İnsan düşüncəsinin ən paradoksal tərəflərindən biri odur ki, o, aydın olanı çox vaxt kiçildir, qaranlıq qalanı isə böyüdür. Sanki bilinməyən, anlaşılmayan və əlçatmaz olan hər şey öz-özünə daha yüksək dəyər qazanır. Bu sadəcə estetik seçim deyil, bu insan şüurunun dərin qatlarında gizlənən mexanizmlərin nəticəsidir. İnsan həmişə gerçəkliyi olduğu kimi deyil, qavradığı kimi qəbul edib. Antik dövr mütəfəkkirləri belə xəbərdarlıq edirdilər ki, duyğular və ilkin təsəvvürlər çox vaxt insanı yanıltmağa meyllidir. İnsan anlamadığı şeyə məna yükləyərkən, əslində öz daxili boşluğunu doldurur. Bu bir növ “mənalandırma instinkti”dir – insanın xaosu nizam kimi görmək ehtiyacı. Ancaq bu instinkt bəzən həqiqəti təhrif edir. Psixologiya bu fenomeni daha konkret izah edir. İnsan beyni qeyri-müəyyənlikdən xoşlanmır. Qeyri-müəyyənlik isə narahatlıq yaradır. Bu narahatlıqdan xilas olmaq üçün insan ya tez nəticə çıxarır, ya da anlamadığı şeyi idealizə edir. Maraqlı faktlardan biri odur ki, aparılan tədqiqatlar göstərir ki, insanlar başa düşmədikləri mətnləri və ya fikirləri daha “dərin” və “intellektual” hesab etməyə meyllidirlər. Bu “mürəkkəblik illüziyası” adlanan psixoloji effektdir. Yəni anlaşılmazlıq bəzən avtomatik olaraq dəyər kimi qəbul edilir. Digər tərəfdən, “halo effekti” adlı psixoloji hadisə də burada mühüm rol oynayır. İnsan bir xüsusiyyətə görə (məsələn, zahiri görünüş, status və ya üslub) bütöv bir şəxsiyyət haqqında müsbət nəticələr çıxarır. Bu səbəbdən də, qəliz danışan biri daha ağıllı, əlçatmaz olan biri daha cazibədar, izah olunmayan hadisə isə daha möhtəşəm görünür. Orta əsrlərdə bir çox təbii hadisələr – ildırım, xəstəliklər, günəş tutulması – izah edilə bilmədiyi üçün fövqəladə qüvvələrlə əlaqələndirilirdi. Halbuki sonralar elm bu hadisələrin sadə və qanunauyğun səbəblərini ortaya qoydu. Maraqlıdır ki, bir zamanlar qorxu və heyranlıq doğuran hadisələr bu gün məktəb dərsliklərində adi mövzu kimi öyrədilir. Bu insanın bilmədiyi şeyə verdiyi həddindən artıq mənanın zamanla necə dəyişdiyini göstərir. Bir çox quran ayələrində və hədislərdə buyurulur ki,insanın bilmədiyini dərhal müqəddəsləşdirməsi deyil, əksinə düşünməsi, araşdırması və hikmət axtarması tövsiyə olunur. İman kor-koranə qəbuldan deyil, dərk və təfəkkürdən keçəndə daha möhkəm olur. Tarix boyu bir çox mütəfəkkirlər xəbərdarlıq ediblər ki, müqəddəslik anlayışı insanın qorxu və ya cahillik üzərində qurulmamalıdır. Əks halda, insan gerçək mənəvi dəyəri yox, öz qorxularının yaratdığı obrazları ucaldar. Ən pis tərəfi isə insan münasibətlərində özünü aydın göstərir. Psixoloji araşdırmalar sübut edir ki, insanlar çox vaxt əldə edə bilmədiklərini daha dəyərli hesab edirlər. Bu “çatışmazlıq prinsipi” ilə izah olunur: nadir və ya əlçatmaz olan şeylər daha cazibədar görünür. Lakin bu cazibə çox vaxt reallığa deyil, təsəvvürə əsaslanır. İnsan qarşısındakı şəxsi tanıdıqca yox, tanımadıqca ona daha çox məna yükləyir. Nəticədə isə sevilən insan deyil, onun haqqında qurulan xəyali obraz olur.
İnsan çox vaxt gerçəkliklə deyil, öz qavrayışının yaratdığı illüziya ilə yaşayır. O, bilmədiyini böyüdür, başa düşmədiyini ucaldır, izah edə bilmədiyini isə fövqəladə hesab edir. Halbuki həqiqət çox vaxt sadədir – sadəcə diqqətlə baxmaq, səbrlə anlamaq və cəsarətlə qəbul etmək lazımdır. Ən böyük idrak isə bəlkə də budur ki, insan bilmədiyini qəbul etdikcə böyüyür, anlamadığı şeyi araşdırdıqca inkişaf edir. Əks halda, o, öz düşüncəsinin yaratdığı kölgələr içində qalır və kölgələri gerçək sanmağa başlayır. Gerçəyə çatmaq isə yalnız bir sualla başlayır: “Mən bunu həqiqətən anlayırammı, yoxsa sadəcə elə düşünmək istəyirəm?”
Həsən Nağıyev, filosof