Hüquqşünas parkda qızların danışığını eşidib etiraz etdi: “Bu nə danışıq tərzidir?”

Hüquqşünas parkda qızların danışığını eşidib etiraz etdi: “Bu nə danışıq tərzidir?”
13:33

İctimai yerlərdə davranış mədəniyyəti və gənclərin nitqində vulqar ifadələrin işlədilməsi yenidən müzakirə mövzusuna çevrilib. Hüquqşünas Elyar İslamoğlu parkda məktəblilərin və ya tələbələrin söyüşlü danışığının şahidi olduğunu bildirərək gənclərin tərbiyəsi, ailə və məktəbin bu məsələdəki rolu ilə bağlı narazılığını ifadə edib.

News365.az xəbər verir ki, hüquqşünas sosial şəbəkədəki paylaşımında övladının məktəbdən çıxmasını gözləyərkən parkda qarşılaşdığı hadisəni təsvir edib.

Onun sözlərinə görə, yaxınlıqdakı skamyada əyləşən 5-6 qızın yanında çanta və kitablar olub. Bu səbəbdən onların yuxarı sinif şagirdləri və ya universitetin birinci kurs tələbələri olduğunu düşünüb.

E.İslamoğlu qeyd edib ki, qızlar bir-biri ilə yüksək səslə danışır, söhbət zamanı çoxsaylı vulqar ifadələr işlədir və ətrafdakı insanların olmasına məhəl qoymurdular.

Hüquqşünas bu mənzərəyə müdaxilə edərək gənc qızlara ictimai yerlərdə davranış qaydalarına riayət etməyin vacibliyini xatırlatdığını bildirib.

“Yaxınlaşıb ‘Siz gələcəyin anaları, övlad böyüdüb tərbiyə edəcək qadınlarsınız. Bəs sizə ailədə və məktəbdə qadının cəmiyyətdə necə davranmalı olduğu, ictimai yerlərdə hansı etik qaydalara riayət etməli olduğu öyrədilmir? Bu nə danışıq tərzidir? Ətrafınızdakı insanlara hörmət etmədən, ucadan söyüş söymək Azərbaycan qadınının adına, gənc qızlara yaraşırmı?’ dedim”, – deyə o yazıb.

E.İslamoğlunun sözlərinə görə, iradından sonra qızlar susub və heç biri cavab verməyib.

“Azadlıq başqalarına hörmətsizlik demək deyil”

Hüquqşünas hesab edir ki, bu cür hallar cəmiyyətdə qarşılıqlı hörmətin, mənəvi dəyərlərin və ictimai davranış mədəniyyətinin əhəmiyyətini bir daha gündəmə gətirir.

Onun fikrincə, gənclərin sərbəst düşünməsi və azad davranması vacibdir. Lakin bu azadlıq ictimai yerlərdə ədəbsiz ifadələr işlətmək, başqalarını narahat etmək və ətrafdakı insanlara hörmətsizlik göstərmək kimi başa düşülməməlidir.

E.İslamoğlu vurğulayıb ki, ailə və məktəb gənclərdə nitq mədəniyyətinin, mənəvi dəyərlərin və qarşılıqlı hörmət hissinin formalaşmasında mühüm rol oynayır. Cəmiyyətin inkişafını yalnız təhsillə deyil, həm də tərbiyə və davranış mədəniyyəti ilə qiymətləndirmək lazımdır.

Hüquqşünas paylaşımının sonunda hadisənin hicabla əlaqələndirilməsinə qarşı çıxaraq qızlardan birinin hicablı olduğunu da qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada