Yaxın Şərqdə ABŞ və İran arasında əldə edilən müvəqqəti atəşkəs yalnız hərbi qarşıdurmanı dayandırmaqla kifayətlənmir.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli News365.az-a açıqlamasında bu razılaşmanı həm də yeni diplomatik konfiqurasiyanın formalaşması baxımından mühüm hadisə kimi qiymətləndirib.

Deputatın sözlərinə görə, atəşkəsin əldə edilməsində Pakistanın baş naziri Şahbaz Şərif mühüm vasitəçi rolunu oynayıb. Onun təşəbbüsləri ənənəvi ikitərəfli mexanizmlərdən fərqli olaraq regional balansı təmin etməyə yönəlib. İran–ABŞ qarşıdurması sadəcə ikitərəfli münaqişə kimi qiymətləndirilə bilməz; bu, artıq çoxsəviyyəli və çoxvektorlu geosiyasi qarşıdurmaya çevrilib.
Mirzəbəyli qeyd edib ki, ABŞ və İsrailin hərbi fəaliyyəti, enerji təhlükəsizliyi ilə bağlı risklər və Hörmüz boğazı üzərindəki təzyiq bölgənin qlobal iqtisadiyyatına birbaşa təsir göstərirdi. Belə bir kontekstdə atəşkəsin əldə olunması genişmiqyaslı müharibə ssenarisinin qarşısını almaq baxımından vacibdir.
Deputat həmçinin vurğulayıb ki, Pakistanın vasitəçilik təşəbbüsü strateji əhəmiyyət daşıyır. İslamabad həm Çin, həm Qərb, həm Türkiyə, həm də digər müsəlman ölkələri ilə balanslı münasibətlər saxladığından, bu prosesdə neytral və etibarlı platforma rolunu oynaya bilir. Bu, yeni diplomatik platformanın həm böhran idarəetməsi, həm də alternativ güc mərkəzlərinin koordinasiya nöqtəsi olma potensialını göstərir.
Eyni zamanda Mirzəbəyli Azərbaycanın rolunu önəmli hesab edir. Son illərdə həyata keçirilən balanslaşdırılmış xarici siyasət və regional əməkdaşlıq təşəbbüsləri Bakı üçün etibarlı tərəfdaş imicini gücləndirib. Xüsusilə 44 günlük müharibədən sonra formalaşan yeni reallıqlar, Azərbaycan–Pakistan əlaqələrinin güclənməsi və yüksək etimad mühitinin mövcudluğu vasitəçilik prosesində dolayı şəkildə mühüm rol oynayır.
Deputatın fikrincə, atəşkəs həm də Azərbaycan üçün yeni imkanlar pəncərəsi açır. Regionda gərginliyin azalması kommunikasiya xətləri, o cümlədən Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin təmin olunmasına, Tehran ilə daha praqmatik və maraqlara əsaslanan münasibətlərin qurulmasına şərait yaradır. Eyni zamanda Türkiyənin prosese qatılması, Ankara–İslamabad–Bakı xəttində yeni siyasi sinerjinin formalaşmasına və regionda stabilləşdirici amilə çevrilməsinə töhfə verə bilər.