Biz uşaqları idarə etməyə çalışırıq, yoxsa onları anlamağa?

Biz uşaqları idarə etməyə çalışırıq, yoxsa onları anlamağa?
09:57
Uşaq dünyaya gələndə sadəcə bir bədən doğulmur. Bir kainat doğulur. İçində qorxular, instinktlər, gizli potensiallar, gələcəyin şəxsiyyəti, bəlkə də gələcək bir alim, bir şair, bir sərkərdə, bir müəllim və ya sadəcə qəlbi təmiz bir insan doğulur. Amma cəmiyyət çox vaxt uşağa ruh kimi yox, idarə olunmalı bir obyekt kimi yanaşır. Ən böyük faciə də burada başlayır. İnsan tarix boyu uşaqları ya itaət etdirməyə, ya da “ideal” formaya salmağa çalışıb. Spartada uşaqlar zəif görünəndə qayalardan atılırdı. Çünki dövlət üçün mərhəmətdən daha vacib şey güc idi. Orta əsrlərdə uşağın şəxsiyyət kimi qəbul olunması anlayışı demək olar yox idi. XVIII əsrə qədər Avropanın bir çox yerində uşağa “kiçik insan” yox, “yarımçıq varlıq” kimi baxılırdı. Hətta bəzi ailələrdə uşağın emosiyaları təhlükəli hesab olunurdu. Çünki hiss edən insan itaət etməkdə çətinlik çəkir. Amma tarix qəribə şəkildə hər dəfə eyni həqiqəti sübut etdi: zorla böyüdülən insan ya qorxaq olur, ya zalım. Sevgisiz böyüyən insan isə ya özünü məhv edir, ya başqalarını. Bu gün neyropsixologiya sübut edir ki, uşağın beynində ilk illərdə formalaşan emosional mühit onun bütün gələcək həyatını dəyişə bilir. Maraqlıdır ki, uşağın beynində təhlükə hissi yarandıqda öyrənmə sistemi zəifləyir. Yəni qorxu ilə idarə olunan uşaq itaət edə bilər, amma daxilən inkişaf etmir. Çünki insan beyni təhlükədəykən yaradıcılığı yox, sağ qalmağı seçir. Bəlkə də buna görə tarixdə ən qəddar rejimlər itaətkar insan yetişdirməyə çalışıb. Çünki azad düşünən insan qorxu ilə idarə olunmur. Adolf Hitler dövründə Almaniyada uşaqların tərbiyə sistemi belə qurulmuşdu: hiss yox, itaət. Sual yox, əmr. Nəticədə milyonlarla insan düşünməyi deyil, kor-koranə tabe olmağı öyrəndi. Bu isə göstərdi ki, yanlış tərbiyə təkcə bir uşağın yox, bütöv cəmiyyətin faciəsinə çevrilə bilər. Şərq fəlsəfəsində isə başqa bir baxış vardı. Qədim sufilər deyirdi ki, “İnsan ruhu zorla açılan qapı deyil.” Mövlana insanın daxilinə sevgi ilə toxunmağın vacibliyindən danışırdı. Çünki insanın ruhu sərtliklə yox, anlaşılmaqla dəyişir. İslam düşüncəsində də uşağa münasibət sadəcə tərbiyə məsələsi deyil, əmanət məsələsi sayılırdı. Hz. Məhəmmədin (s.a.s) uşaqlarla davranışı bunun ən böyük nümunələrindən biridir. O dövrdə insanlar uşaqları ciddi qəbul etmədiyi halda, o, uşaqlarla salamlaşır, onları dinləyir, səhvlərinə görə alçaltmırdı. Çünki insanın şəxsiyyəti uşaqlıqda qırılırsa, sonradan sadəcə maskalar yaşayır. Psixologiyanın ən ağır həqiqətlərindən biri budur ki, insan uşaqlığında necə sevildiyini ömrü boyu daxilində daşıyır. Əgər uşaq sevgini yalnız uğur qazananda görürsə, böyüyəndə özünü daim sübut etməyə çalışacaq. Əgər yalnız sakit olanda qəbul olunursa, bir gün öz hisslərini boğmağı öyrənəcək. Əgər daim müqayisə edilirsə, daxilində heç vaxt susmayan natamamlıq hissi yaranacaq.
