Maaşını vaxtında ala bilməyənlərin nəzərinə: Hər gün üçün kompensasiya düşür

Maaşını vaxtında ala bilməyənlərin nəzərinə: Hər gün üçün kompensasiya düşür
12:23

Azərbaycanda işçilərin ən çox qarşılaşdığı problemlərdən biri də əməkhaqlarının vaxtında ödənilməməsidir. Qanunvericilik bu məsələdə işəgötürənin üzərinə ciddi öhdəliklər qoyur və maaşın gecikdirilməsi işçiyə əlavə ödəniş tələb etmək hüququ verir.

Mövzu ilə bağlı News365.az-a danışan Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirib ki, əməkhaqqı mütləq müqavilədə göstərilən vaxtda ödənilməlidir:

"Son dəyişikliklərə əsasən, əməkhaqqı ayda bir dəfə ödənilir. Tərəflərin razılığı ilə bu ödəniş ayda iki dəfə (avans və qalıq maaş şəklində) də edilə bilər. Əsas şərt vaxta əməl olunmasıdır. Əgər gecikmə işəgötürənin təqsiri ucbatından baş verirsə, qanunla hər gecikdirilmiş günə görə işçiyə azı 1 faiz məbləğində kompensasiya ödənilməlidir. Bu tələb qanunvericilikdə və Konstitusiya Məhkəməsinin qərarında konkret əksini tapıb".

Ekspert qeyd edib ki, reallıqda işçilər çalışdıqları müddətdə bu hüquqdan nadir hallarda istifadə edirlər:

"İşçilər adətən işdən çıxdıqdan sonra məhkəməyə müraciət edərək son haqq-hesab və gecikdirilmiş maaşın kompensasiyasını tələb edirlər. İşlədikləri vaxt isə münasibətləri korlamamaq üçün mübahisə yaratmırlar. Yalnız gecikmə aylarla davam etdikdə məsələ ictimailəşir".

S.Məmmədov onu da əlavə edib ki, əgər gecikmə bank problemi və ya fors-major hallardan qaynaqlanırsa, bu zaman işəgötürən məsuliyyət daşımır.


Sizin reklam burada
Sizin reklam burada