İranın xarici işlər naziri Abbas Əraqçı İslam Respublikasının döyüş meydanında Amerika Birləşmiş Ştatlarına qalib gəldiyini bildirib.
News365.az xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti nazirin açıqlamalarına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Tehran hərbi üstünlüyə malik olduğu üçün hazırda müharibəni yekunlaşdırmaq üçün ən ideal vaxtdır.
"Vaşinqton xalqımızın və silahlı qüvvələrimizin əzmkarlığı və qəhrəmancasına müqaviməti ilə üzləşdi. Münaqişəni bitirmək üçün ən yaxşı an məhz bizim üstün olduğumuz vaxtdır; biz döyüş meydanında həqiqətən də qələbə qazanmışıq", - deyə nazir bildirib.
İran XİN rəhbəri əlavə edib ki, diplomatik fəaliyyətlər hərbi nailiyyətlərlə sıx bağlıdır. Məhz buna görə də Tehran amerikalılarla sülh sazişi bağlayarkən daha sərfəli şərtlər əldə edəcəyinə ümid bəsləyir.
Qeyd edək ki, bir müddət əvvəl Abbas Əraqçi İran və ABŞ-nin münaqişəyə son qoyacaq memorandumu imzalamağa daha yaxın olduğunu vurğulayıb.