İnsan dünyaya gələndə ona ad verirlər. Milliyyət verirlər. Din, dil, ailə, kimlik verirlər. Amma bunların heç biri insanın həqiqi mahiyyətini tam müəyyən etmir. Çünki insanın əsl kimliyi ona verilənlərdə deyil, onun nəyi seçdiyində gizlidir. Hər insan bir gün həyatın qarşısında dayanır və görünməyən bir sualla üz-üzə qalır: “Sən əslində kimsən?” Bu sualın cavabı pasportda yazılmır. Diplomda görünmür. Sosial şəbəkələrdə paylaşılmır. Bu sualın cavabı insanın qorxduğu anda nə etdiyi ilə, itirmək təhlükəsi qarşısında nəyi qoruduğu ilə müəyyən olunur. Tarixə diqqətlə baxanda görürük ki, insanlıq iki yerə bölünüb: rahat yaşamaq istəyənlər və həqiqəti yaşamaq istəyənlər. Çünki həqiqət çox vaxt rahat olmur. İnsanların böyük hissəsi həyatını təhlükəsizlik üzərində qurur. İşini itirməkdən qorxur, cəmiyyətin qınağından qorxur, təklikdən qorxur, xarici görünüşünü itirməkdən qorxur, nüfuzunu itirməkdən qorxur. Buna görə də çoxları zamanla öz vicdanı ilə cəmiyyət arasında gizli bir müqavilə bağlayır: “Sus, rahat yaşa.” Məhz buna görə tarix boyu ən təhlükəli insanlar silahlı insanlar olmayıb. Ən təhlükəli insanlar düşünən və qorxmadan danışan insanlar olub. Çünki fikir bəzən ordudan daha güclüdür. Sokrat Afina küçələrində insanlara sadəcə suallar verirdi. Amma həmin suallar bütöv bir sistemi narahat etdi. Çünki insan düşünməyə başlayanda artıq idarə olunması çətinləşir. Nəticədə ona ölüm hökmü verildi. Maraqlıdır ki, qaçmaq imkanı olduğu halda qaçmadı. Zəhəri içərək öldü. Çünki o bilirdi: bəzən insanın bədəni yaşayır, amma şəxsiyyəti ölür. O isə bədənini yox, şəxsiyyətini qorumağı seçdi. Tarixdə bunun kimi yüzlərlə nümunə var. Qaliley teleskopla göyə baxdı və gördüyünü dedi. Amma insanlar həqiqəti eşitmək istəmirdi. Çünki həqiqət onların qurduğu dünyanı dağıdırdı. Onu susdurmağa çalışdılar. Çünki insanlıq çox vaxt həqiqəti yox, rahat yalanı seçir. İmam Hüseyn (ə) isə başqa bir həqiqəti göstərdi: Bəzən say çoxluğu haqlı olmaq demək deyil. Kərbəla sadəcə bir hadisə deyildi. O, insan ləyaqətinin faciəsi idi. Bir tərəfdə hakimiyyət, ordu və güc vardı. Digər tərəfdə isə az sayda insan və vicdan. Tarix göstərdi ki, bəzən fiziki olaraq məğlub olanlar mənəvi olaraq qalib gəlirlər. Çünki insanı böyük edən yaşadığı müddət yox, hansı prinsip uğrunda ayaqda qalmasıdır.