Bəzi uşaqlar çox danışır, çox hərəkət edir. Cəmiyyət onları “problemli” adlandırır. Halbuki bəzən bu uşaqlar sadəcə həyat enerjisini daşıyan insanlardır. Məktəblərin böyük hissəsi isə hələ də 19-əsr sənaye modelinə əsaslanır: hamı eyni vaxtda danışmalı, eyni vaxtda susmalı, eyni cür düşünməlidir. Amma təbiətin özü belə standart deyil. Meşədə bütün ağaclar eyni boyda olmur. Çayla dağ eyni ritmdə yaşamır. İnsan ruhu niyə eyni olmalı idi? Carl Jung deyirdi ki, “İnsan başqasına çevrilərək yox, özünə çevrilərək tamamlanır.” Amma biz uşaqları çox vaxt özlərinə yox, başqalarına bənzətməyə çalışırıq. Sakit uşağı danışdırmağa, enerjili uşağı susdurmağa, xəyalpərəst uşağı “reallığa qaytarmağa” çalışırıq. Halbuki tarixdə dünyanı dəyişən insanların böyük hissəsi uşaqlığında “uyğunsuz” hesab olunan insanlar idi. Albert Einstein məktəbdə zəif şagird sayılırdı. Müəllimləri onun gec inkişaf etdiyini düşünürdü. Vincent van Gogh həyatı boyu “normal” insan hesab olunmadı. Fyodor Dostoyevski epilepsiya xəstəsi idi və dərin psixoloji sarsıntılar yaşayırdı. Amma məhz o “uyğunsuz” ruhlar insanlığın düşüncə sərhədlərini dəyişdi. Çünki insanın fərqli olması xəta deyil. Bəzən fərqlilik gələcəyin başlanğıcıdır.
Ən böyük səhvlərdən biri uşağın davranışını görüb ruhunu görməməkdir. Aqressiv uşaq bəzən sadəcə qorxur. Susqun uşaq bəzən çox incə hiss edir. Diqqət istəyən uşaq bəlkə də daxilində görünməmək qorxusu yaşayır. İnsan davranışı çox vaxt qışqıran bir ehtiyacdır. Freydin məşhur fikirlərindən biri vardı: “İfadə olunmayan emosiyalar heç vaxt ölmür.” Uşaq vaxtı susdurulan hisslər illər sonra depressiya, aqressiya, narsisizm və ya daxili boşluq kimi geri qayıdır. Buna görə də bəzi insanlar böyüyür, amma daxilindəki yaralı uşaq heç vaxt böyümür. Müasir dövrün ən böyük paradoksu budur ki, texnologiya inkişaf etdikcə insan ruhu daha çox unudulur. Məktəblər qiymət öyrədir, amma özünü tanımağı yox. İnsanlar uğur qazanır, amma daxilən parçalanır. Çünki psixoloji sağlamlıq sadəcə sakit olmaq deyil. Özünü təhlükəsiz hiss etməkdir. Özün kimi qəbul olunmaqdır. Maraqlıdır ki, dünyanın ən inkişaf etmiş ölkələrində belə uşaqlar arasında depressiya və təşviş sürətlə artır. Bunun səbəblərindən biri odur ki, müasir insan performansa çevrilib. Hamı nəticə istəyir: yüksək bal, uğur, status. Amma heç kim soruşmur: “Bu uşağın ruhu necədir?” Halbuki tarix göstərdi ki, daxilən qırılmış insanlarla sağlam cəmiyyət qurmaq olmur. Çünki uşaqlıqda sevgisiz böyüyən insan sonradan sevgini ya idarə etməyə çalışır, ya da ondan qaçır. Qorxu ilə böyüdülən insan azadlıqdan qorxur. Daim alçaldılan insan ya özünü, ya da başqalarını əzməyə başlayır.
Bəlkə də insanlığın ən böyük səhvi budur: biz uşaqları həyata hazırladığımızı düşünürük, amma çox vaxt onları həyatdan qorxan insanlara çeviririk. Əslində isə tərbiyənin məqsədi itaətkar insan yaratmaq olmamalıdır. Məqsəd daxilən bütöv insan yetişdirməkdir. Elə insan ki, həm düşünə bilsin, həm hiss edə bilsin, həm də vicdanını itirməsin. Çünki gələcəyin ən təhlükəli insanı savadsız insan deyil. Öz hisslərindən qopmuş insandır. Tarixdə müharibələri başlayanların çoxu emosional olaraq yaralı insanlardı. Daxilində sevgi olmayan insan gücü yanlış istifadə etməyə daha meylli olur.
Uşağa verilən ən böyük tərbiyə isə bəzən sadəcə budur: onu olduğu kimi görə bilmək. Çünki insanın ruhu bir çiçək kimidir. Zorla açılmır. Təhlükəsizlik, anlayış və sevgi gördükdə açılır. Və bəlkə də dünyanın gələcəyini dəyişəcək ən böyük sual yaranır: Biz uşaqları idarə etməyə çalışırıq, yoxsa onları anlamağa?
Həsən Nağıyev, filosof

Sizin reklam burada
Sizin reklam burada