Azərbaycanda qadınların pensiya yaşının artırılması illərdir müzakirə mövzusu olsa da, xüsusilə ağır və məsuliyyətsiz sahələrdə çalışan xanımlarla bağlı fərqli yanaşmaların tətbiqi məsələsi yenidən gündəmə gəlir. Orduda və hüquq-mühafizə orqanlarında xidmət edən qadınların fiziki və psixoloji baxımdan daha çətin şəraitdə çalışdığı nəzərə alınarsa, onlar üçün pensiya yaşının azaldılması mümkün ola bilərmi?
News365.az xəbər verir ki,mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hazırda Azərbaycanda qadınların pensiya yaşı mərhələli şəkildə artırılaraq 65 yaşa çatdırılıb:
“Əvvəllər kişilərin pensiya yaşı 65, qadınların isə 63 idi. Sonradan qadınların pensiya yaşı hər il 6 ay artırılmaqla 65 yaşa çatdırıldı. Orduda və hüquq-mühafizə orqanlarında isə həm kişilər, həm də qadınlar üçün xidmət müddəti ayrıca qanunlarla tənzimlənir.
Silahlı qüvvələrdə və hüquq-mühafizə orqanlarında çalışan şəxslər müqavilə əsasında xidmət edirlər. Bu sahədə xidmət ağır fiziki hazırlıq, xüsusi intizam və ciddi məhrumiyyətlərlə bağlıdır. Ona görə də burada tətbiq olunan qaydalar mülki sahədən fərqlənir”.
Üzeyir Cəfərovun sözlərinə görə, əgər Azərbaycanda qadınlarını pensiya yaşının azaldılması ilə bağlı qərar qəbul olunarsa, bu məsələ orduda və hüquq-mühafizə orqanlarında çalışan qadınlara da şamil edilə bilər:
“Əlbəttə, mən ümumilikdə Azərbaycanda qadınlar üçün pensiya yaşının azaldılmasının tərəfdarıyam. Bu məsələ həllini taparsa, düşünürəm ki, orduda və hüquq-mühafizə orqanlarında xidmət edən qadınlara da tətbiq olunmalıdır”.
Ekspert hesab edir ki, xidmətin xarakteri nəzərə alınmaqla hərbiçi qadınlarla bağlı daha çevik sosial yanaşmanın tətbiqi gələcəkdə müzakirə mövzularından birinə çevrilə bilər./// KONKRET.az