İran, bir ürəkdir, bu aləm bədən,
Olmaz xəcalətli, belə söz deyən.
Çünki, ürəyidir bu yerin İran,
Ürək yaxşı olar bədəndən, inan!
(Nizami Gəncəvi)
İrandakı müharibə bizimlə bu ölkənin də münasibətlərinə dair kəskin mübahisələrə səbəb olub. Bəzilərimiz İranı dost, digərlərimiz isə əksinə düşmən hesab edirik. Bəs həqiqətdə İran bizim üçün kimdir?
Mənim üçün İrana ziddiyyətli münasibətin rəmzi Mirzə Fətəli Axundovdur. O, ədəbi Azərbaycan dilinin banisi (düzdür, bunu Rusiyanın sifarişi ilə etmişdi ki, əhalini fars dilindən, yəni İrandan uzaqlaşdırsın, amma niyyətin əhəmiyyəti yoxdur, əsas olan faktın özüdür) və faktiki olaraq Azərbaycan millətinin formalaşmasının əsasını qoymuş şəxsdir. Bununla belə Rus imperiyasına sədaqətlə qulluq edirdi və özünü... fars hesab edirdi. Və İranın vətənpərvəri idi. Onun 1865-ci ildə yazdığı “Kəmalüddövlə məktubları” buna bariz sübutdur. Axundov qatı anti-islamçı olaraq İranın ərəblər tərəfindən işğalı və bununla da qədim İran dövləti və mədəniyyətinin süqutuna çox heyfslənirdi: “Ey İran! Sənin oğulların, nəvələrin nəsihət olsun deyə sənin keçmiş əzəmətinin yazılı abidələrini belə mühafizə etməmişlər... Heyf sənə, ey İran, hanı bu dövlət, hanı bu şövkət, hanı bu səadət?..” Çağdaş terminlərlə ifadə etsək, Axundov molla rejiminin əleyhdarı, lakin nəinki irançı, farsçı idi. Bununla belə, Azərbaycan millətinin mövcudluğuna görə biz ilk növbədə ona minnətdar olmalıyıq. Çünki milləti millət edən qan, genetika deyil, dildir və bu dilin əsasını Axundov qoyub (maraqlananlara Aydın Balayevin “Fərqli və ziddiyyətli M.F.Axundov – əqidəli rusofil, İran aşiqi və azərbaycanlı kimliyinin təkanvericisi” kitabını oxumağı tövsiyə edirəm). Tarix belə ziddiyyətlərlə doludur, sadəcə dinçilik və etnosçuluq onları obyektiv reallıq kimi qəbul etməyə mane olur...
Digər misal. Xalq Cümhuriyyətimizin qurucu atarından biri M.Ə.Rəsulzadə “Əsrimizin Siyavuşu” əsərində Azərbaycanı Firdovsinin “Şahnamə”sindəki Siyavuşa bənzətmişdi. Siyavuşun atası İran şahı, anası isə Turan gözəli idi. İran və Turan arasında müharibəyə son qoymaq üçün Siyavuş həyatını belə qurban verməli olur (bu videoda “Şahnamə” motivləri üzrə filmdən epizoddur: Siyavuş özünü öldürür ki, Turan hökmdarı onu edam etməsin və buna görə İran Turanla müharibəyə başlamasın: Siyavuş rolunda azərbaycanlı aktyor Fərhad Yusifovdur – “Dədə Qorqud” filminin Turalı). Yəni Rəsulzadə Azərbaycanı İran və Turanın qovuşması hesab edirdi. Maraqlıdır ki, Rəsulzadənin özü böyük ehtimalla əslən tat idi. Necə ki, digər qurucu atamız Fətəli Xan Xoyski də kürd idi. Yəni hər ikisi genetik olaraq İran dilli etnosların nümayəndəsi idi. Amma hər ikisi dili türk kökənli Azərbaycan millətinin və dövlətinin inkişafı üçün çalışmşlar. Eyni ilə tat əsilli Cəfər Cabbarlı və Mikayıl Müşfiq də Azərbaycan dilli ədəbiyyata yüksək töhfə vermişlər...
