşən hər bir insanın qəhrəmanlıqlarını unutmamalıyıq. Onların yaşadığı acılar, bizim üçün sadəcə tarix deyil, həyatımızın ən dərin hissələrində yaşamalıdır. Hər il bu günü qeyd edərkən, onlara rəhmət oxumaq və onların bizə verdiyi dəyəri bir daha xatırlamaq borcumuzdur. Qələbənin, döyüşün və müharibənin acılarını unutmamalı, hər zaman gələcək nəsillərə bu xatirələri çatdırmalıyıq. Qəlbimizdə onları sonsuz rəhmət, təşəkkür və sevgi ilə xatırlayırıq. Unutmaq, bizim gələcəyimizə xəyanət etmək olardı. Onlar bu dünyadan köçsə də, biz  xatirələrini yaşatmağa borcluyuq. Onların çəkdiyi əzab, bizim azadlığımızın zəmanətidir. Gələcək nəsillər də bu mübarizəni, bu qələbəni hər zaman uca tutmalıdır. Bu, sadəcə keçmişə hörmət deyil, gələcəyə olan məsuliyyətimizdir. Unutmayaq ki, keçmişin qanlı izləri və şanlı qələbələri, bizə həyatın nə qədər qiymətli olduğunu, zamanın necə acı və möcüzələrlə dolu olduğunu və hər bir anın dəyərini göstərir. Bu acıların arasında itirdiklərimizi, qazanılan zəfərləri sevgi və hörmətlə gələcək nəsillərə danışmalı, onların yaddaşına yazmalıyıq. Və nə qədər sevə bilsək, o qədər zənginik, nə qədər xatırlasaq, o qədər yaşayırıq…..

Məryəm Bağırova





                                                                   


Sizin reklam burada
Sizin reklam burada