Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenskiyə ünvanladığı tənqidi dəstəkləyərək onun “həddini aşdığını” bildirib.
Mask bu barədə “X” sosial şəbəkəsində Ağ Evin rəsmi hesabında Trampın açıqlamalarının yer aldığı videoya münasibət bildirərkən yazıb.
“Zelenski həddini aşıb”, - deyə Mask qeyd edib.
Bir gün əvvəl Tramp Ukraynanın yeni prezident seçməsinin vaxtının çatdığını bəyan edərək Zelenskini Rusiya ilə razılaşma əldə etmək istəməməkdə və Rusiyanın neft emalı zavodlarına zərbələri davam etdirməkdə ittiham edib.
“Düşünürəm ki, Ukraynanın yeni prezident seçmək vaxtı çatıb... Mən sövdələşmə bağlaya biləcək yeni bir lider tapmağı təklif edirəm. Çünki o, (Zelenski - red.) çoxlu sövdələşmələr bağlaya bilərdi, lakin nədənsə bunu heç vaxt etmədi”, - deyə ABŞ prezidenti jurnalistlərə bildirib.
O, həmçinin Kiyevdən Rusiyanın neft emalı müəssisələrinə zərbələri dayandırmağı tələb edib. Tramp iddia edib ki, bu hücumlar dizel yanacağının çatışmazlığını daha da dərinləşdirir, amerikalı fermerlər üçün problemlər yaradır və dünya iqtisadiyyatına mənfi təsir göstərir.
“Biz dedik ki, neft emalı zavodlarına zərbə endirməyin, axı Rusiya bütün dünya üzrə dizel yanacağının əhəmiyyətli hissəsini tədarük edir, dizel yanacağına zərbə endirməyin, çünki bu, ciddi problemə, onun kəskin qıtlığına gətirib çıxaracaq”. Bəs o nə edir? Gedir və dizel yanacağına zərbələr endirir. O belə hərəkət edə bilməz, çünki bizim qlobal problemimiz var və bu problem dizel yanacağı istehsal edən neft emalı zavodlarının çatışmazlığından qaynaqlanır”, - Donald Tramp vurğulayıb.
O əlavə edib ki, Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələr endirməklə bütün dünya üçün problem yaratmaq istəyir.
Zelenski daha əvvəl ABŞ administrasiyasının bu qərarını kəskin tənqid edərək sanksiyaların yumşaldılmasının Moskvanın Ukraynaya qarşı müharibəni davam etdirməsi üçün əlavə gəlirlər əldə etməsinə imkan verəcəyini bildirib. Kiyev həmçinin Rusiyanın enerji infrastrukturuna endirilən zərbələrin Moskvanın hərbi potensialını zəiflətməyə yönəldiyini vurğulayır.
Xatırladaq ki, bundan öncə “Financial Times” qəzeti mənbələrə istinadən Vaşinqtonun Rusiyanın neft emalı zavodlarına zərbələr davam edəcəyi təqdirdə, Kiyevi mühüm kəşfiyyat məlumatlarının ötürülməsini dayandıracağı ilə hədələdiyini yazmışdı.