Statusumun əvvəlində misralarını gətirdiyim ən böyük ədibimiz Nizami Gəncəvi isə nəinki fars dilində yazmış, ümumiyyətlə İran dövlətçiliyinin və mədəniyyətinin maarifçisi olmuşdur. Əsərləri, bir qayda olaraq, qədim İran haqda olmuşdur, məsələn, türk xaqanlıqları haqda heç nə yazmayıb. Onun etnik kimliyi isə naməlum olmaqla (yalnız anasının kürd olduğu dəqiq məlumdur) yanaşı heç əhəmiyyətli də deyil (bizim üçün o, əlbəttə ki, azərbaycanlıdır). Hazırda bəzi bisavadlar deyir ki, guya İran adlı dövlət ötən əsrdə yaranıb. Halbuki, ötən əsrdə sadəcə Qərb də bu dövləti “İran” adlandırmağa başlayıb. Belə isə həmişə adı İran olub və Nizami də bunu təsdiqləyən ən böyük nüfuz sahibidir...
Onu da deyim ki, tarixi Azərbaycan yalnız Cənubi Azərbaycandır. Azərbaycan Respublikasının ərazisi isə tarixi Aran və Şirvandır. Yalnız XIX əsrdən bizi də “Azərbaycan” adlandırmağa başlayıblar. Burada da heç bir problem yoxdur. ABŞ cəmi 250 ildir ki, bu ada mənsubdur, nə olsun ki, nə problem var? Fransanın da əvvəlki adı Qalliya olub və s. və i.a.
Bunları niyə vurğuladım? Ona görə ki, məsələni obyektiv araşdırmaq istəyən şəxs dar düşüncədən uzaq olmalıdır. Tarix, o cümlədən qonşuluq münasibətləri ziddiyyətlərlə doludur...
1. İranı dostumuz hesab edənlər minilliklərlə ölçülən birgə tariximizə istinad edirlər. Doğrudan da, Azərbaycan tarixi XIX əsrədək əsasən İran tarixinin tərkib hissəsi olub. Qabaqcadan vurğulayım ki, İran dedikdə heç də yalnız farslar ehtiva olunmur. Bəli, ilkin dövrdə, yəni Midiyanın süqutundan sonra Əhəməni və Sasani imperiyalarına farslar başçılıq edib və biz də 600 il bu dövlətlərin tərkibində olmuşuq. Sonra isə birlikdə Ərəb Xilafətinin tərfkibində olmuşuq. XI əsrdən etibarən isə İrana türk dilli sülalalər (Səlcuqlar, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar və Qacarlar) rəhbərlik edib (elə son 37 il ərzində də İrana azərbaycanlı olmuş Xamenei başçılıq edirdi). Lakin bu dövlətlərin rəsmi dili həmişə fars dili olub. Bunun da iki səbəbi var: 1) əhalinin əksəriyyəti fars dilli olub; 2) Əhəməni və Sasanilərdən qalmış geniş dövlətçilik ənənələri və zəngin mədəniyyət İrana qədəm qoyan hər kəsi (Makedoniyalı İsgəndəri, ərəbləri, türkləri) içində əridib. Hegel “Tarixin fəlsəfəsi” kitabında farsları ilk tarixi xalq hesab edir. Çünki tarixdə ilk çoxetnoslu və çoxdinli imperiya Əhəməni dövləti olub. İnsan haqları konsepsiyası da məhz həmin dövlətdə meydana gəlib.
Müasir Azərbaycan dilinin əksər sözləri (azı 51%) ərəb-fars mənşəlidir və bu cütlükdə fars sözləri azı 10% təşkil edir.
