İranın Hörmüz addımı Vaşinqtonu çətin vəziyyətdə qoydu

İranın Hörmüz addımı Vaşinqtonu çətin vəziyyətdə qoydu
10:16

Yaxın Şərqdə artan gərginlik və ABŞ-İran münasibətlərindəki qarşıdurma fonunda tərəflər arasında aparılan danışıqlar yenidən diqqət mərkəzinə çevrilib. Xüsusilə İranın nüvə proqramı, raket imkanları və bölgədəki fəaliyyətləri beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır.

Oqtay Qasımov News365.az-a açıqlamasında bildirib ki, ABŞ ilə İran arasında gərginlik başlamazdan əvvəl Vaşinqtonun Tehran qarşısında dörd əsas tələbi olub.

Onun sözlərinə görə, sonradan bu tələblərin sayı artırılsa da, əsas məsələlər İranın nüvə proqramının dayandırılması, raket arsenalının məhdudlaşdırılması, yüksək səviyyədə zənginləşdirilmiş uranın ölkədən çıxarılması və bölgədə proksi qüvvələrə dəstəyin dayandırılması idi.

Politoloq qeyd edib ki, müharibədən əvvəl nüvə proqramı ilə bağlı tərəflər arasında müəyyən yaxınlaşma müşahidə olunurdu və İranın mövqeyində qismən yumşalma hiss edilirdi. Lakin hərbi qarşıdurma başlayandan sonra vəziyyət dəyişib.

Oqtay Qasımov vurğulayıb ki, İran Hörmüz boğazını bağlamaqla və bölgədəki ABŞ hərbi bazalarına zərbələr endirməklə müqavimət imkanlarını qoruyub saxlayıb. O iddia edib ki, İranın istifadə etdiyi bəzi radioelektron, naviqasiya və kəşfiyyat sistemlərinin təminatında ChinaRussianın dəstəyi olub.

Ekspertin fikrincə, Hörmüz boğazının bağlanması bölgədə ciddi logistika problemləri yaradıb və minlərlə tanker ilə yük gəmisinin hərəkətinə təsir göstərib. Bundan sonra isə tərəflər arasında danışıqlar davam edib.

Politoloq əlavə edib ki, ABŞ İran tərəfinə 20 maddəlik plan təqdim edib, Tehran isə buna 14 maddəlik təkliflə cavab verib. Onun sözlərinə görə, xüsusilə nüvə proqramı və proksi qüvvələrə dəstək məsələsində tərəflərin mövqeləri bir-birindən kəskin şəkildə fərqlənir.


Sizin reklam burada
Sizin reklam burada