Plastik cərrah Seymur Məmmədovun fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə növbəti dəfə müzakirələr başlayıb.
News365.az xəbər verir ki, Jalə Əsədova adlı feysbuk istifadəçisi son illərdə cərrahın iştirakı ilə aparılmış əməliyyatlardan sonra həyatını itirmiş şəxslərin ailələrinin hələ də ədalət gözlədiyini bildirib.
Müraciətdə qeyd olunub ki, klinik psixoloq Nilufər Abdullanın və Pərvanə Mirzəyevanın ölümündən sonra Seymur Məmmədovun fəaliyyətini davam etdirməsi narazılıq doğurur. Müəllif cərrahın sosial şəbəkələrdə əməliyyat görüntüləri paylaşdığını və fəaliyyətini reklam etdiyini vurğulayıb.
Paylaşımda həmçinin Səhiyyə Nazirliyinə müraciət edilərək Seymur Məmmədovun sertifikatının ləğv edildiyi halda əməliyyat aparmağa davam etməsinin araşdırılması tələb olunub.
Müəllif aidiyyəti dövlət qurumlarını məsələyə reaksiya verməyə çağıraraq, qanunsuz tibbi fəaliyyətlə bağlı iddiaların araşdırılmasının vacibliyini qeyd edib.
Qeyd edək ki, məsələ ilə bağlı rəsmi qurumların mövqeyi açıqlanmayıb. Açıqlama təqdim ediləcəyi təqdirdə materiala əlavə olunacaq.