Ən əsası odur ki, birgə yaşadığımız dövlətlərdə heç zaman dil həlledici amil olmayıb (elə indi də İranda bu belədir). Əsas din olub. Buna görə də müasir İranın qurucusu türk əsilli Səfəvilərdir. Çünki məhz onlar İranda şiəliyi dövlət dininə çeviriblər. Elə indi də molla rejiminin əsas dayağı soydaşlarımızdır.
İran yeganə qonşumuzdur ki, onunla heç zaman müharibə etməmişik. Cənubi Azərbaycanın İranın tərkibindən ayrılması məsələsi də yalnız SSRİ-nin layihəsi olub. Belə ki, Şeyx Məhəmməd Xiyabaninin ötən əsrin əvvəlindəki (1920-ci il) hərəkatı heç də Cənubi Azərbaycanın müstəqilliyi uğrunda olmayıb. Xiyabani vahid demokratik İranın tərəfdarı olub. Cənubi Azərbaycanın müstəqilliyi uğrundakı hərəkatın rəhbəri isə ötən əsrin ortalarında (1945-ci il) Seyid Cəfər Pişəvəri olub. O da sadəcə SSRİ-nin bir agenti olaraq hərəkət edib. Faktiki olaraq necə ki, hazırda Rusiya Ukrayna ərazisində “DNR” və “LNR” adlı “dövlət”lər yaratmışdı, Pişəvəri də Moskvanın göstərişi əsasında İranı parçalamağa çalışırdı. Amma yekunda Qərb buna mane oldu və minlərlə soydaşımız qırğına verildi. Nəticədə də İran dövləti “azərbaycançılığ”a mənfi münasibət bəsləməyə başladı.
Bir sözlə, İranla Azərbaycan heç vaxt müharibə etməyib. Bizdə bəziləri deyir ki, guya farslar Cənubi Azərbaycanı işğal edib. Sual: bu nə vaxt baş verib? Bu sualın cavabı yoxdur. Çünki belə bir işğal faktı yoxdur. İran çoxetnoslu dini dövlətdir. Minilliklərlə bu etnoslar vahid dövlətdə yaşayıblar.
Başqa məsələ ki, İrandakı dini rejim bizə, yəni Azərbaycan Respublikasına tamamilə yaddır. Rus imperiyası bizi fars dilindən, SSRİ isə İslam dinindən, xüsusilə şiəlikdən uzaqlaşdırıb. Buna görə də hazırda İranı dost hesab edən yalnız şiə əqidəsinə sadiq qalan vətəndaşlarımızıdr. Onlar bunu etiraf etsələr də, etməsələr də, istəkləri aydındır: Azərbaycanı ən yaxşı halda (onlar üçün) yenidən İranın əyaləti (yeri gəlmişkən, nə qədər paradoksal olasa da, bu halda İran tam olaraq azərbaycanlıların dövləti olacaq), ən pis halda isə əlaltı dövləti etmək. İran da təbii bunu istəyir, çünki bizə itirdiyi ərazisi kimi baxır. Rusiya da bizə o gözlə baxır. Türkiyə isə vaxtilə ələ keçirə bilmədiyi ərazi (Şərqi Anadolu istisna olmaqla: onu ələ keçirə bilib) kimi baxır. Məhz buna görə də Türkiyə ilə dostluğumuz mümkündür (halbuki, osmanlılar kimi azərbaycanlı qanını çox tökmüş ikinci dövlət olmayıb). İran və Rusiya ilə ən azı yaxın perspektivdə dostluq mümkün deyil. Nə vaxtsa bu iki dövlət bizə keçmiş ərazisi kimi baxmaqdan vaz keçsə, bəlkə də dostlaşdıq...
2. İranı düşmənimiz hesab edənlər deyir ki, İranda azərbaycanlılar sıxışdırılır, dilimizin inkişafına imkan verilmir, İran Qarabağ savaşı dövründə ermənilərə dəstək verib, regional layihələrdə bizə həmişə badalaq gəlib və s. və i.a.
