İlham Əliyev Münhendə Kohenlə görüşüb

İlham Əliyev Münhendə Kohenlə görüşüb
14 Fev 2026 22:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhendə "The Goldman Sachs Group Inc." şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb.

News365.az xəbər verir ki, görüşdə ölkəmizlə şirkət arasında 2010-cu ildən bəri həyata keçirilən uğurlu tərəfdaşlığa toxunulub, əlaqələrin mövcud vəziyyəti müzakirə olunub.

Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri üzrə ölkəmizlə "The Goldman Sachs Group Inc." arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə "The Goldman Sachs Group Inc." şirkətinin uğurlu tərəfdaşlığının əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, mənzil-qərargahı ABŞ-ın Nyu York şəhərində yerləşən "The Goldman Sachs Group Inc." 1869-cu ildə təsis edilib. Şirkət investisiya və istehlak bankçılığı, qiymətli kağızlar, aktivlərin idarə edilməsi sahələrində çalışan dünyanın aparıcı qlobal maliyyə institutlarından biridir və hazırda 40-dan çox ölkədə fəaliyyət göstərir. O, müxtəlif siniflər üzrə 2,8 trilyon ABŞ dolları dəyərində aktivləri idarə edir.


Sizin reklam burada
Sizin reklam burada