Müasir dövrdə isə insanın qarşısındakı ən böyük təhlükə artıq qılınc deyil. Ən böyük təhlükə kimliyini yavaş-yavaş itirməsidir. Bu dövrdə insanlar öz ruhlarını ucuz qiymətə satırlar: Bəyənilmək üçün. Qəbul olunmaq üçün. Karyera üçün. Pul üçün. Populyarlıq üçün. İnsanlar artıq həqiqi simalarını deyil, satıla bilən simalarını göstərirlər. Sosial şəbəkələrdə insanlar xoşbəxt görünürlər, amma gecələr sakitcə daxildən çökürlər. Çünki insan özünü oynaya-oynaya bir gün özünü itirir. Psixologiyada buna “daxili parçalanma” deyilir. İnsan düşündüyü ilə yaşadığı arasında böyük fərq yaradanda ruhunda görünməyən çat əmələ gəlir. Karl Yunq deyirdi ki, insanın ən təhlükəli tərəfi gizlətdiyi kölgəsidir. İnsan daim maska taxanda bir gün o maskanın altında kim olduğunu unudur. Maraqlıdır ki, insan beyni belə saxtakarlığı tam qəbul etmir. Harvard Universitetində aparılmış bəzi araşdırmalar göstərir ki, insan davamlı olaraq öz vicdanına zidd yaşadıqda stress hormonları artır, daxili narahatlıq və mənəvi boşluq hissi güclənir. Yəni vicdan sadəcə dini anlayış deyil, həm də psixoloji reallıqdır. Buna görə də tarixdə ən varlı, ən məşhur insanların bir çoxu daxilən bədbəxt olublar. Çünki insan ruhu pulla sakitləşmir. İnsan yalnız mənalı yaşadığını hiss edəndə daxilən rahat olur. Fyodor Dostoyevski insan ruhunun bu qaranlıq tərəfini çox dərindən anlayırdı. O deyirdi: “İnsan hər şeyə alışa bilər.” Bu cümlə həm qorxuludur, həm də həqiqətdir. İnsan zülmə də alışır. Yalana da alışır. Vicdansızlığa da alışır. Ən dəhşətlisi isə odur ki, insan zamanla öz alçalmasını normal qəbul etməyə başlayır. Məhz buna görə totalitar rejimlər əvvəlcə insanın düşüncəsini öldürməyə çalışır. Çünki düşünən insan təhlükəlidir. Corc Oruell bunu “1984” romanında dahiyanə şəkildə göstərmişdi. Orada insanlar həqiqəti unutdurulmuş vəziyyətdə yaşayırdılar. Çünki həqiqəti idarə edən insanı idarə edir. Quranda peyğəmbərlərin həyatına baxanda görürük ki, onların heç biri rahat həyat yaşamayıb. Çünki həqiqəti deməyin həmişə bədəli olub. Musa Fironun qarşısında dayandı. İbrahim oda atıldı. Məhəmməd peyğəmbər təhqir olundu, daşlandı, yaxınlarını itirdi. Amma onlar geri çəkilmədilər. Çünki bəzi insanlar üçün həqiqət həyatın özündən daha qiymətli olur. Əslində insanın böyüklüyü də burada başlayır. İnsan yalnız qazandıqları ilə böyümür. İnsan bəzən imtina etdikləri ilə böyüyür. Hər “yox” insanın xarakterini formalaşdırır. Hər prinsip insanın daxilində görünməyən bir sütun yaradır. Müasir cəmiyyət isə insanlara davamlı olaraq belə deyir: “Rahat yaşa. Çox düşünmə. Sürü ilə eyni istiqamətdə get.” Çünki fərqli düşünən insan həmişə narahatlıq yaradır. Nitsşe deyirdi: “Əjdahanı öldürən insan özü canavara çevrilməməyə diqqət etməlidir.” Bu fikir çox dərindir. Çünki insan bəzən zülmə qarşı mübarizə apararkən özü də zamanla zalımlaşa bilir. Tarix bunun nümunələri ilə doludur. İnqilab edənlərin bəzisi sonradan özləri diktatora çevriliblər. Deməli əsas məsələ yalnız sistemlə mübarizə deyil, insanın öz nəfsi ilə mübarizəsidir. Ən çətin savaş insanın öz daxilində gedən savaşdır.
İnsan hər gün öz vicdanı ilə danışır. Hər gün özü ilə gizli mübahisə edir. Bəzən gecə hamı yatanda insanın içində qəribə boşluq yaranır. Çünki insan ruhu həqiqəti bilir. İnsan bütün dünyanı aldada bilər, amma daxilindəki səssiz şahidi aldada bilmir. Viktor Frankl nasist düşərgələrində illərlə yaşamışdı. O yazırdı ki, insanın əlindən hər şeyi almaq olar, yalnız bir şeydən başqa: “Baş verən hadisəyə qarşı münasibət seçmək azadlığından.” Bu insanın son sərhədidir.
İnsan həqiqətən azad olanda yox, vicdanına xəyanət etməyəndə böyük olur. Çünki bəzi insanlar nəfəs alır, amma yaşamır. Bəzi insanlar isə əziyyət içində olsa belə, mənəvi olaraq ayaqda qalırlar. Və həyatın sonunda insanın yaddaşında nə pullar qalır, nə də alqışlar. Ən çox bir sual qalır: “Mən doğrudan da özüm kimi yaşaya bildimmi?”
Həsən Nağıyev, filosof