Əvvəla, yuxarıda qeyd etdiyim kimi, İranın azərbaycançılığa mənfi münasibətinin əsas səbəbi SSRİ-nin separatçı layihəsi olmuş Pişəvəri hərəkatı olub. Necə ki, biz “Dağlıq Qarabağ Respublikası” adlı separatçılığı bəyənmirik, necə ki, hər hansı dövlət ərazisində separatçılığın əleyhinədir, elə də İran bununla mübarizə aparır. Özü də şah rejimi azərbaycançılığa qarşı molla rejimindən daha amansız idi. Molla rejimi dövründə isə azərbaycanlılar yenə dövlətin başında durdular. Çünki şah İranı fars dövləti idi, çağdaş İran isə Səfəvilər kimi dini dövlətdir, buna görə də etnos məsələsi ikinci dərəcəlidir. Bua baxımdan demək olmaz ki, azərbaycanlıları İranda sıxışdırırlar. Eynilə demək olmaz ki, Azərbaycanda tatları, ləzgiləri və ya talışları, Türkiyədə isə azı 15 milyonluq kürdləri sıxışdırırlar. Onlar dövətin vətəndaşı kimi bütün hüquqlardan digər etnoslar kimi tam istifadə edə bilirlər. Bəli, ana dillərində təhsil-filan yoxdur. Hansı dövlətdə milli azlıqlara belə şərait yaradılıb ki? Müasir dövlətlərdə bir dil dövlət dilidir əsasən, hamı da həmin dildə danışır və yazır. Həm də İrana min ildir ki, türk dillilər hakimdir, niyə fars dilini dövlət dili kimi saxlayıblar? Deməli, bunu düzgün hesab ediblər.
O ki qaldı İranın Ermənistana dəstək verməsinə, burada müəyyən həqiqət var. Əslində, müstəqilliyimizin ilk dövründə İran bizə Türkiyədən az dəstək vermirdi. Çünki ümid edirdi ki, onun əlaltısı olacağıq. Lakin sonra Elçibəy iqtidarı ortaya Cənubi Azərbaycan məsələsini atdı və İranın mövqeyi dəyişdi. Təsəvvür edin ki, sabah Rusiya dağılır və Dağıstan Respublikası yaranır və biz də ona dəstək veririk. Sonra isə Dağıstanda deyirlər ki, hansısa “Böyük Ləzgistan” var və onun bir hissəsi Azərbaycan Respublikasındadır, xoşumuza gələr? Əsla! Biz də deyərik ki, elə Dağıstan da bizimdir, ən azı Dərbənd.
Bir sözlə, İran təhdidlə üzləşdikdən sonra Ermənistana yardım etməyə başladı. Düzdür, bu yardımın da nədən ibarət olması birmənalı deyil. Formal olaraq İran həmişə bizim ərazi bütövlüyümüzü dəstəkləyib. İran Ermənistana silah-filan satmayıb, ən azı bu barədə təsdiqlənmiş faktlar yoxdur. Lakin məhz İranın dəstəyi ilə Ermənistan uzun illər blokada şəraitində yaşaya bildi. Və bu əlbəttə ki, İranın qarşımızdakı suçudur. İkinci Qarabağ Müharibəsindən sonra isə İran Zəngəzur dəhlizi məsələsinə mane olmağa başladı. Səbəbləri bəllidir. Yumşaq desək, dövlət maraqlarımız toqquşdu.
Lakin bütün bunlar İranı düşmən hesab etməyə əsas verirmi? Hər bir dövlət öz maraqlarından çıxış edir. Haradasa maraqlarımız üst-üstdə düşür, haradasa yox. Hər bir qonşumuzla, o cümlədən bizə ən yaxın olan Türkiyə ilə də bu belədir. Bir daha xatırladıram ki, İran yeganə qonşumuzdur ki, onunla heç vaxt müharibə etməmişik. İran əhalisinin xeyli hissəsi bizim soydaşlarımızdır və onlar İran dövlətinin əsas sütununu təşkil edir. Özümüz-özümüzlə ilə düşmənçilik edək? Doğrudan da kimsə səmimi düşünür ki, bizimlə tarix, qan, din, mədəniyyət və s. baxımdan xeyli yaxın olan İran (hətta düşməndirsə belə) ABŞ və İsraildən daha təhlükəlidir? Sonuncular bizim heç adam yerinə qoymur axı, sadəcə istifadə etmək üçün alət kimi baxırlar bizə...
