İnsan tarix boyu aclıqla, müharibələrlə, xəstəliklərlə mübarizə aparıb. Amma görünür, müasir dövr insanı başqa cür məhv edir. Bu dövr insanı güllə ilə yox, gecikmiş həyatlarla öldürür. Elə insanlar var ki, nəfəs alırlar, işləyirlər, gülürlər, danışırlar, amma daxilən həyatları başlayamamış bitib. Çünki insanın ən təbii arzularından biri olan “öz yuvasını qurmaq” hissi artıq sadə arzu deyil, ağır iqtisadi layihəyə çevrilib. Ən qəribəsi də budur ki, bəşəriyyət tarixdə heç vaxt bu qədər zəngin olmayıb. Dünyada texnologiya inkişaf edib, göydə peyklər dolaşır, süni intellekt yaranıb, insan Marsdan danışır. Amma eyni anda milyonlarla insan öz şəhərində kiçik bir evin xəyalını belə qura bilmir. Bu sadəcə iqtisadi problem deyil. Bu artıq sivilizasiyanın mənəvi böhranıdır. Bir zamanlar insanlar yoxsul idi, amma ümidli idilər. İndi isə bir çox insan işləyir, amma gələcəyə inanmır. Müasir insanın faciəsi kasıblıqdan çox, çıxış yolu görməməsidir. İnsan sabahın bu gündən fərqli olacağına inanmayanda ruh çürüməyə başlayır. Fəlsəfə tarixində insanın ən böyük ehtiyacının nə olduğu çox müzakirə olunub. Aristotel insanı “ictimai varlıq” adlandırırdı. Yəni insan tək yaşamaq üçün yaranmayıb. İnsan aid olmaq, sevmək, paylaşmaq üçün mövcuddur. Amma bugünkü sistem insanı elə bir nöqtəyə gətirib çıxarıb ki, o artıq sevgisini belə iqtisadi vəziyyətinə görə ölçür. İnsan hisslərini yaşamazdan əvvəl bank hesabına baxır. Çünki cəmiyyət ona öyrədib ki, “yetərincə imkanın yoxdursa, xoşbəxt olmağa haqqın da yoxdur.” Bu düşüncə insan ruhunda görünməz bir utanc yaradır. Xüsusilə kişilərdə. Çünki əsrlərlə kişiyə “yük daşıyan”, “qoruyan”, “təmin edən” obrazı yüklənib. O isə həyatın reallığı qarşısında aciz qalanda daxilində səssiz şəkildə sınmağa başlayır. Çöldən sakit görünən bir çox insan əslində özünü uğursuz hesab etdiyi üçün gecələr yata bilmir. Psixologiyada buna “sosial çatışmazlıq travması” deyirlər. İnsan özünü cəmiyyətin gözündə yarımçıq hiss edir. Hətta bəzən sevdiyi insandan belə uzaqlaşır, çünki ona “layiq olmadığını” düşünür. Ən təhlükəlisi də budur ki, insan zamanla arzularını öldürməyi öyrənir. Əvvəl “bir gün evim olar” deyir. Sonra “heç olmasa kirayə problemim olmasın” deyir. Daha sonra isə sadəcə “yetər ki, sakit yaşayım” nöqtəsinə düşür. İnsan ruhunun geriyə doğru kiçilməsi bundan başlayır. Tarixdə imperiyalar çox vaxt iqtisadi böhranla deyil, insanların gələcəyə ümidinin ölməsi ilə çöküb. Roma imperiyasının son dövrlərində insanlar ailə qurmaqdan qaçırdı. Çünki həyat ağırlaşmışdı, vergilər artmışdı, gələcək qeyri-müəyyən idi. Maraqlıdır ki, tarixçilər qeyd edir ki, bir cəmiyyətin çökməsinin ilk əlamətlərindən biri doğumun azalması və insanların ailə həyatından uzaqlaşmasıdır. Çünki insan sabaha inanmayanda övlad sahibi olmaq da istəmir. Uşaq dünyaya gətirmək bir növ gələcəyə səs verməkdir. Gələcəyə inam ölən yerdə isə həyat instinkti zəifləyir.
