"İrana təzyiqlər nəticə vermədi, problemlər daha da artdı"- Elşad Həsənov

"İrana təzyiqlər nəticə vermədi, problemlər daha da artdı"- Elşad Həsənov
11:55

"Yaxın Şərqdəki gərginlik və İran ətrafında baş verən proseslər beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır".

Bunu News365.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib.

Politoloq hesab edir ki, İran əleyhinə həyata keçirilən təzyiqlərə baxmayaraq, regionda bir sıra yeni problemlər yaranıb və mövcud münaqişələr hələ də həllini tapmayıb:

“Silahlı qarşıdurma başlayanda əsas hədəf İranın nüvə proqramının məhdudlaşdırılması və ballistik raket istehsalının dayandırılması idi. Müharibədən sonra isə Hörmüz boğazı məsələsi gündəmə gəldi. Nəticədə problemlər həll olunmadı, əksinə, daha da artdı”.

Ekspertin sözlərinə görə, Hörmüz boğazı ətrafında yaranmış vəziyyət İran iqtisadiyyatına ciddi təsir göstərsə də, Tehran müxtəlif yollarla neft ixracını davam etdirə bilir:

“İran bu gün də müəyyən marşrutlar vasitəsilə neft satışını həyata keçirir. Xüsusilə Çin bazarı Tehran üçün əsas istiqamətlərdən biri olaraq qalır. Bu fakt beynəlxalq ictimaiyyətə də məlumdur”.

Elşad Həsənov hesab edir ki, ABŞ və müttəfiqlərinin İrana qarşı əlavə təzyiq imkanları məhduddur. Onun fikrincə, tərəflər arasında qarşıdurma davam etsə də, problemin tam həlli istiqamətində ciddi nəticələr əldə olunmayıb.

Politoloq həmçinin bildirib ki, müharibədən sonra enerji bazarlarında qeyri-müəyyənlik artıb, neftin qiyməti yüksəlib və bu, qlobal iqtisadiyyata mənfi təsir göstərib.

“Enerji bazarlarında yaranan vəziyyət həm istehlakçılar, həm də iqtisadiyyatlar üçün əlavə risklər yaradır. Neftin bahalaşması bir sıra ölkələrdə inflyasiya təzyiqlərini də artırır”, – deyə o qeyd edib.

Ekspert ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı son açıqlamalarına da diqqət çəkib. Onun sözlərinə görə, Tramp strateji əhəmiyyət daşıyan bu su yolunun bütün ölkələr üçün açıq qalmasının vacibliyini vurğulayıb.

“Tramp bildirib ki, Hörmüz boğazı beynəlxalq əhəmiyyətə malikdir və heç bir ölkə onun üzərində tam nəzarət qurmağa çalışmamalıdır. O, həmçinin Omanın İranla boğazın idarə olunması və mümkün rüsum mexanizmləri ilə bağlı müzakirələr aparmasından narazılığını ifadə edib”, – deyə Elşad Həsənov əlavə edib.

Politoloqun fikrincə, Hörmüz boğazı ətrafında davam edən gərginlik yaxın perspektivdə də beynəlxalq siyasətin əsas müzakirə mövzularından biri olaraq qalacaq.


Sizin reklam burada
Sizin reklam burada