Tutalım, sabah müharibə bitdi, ABŞ, İsrail, İran - hər biri özünü qalib elan etdi. Sonra nə olacaq?
Bu sözləri News365.az-a iqtisadçı Natiq Cəfərli bildirib.
O, qeyd edib ki, Hürmüz İranın daxili suları deyil, indi Tehran bu məsələni təzyiq alətinə (uğurlu gedişdir) çevirib:
”Hətta Omanın daxili sularından keçən, sadəcə limanlarda dayanan tankerlərə hücum edir deyə, gəmilər risk etmir, çünki, sığorta şirkətləri, məhz müharibəyə görə sığorta etməkdən imtina edir. Sabah müharibə dayanır, ABŞ bölgədən çəkilir, İsrail hücumlarını dayandırır, gəmilər də Hörmüzün Omana aid hissəsindən keçməyə başlayır - İran onları vuracaqmı?! ABŞ-a deyəcək, getmə, gəl bir az da bombala, mən də raket atım?!
Onun sözlərinə görə, İranın "Hörmüz aləti" ancaq müharibə zamanı keçərlidir, müharibə dayansa, bu alət sadəcə itir-batır. İran müharibə dayanandan sonra Oman sularından keçən gəmilərə hücum etsə, bu zaman Körfəz ölkələri də İrandan çıxan gəmiləri vura bilər.
Natiq Cəfərli qeyd edib ki, İranın 90% nefti, 75% xarici ticarəti Hörmüzdən keçir - yəni, Hörmüz İran üçün hər iki üzü iti olan "bıçaqdı", özü də kəsə bilər, Hörmüz ikitərəfli bağlansa, İranda ərzaq, dərman, və s. qıtlığı yarana, əhali yenidən ciddi etirazlara qalxa bilər.