Ümumən İranı düşmən hesab edənlər bizdə 3 kateqoriyaya bölünür: 1) qatı ateistlər (onlar üçün hər hansı dini dövlət düşməndir); 2) radikal sünnülər (onlar üçün özlərinə bənzəməyən hər kəs kafirdir); 3) qatı türkçülər (onların xəyalında hansısa Turan qurulacaq və guya farslar buna ən böyük əngəldir). Hər üç cərəyan radikal xarakerlidir və dövlətçiliyimizin zərərinədir. Çünki Azərbaycan hər bir halda müsəlman dövlətidir və ateistlər istədi-istəmədi dünya da bizi belə qəbul edir. Buna görə də Qarabağ məsələsində də bizi birmənalı dəstəkləyən yalnız müsəlman dövlətləri olub. Bu baxımdan hansısa dövlətə sırf oradakı dini rejimə görə mənfi münasibət bəsləmək yanlışdır. Amma eyni zamanda təbii ki, radikal sünni təbliğatçılarına da uymaq olmaz. Onların da xəyalında guya hansısa Xilafət qurulacaq. Əhalimizin xeyli hissəsi şiədir, buna görə də bu təriqətə dövlət səviyyəsində mənfi münasibət bəslənilə bilməz. O ki qaldı türkçülərə, irançılardan fərqli olaraq onlar bizi İranın deyil, Türkiyənin tərkibinə qatmaq istəyirlər. Dildə bunu etiraf etməsələr də. Zatən türkçülüyün məntiqi sonu məhz budur. Azərbaycanın isə marağı ondan ibarətdir ki, heç bir qonşusu regionda birmənalı lider olmasın, əks halda, onun tam təsiri altına düşə bilərik.
Amma onu da unutmayaq ki, İran oradakı rejimdən asılı olmayaraq həmişə bizi təhdid hesab edəcək. Bu baxımdan tarixin müəyyən dönəmində real düşmən də ola bilər. Elə indi də çoxları bunu arzulayır...
YEKUN
Bəli, İran nə vaxtsa dostumuz ola bilər. Amma indi dost deyil. Nə vaxtsa düşmənimiz də ola bilər, amma hazırda düşmən deyil. Dövlət başçımızın bu mənada siyasəti ən düzgün yoldur: İran qonşumuzdur. Onunla qonşu kimi də davranmalıyıq. Dostumuz olsa, nə gözəl. Amma çalışaq ki, düşmənimiz də olmasın. Yaxşı qonşu olaq. Və indi necə qonşu olacağımız tarixi sınaqdan keçir. İrandakı müharibənin nə ilə bitəcəyindən asılı olmayaraq, çalışmalıylq ki, İran xalqı bu dar gündəki davranışımızı ən azı mənfi xatırlamasın...
Əkrəm Həsənov, hüquqşünas
P.S. Bu yazıma yəqin ki, müxtəlif şərhlər gələcək. Şiələr (bəziləri yəqin ki, konkret İran dövlətinin agentidir) yenə sübut etməyə çalışacaq ki, İran qardaşımızdır. Radikal ateistlər, sünnülər və türkçülər (bəziləri təqin ki, ABŞ və İsrail dövlətlərinin agentidir) isə deyəcək ki, xeyr, İran ən böyük düşmənimizdir. Lakin gəlin emosiyalara uymyaq, adil olaq, tarixi unutmayaq və “Yaxın qonşu uzaq qohumdan yaxşıdır” məsəlini rəhbər tutaq...