Müasir şəhərlər zahirdə işıqlıdır, amma daxilən yorğun insanlarla doludur. Minlərlə insan səhər tezdən oyanır, saatlarla işləyir, yorğun halda evə qayıdır, amma bütün bunların sonunda həyatının dəyişəcəyinə inanmır. Bu isə insan beynində ağır psixoloji boşluq yaradır. Çünki insan sadəcə yaşamaq yox, inkişaf etmək istəyən varlıqdır. Əgər insan illərlə yerində saydığını hiss edirsə, daxilində görünməz bir ümidsizlik böyüyür. Bəzi psixoloqlar deyir ki, uzun müddətli maddi stress insan beyninə müharibə effekti verir. Yəni insan davamlı təhlükə hissi yaşayır. Sabah kirayə necə ödənəcək?, Kredit necə bağlanacaq?, İş itərsə nə olacaq? Bu suallar insanın beynini heç vaxt tam sakit buraxmır. Nəticədə insan nə sevgini rahat yaşayır, nə də həyatdan zövq ala bilir. Ruh həmişə “təhlükə rejimi”ndə qalır. İslam dinində ailə sadəcə sosial institut yox, mənəvi sığınacaq hesab olunur. Quranda “sizin üçün özünüzdən taylar yaratdıq ki, onların yanında rahatlıq tapasınız” deyilir. Diqqət edin, burada var-dövlət yox, “rahatlıq” vurğulanır. Çünki insan ruhunun ən böyük ehtiyacı təhlükəsizlik hissidir. İnsan yalnız aid olduğu yerdə sakitləşə bilir. Amma bugünkü dünya insanı elə yorur ki, artıq insanlar evə yox, sadəcə tək qalmamağa ehtiyac duyurlar. Çünki müasir dövrdə ən böyük yoxsulluq bəzən maddi deyil, emosional yoxsulluqdur. İnsanlar danışmağa adam tapmır. Dərdini bölüşməyə çiyin tapmır. Böyük şəhərlərdə milyonlarla insan yaşayır, amma daxildə tənhalıq epidemiyası böyüyür. Maraqlı bir tarixi fakt qeyd etmək istəyirəm: Böyük Depressiya dövründə Amerikada insanlar iqtisadi çətinliklərə baxmayaraq bir-birinə daha çox bağlanırdı. Çünki ortaq ağrı insanları yaxınlaşdırırdı. İndi isə müasir sistem insanları həm yorur, həm də bir-birindən uzaqlaşdırır. İnsanlar artıq sevgini belə risk kimi görməyə başlayıb. Çünki emosional yük daşımağa da gücləri qalmayıb. Ən böyük faciə isə budur ki, insanın ömrü gözləməkdə keçir. “Bir az da səbr edim”, “bir az da pul yığım”, “şərait düzəlsin”, “işlər yaxşılaşsın”… Amma həyat insan hazır olanda başlamır. Həyat gözləyərkən keçir.
Bir gün insan güzgüyə baxıb anlayır ki, gəncliyi işləmək, çatdırmaq, borc ödəmək və ayaqda qalmaq uğrunda əriyib. Halbuki insan bu dünyaya sadəcə sağ qalmaq üçün gəlməyib. İnsan yaşamaq üçün gəlib. Sevmək, aid olmaq, nəfəsini bölüşmək üçün gəlib. Və bəlkə də müasir dünyanın ən böyük faciəsi budur ki, insanlar artıq xəyallarının arxasınca qaçmırlar. Sadəcə dağılıb tam məhv olmamağa çalışırlar.
Amma yenə də insan ruhunda qəribə bir inad yaşayır. Nə qədər yorulsa da, insan daxilində kiçik bir işığı qoruyur. Bir gün rahat nəfəs alacağına, bir gün evə qayıdanda içində sakitlik hiss edəcəyinə inanmaq istəyir. Çünki insan ruhu bütün dağıntılara baxmayaraq yenə də ümid üçün yaradılıb.
Həsən Nağıyev, filosof