“İnsanlıq süni intellekt səbəbilə 95% ehtimalla məhv olacaq”.
Bu sensasion açıqlama “The Times” qəzetinə Maşın İntellekti Tədqiqat İnstitutunun prezidenti Neit Soares tərəfindən verilib.
Soares xəbərdarlıq edir ki, dünya “saatda 160 km sürətlə uçuruma doğru gedir”.
Onun sözlərinə görə, vəziyyət süni intellektin insan səviyyəsində düşünmə qabiliyyətinə çatması ilə tamamilə dəyişəcək. O zaman İİ (Süni intellekt) təlimə ehtiyac duymadan, bütün məlumatları yeni “nəsillərə” ötürərək inkişaf edəcək.
Daha sonra “süper intellekt” formalaşacaq – o, xərçəngi sağalda, termonüvə sintezini idarə edə və ulduzlara səyahət edə biləcək. Amma bu mərhələdə süni intellekt artıq insanın əmr və göstərişlərinə tabe olmayacaq.
“AI Impacts” adlı tədqiqat qrupunun həmtəsisçisi Katya Qreyss isə daha qaranlıq ssenariyə diqqət çəkib:
“İnsanlar zibilliklərdə yaşamağa məcbur olacaq. Nə siyasi, nə iqtisadi gücümüz qalacaq, nə də baş verənləri anlaya biləcəyik. Bu, o qədər sürətlə baş verəcək ki, nəzarət imkanımız olmayacaq”.
Alimlər süni intellektin inkişafının dərhal dayandırılmalı olduğunu düşünür. Onların fikrincə, bütün risklər qiymətləndirilmədən bu texnologiyanın irəliləməsi bəşəriyyət üçün faciəvi sonluqla nəticələnə bilər.
Bu xəbər texnologiyanın gətirdiyi möhtəşəm imkanlarla yanaşı, onun insan nəzarətindən çıxacağı təqdirdə qarşıya çıxacaq ciddi riskləri bir daha gündəmə gətirir.