"İran-ABŞ-İsrail gərginliyi oyun nəzəriyyəsi prizmasından dəyərləndirilir"- Fərhad Mehdiyev

"İran-ABŞ-İsrail gərginliyi oyun nəzəriyyəsi prizmasından dəyərləndirilir"- Fərhad Mehdiyev
07 Apr 2026 11:43

Hazırkı İran-ABŞ-İsrail gərginliyi yalnız diplomatik danışıqlar və siyasi açıqlamalarla deyil, həm də strateji hesablamalar və oyun nəzəriyyəsi prizmasından qiymətləndirilir. Ekspertlər qeyd edirlər ki, tərəflər öz davranışlarını məntiqi qaydalar və maraqlarına uyğun şəkildə müəyyən edir, hər addım qarşı tərəfin reaksiyasını nəzərə alır. Bu kontekstdə, münaqişənin gedişi, hərbi müdaxilə imkanları və regional təsirlər oyun nəzəriyyəsinin prinsipləri ilə izah oluna bilər.

News365.az xəbər verir ki, Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev TV365 kanalında yayımlanan verilişdə İran-ABŞ münasibətlərini şərh edib.

Professor Mehdiyev bildirib ki, müasir müharibələrdə oyun nəzəriyyəsi geniş tətbiq olunur və tərəflər məntiqi davranışlara əsaslanaraq öz maraqlarını qoruyurlar. Onun sözlərinə görə, İran-İsrail-ABŞ-Avropa münasibətləri də bu nəzəriyyə çərçivəsində qiymətləndirilir.

Ekspert diqqət çəkib ki, hazırda ABŞ-ın İran ərazisinə quru qoşun göndərməsi real görünmür. Mehdiyev bildirib ki, İranın sərhədləri dağlıq və müdafiə üçün əlverişli mövqelərlə əhatələnib, Bəndər Abbas bölgəsi istisna olmaqla, ərazi hərbi əməliyyatlar üçün çətinlik yaradır. Eyni zamanda, İran coğrafiyası vertolyot əməliyyatları və gizlənmə üçün əlverişli şərait yaradır ki, bu da müdaxiləni çətinləşdirir.

Professor vurğulayıb ki, ABŞ və İsrailin quru qoşunu təkbaşına göndərməsi böyük siyasi risklər doğurur və Avropa ölkələri münaqişəyə birbaşa qoşulmaq istəmir. Onun sözlərinə görə, müharibədən iqtisadi olaraq ən çox Avropa zərər çəkir, çünki enerji mənbələri məsələsində məhdudiyyətlərlə üzləşir.

Fərhad Mehdiyev qeyd edib ki, müharibənin uzunmüddətli davam etməsi Avropa iqtisadiyyatına ciddi təzyiq yarada bilər və bölgədə vəziyyət diqqətlə izlənilməlidir.


Sizin reklam burada
Sizin reklam burada