1992-ci il fevralın 26-da Xocalıda şəhid olanların xatirəsi ehtiramla yad edilir
Ermənistan separatçılarının Qarabağ münaqişəsi
zamanı xüsusi qəddarlıqla törətdiyi Xocalı qətliamı Ermənistanın Azərbaycan
xalqına qarşı apardığı işğalçı siyasətdə ən qanlı ləkədir. Xatırladaq ki, 26
fevral 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən Xankəndində
məskunlaşmış 366-cı keçmiş sovet motoatıcı alayının dəstəyi ilə Azərbaycan
Xocalı şəhərinin sakinlərinə qarşı soyqırımı aktı həyata keçirilmişdir. Qanlı
qırğınlar nəticəsində dinc əhaliyə qarşı 613 nəfər qətlə yetirilmiş, 487 nəfər
yaralanmış, 1275 nəfər əsir götürülmüşdür. Onların bir çoxu əsirlikdən geri
qayıtmayıb, onların taleyi haqqında heç nə məlum deyil.
Bu
faciə nəticəsində Xocalı şəhəri böyük dağıntılara məruz qalmış və şəhər
sakinləri arasında geniş miqyasda insan itkiləri olmuşdur. İşğalın nəticəsində
Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14
məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq
muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar
yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb. Xocalı
soyqırımı, bir çox insanın həyatını itirməsi ilə yanaşı, həm də çox sayda
insanın öz doğma yurdlarını tərk etməsinə səbəb olub. Bu faciə, həm
Azərbaycanın, həm də beynəlxalq cəmiyyətin yaddaşında dərin izlər buraxmışdır.
Xocalı, tarixdə insanlıq əleyhinə törədilən ən böyük cinayətlərdən biri olaraq
qeyd olunur.
Xocalı
1988-1992-ci illərdə mühasirə vəziyyətində oldu. Bu müddətdə Xocalının yeganə
nəqliyyatı hava nəqliyyatı idi. Xocalı faciəsinə 4 ay qalmış o nəqliyyat da
kəsildi. Ermənilər dəflərlə hava nəqliyyatı vasitəsilə səpdikləri vərəqələrdə
xocalıları qorxuzurdular ki, burada məhv ediləcəksiniz. Ona görə də vaxtında
tərk edin Xocalını. Amma bir nəfər də olsun yerini tərk etmədi. Xocalının o
vaxtkı rəhbərləri bununla bağlı Bakıya gəlib Mərkəzi Komitəyə müraciət etmiş,
müxtəlif yerlərə vəziyyət barədə məlumat vermişdilər. Bütün bunlar hamısı
cavabsız qalmışdı. Ümumiyyətlə, bu gün Xocalı faciəsilə bağlı cavabsız suallar
çoxdur.
Təəssüf
ki, ilk zamanlarda bir çox beynəlxalq təşkilat bu faciəni lazımi şəkildə
tanımadı və buna dair adekvat tədbirlər görülmədi. Bununla yanaşı, Xocalı
soyqırımı Azərbaycanın müstəqillik mübarizəsinin və Qarabağ münaqişəsinin ən
ağrılı səhifələrindən biri olaraq qalır. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi
dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş
qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə
təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən
ağır cinayətlərdən biridir. Bu gün də bir çox qüvvələr çalışırlar ki, bu
cinayəti unutdursunlar. Hər halda, Xocalı soyqırımın təşkilatçılarının layiqli
cəza alacaqları günə çox az qalıb. Hamı tərəfindən qəbul edilmiş Siyasi
prinsiplər "soyqırımı" termini ilə çox ehtiyatlı davranmağa çağırır,
lakin Xocalı buna bənzər bir şey yaşamalı oldu. Azərbaycanın apardığı
diplomatik mübarizə, beynəlxalq hüququn və ədalətin tələb etdiyi şəkildə Xocalı
soyqırımını tanıyan çoxsaylı dövlətlərin və beynəlxalq təşkilatların qəbul
etdiyi qərarlarla bu məsələnin dünya miqyasında işıqlandırılmasına böyük
töhfələr vermişdir. Təşkilatçılara qarşı ədalətin bərpa olunması, yalnız
Azərbaycanın deyil, bütün bəşəriyyətin qanunun aliliyinə və insan hüquqlarına
olan inamını gücləndirəcəkdir.
Bu
günə qədər Xocalı soyqırımının tanınması üçün bir çox ölkə, təşkilat və insan
hüquqları qurumları tərəfindən müvafiq addımlar atılıb və bu istiqamətdə
mübarizə hələ də davam edir. “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı və
müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadır.
“Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına 2008-ci ildə start
verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir.
100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial
şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar
və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan
səmərəli vasitələri təşkil edir. Uğurlu diplomatik səylər və Azərbaycanın
möhkəm iradəsi ilə, təşkilatçılarının layiqli cəzalarını alacağına inam
böyükdür
1992-ci
il fevralın 26-da Xocalıda şəhid olanların xatirəsi ehtiramla yad edilir. Ulu
Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı
soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının
26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı
qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.
Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə
“Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30-cu
ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilmişdir. Yürüşdə dövlət və
hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə, agentlik
və şirkət rəhbərləri, dini konfessiyaların başçıları iştirak etmişlər. Siyasi
dialoqun təzahürü olaraq yürüşdə dövlət rəsmiləri ilə yanaşı, ölkədə fəaliyyət
göstərən müxtəlif siyasi partiyaların nümayəndələri də iştirak etmişdir. Dünya
azərbaycanlıları Azərbaycanın Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı
törədilən faciəli hadisələrin qurbanlarının 33-cü ildönümündə dua edir.
Müzəffər
Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə
qalmadı. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında
qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib
gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman
ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının
da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il
sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli
antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı
şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu,
həmçinin Azərbaycanın Qarabağ regionunda ərazi bütövlüyünün bərpa olunmasının
simvolik bir addımıdır. Prezident İlham Əliyevin Xocalı şəhərində bayraq ucaltması,
həmçinin 1992-ci il Xocalı soyqırımının acılarını xatırlatmaqla yanaşı,
Azərbaycan xalqının bu faciəyə qarşı birləşdiyini və ölkənin bütün ərazilərində
sabitlik və inkişafı təmin etmək niyyətini vurğulamış oldu. Bu hadisə,
Xocalının azad olunmasının və Azərbaycanın ərazi bütövlüyünün bərpasının
əhəmiyyətini göstərən mühüm bir rəmzdir.
Səyavuş Qasımov
Avrasiya Universitetinin
rektoru,