Hollivud filmləri kinoteatrlarımıza necə gəlir? – Rusiyadakı piratçılıq və bizdəki qanunsuz dublyaj faktoru

Hollivud filmləri kinoteatrlarımıza necə gəlir? – Rusiyadakı piratçılıq və bizdəki qanunsuz dublyaj faktoru
16:02

Bizim kinoteatrlarda niyə xarici filmlər əsasən rus dilində, nadir hallarda isə türk və indilis dillərində nümayiş olunur? Niyə xarici filmlər dublyaj olunmur, yalnız Azərbaycan dilində subtitrlərlə nümayiş edilir? Qanunvericilikdə hansı boşluqlar buna şərait yaradır?

Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində (2 bənddən ibarət Dövlət dili maddəsi) qeyd olunur:

“1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası dövlət dilinin inkişafını təmin edir”.

Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanununda televiziya və radio yayımlarında, xidmət sahələrində, reklam və elanlarda dövlət dilinin işlənməsinə dair maddələr olsa da, xarici filmlərin kinoteatrlarda nümayişi ilə bağlı heç nə deyilmir.

Kinemotoqrafiya haqqında Azərbaycan Respublikasının Qanununda da xarici ölkə istehsalı olan filmlərin kinoteatrlarda dövlət dilində nümayişi haqqında heç bir maddə yoxdur.

Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramının 2-ci maddəsində, Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.9 bəndində “Xarici filmlərin Azərbaycan dilinə tərcümə olunması, o cümlədən subtitrləşdirmə üsulu ilə dublyaj edilməsi” qeyd olunur.

Azərbaycan Respublikası Kino Agentliyinin Nizamnamənin 3.2.5 bəndində qeyd olunub:

“Xarici filmlərin Azərbaycan dilinə tərcümə olunması və dublyaj edilməsi (o cümlədən subtitrləşdirmə üsulu ilə) ilə bağlı tədbirlər görmək”.

Görəsən niyə ölkəmizdə xarici filmlərin dövlət dilində kütləvi nümayişinə dair qanunvericilikdə birmənalı tələb əksini tapmayıb? Məgər kinoteatrlarda nümayiş kütləvi nümayiş deyil? Necə olur ki, televiziyalarda xarici filmlərin dövlət dilində yayımlanması qanunvericilikdə birmənalı, aydın şəkildə qeyd olunub, kinoteatrlarda kütləvi nümayişə isə belə tələb qoyulmayıb?

Bunun səbəbini necə izah etməli? Axı söhbət dövlət dilindən gedir, dövlət dilinin tətbiqindən və ona olan münasibətdən gedir.

Hələ 2024-cü ildə bu problemə münasibət bildirərək geniş məqalə yazmışdım

Digər həmkarlarım da bu məsələni geniş müzakirəyə çıxararaq mətbuatda onlarla yazı dərc etdirmişdilər. Lakin belə geniş içtimai müzakirələrə baxmayaraq, bu sahədə heç nə dəyişməyib. Kinoteatrlarımızda filmlər rus dilində nümayiş olunur.

Düşünürəm ki, bu vəziyyətin yaranmasının iki səbəbi var. Birinci səbəb bu qanunların hazırlanmasında iştirak edən mütəxəssislərin və parlamentdə müzakirə edərək bu qanunların qəbuluna səs verən deputatların məsələyə biganə yanaşmasıdır. İkinci səbəb isə xarici filmlərin Azərbaycanda prokatı ilə məşğul olan şirkətlərin lobbiçilik fəaliyyətidir.

Dünyanın hər yerində mümkündür ki, hər hansı biznes strukturu öz maraqları naminə lobbiçilik etsin. Bu normal haldır. Amma burda söhbət dövlət dilindən gedir. Ona görə də bunu yolverilməz hal hesab edirəm.

Hər dəfə kinoteatrlarda dublyaj məsələsi gündəmə gəldikdə Azərbaycanda kino prokatı ilə məşğul olan şirkətlərin hüquqşünasları Konstitusiyanın verdiyi hüquqlara uyğun fəaliyyət göstərdiklərini bildirirlər. Bu haqda internetdə xeyli sayda yazılar mövcuddur. Bəs əslində necədir?

Konstitusiyanın Dövlət dili haqqında maddəsinin ikinci bəndində qeyd olunub:

“2. Azərbaycan Respublikası əhalisinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir” (Azərbaycan Respublilası Konstitusiyası. Maddə 21, bənd 2).

Konstitusiyanın bu bəndini əsas kimi gətirərək Azərbaycanda xarici filmlərin prokatı ilə məşğul olan şirkətlər öz fəaliyyətlərinə haqq qazandırırlar. Çünki Dövlət dili haqqında Azərbaycan Respublikası Qanununda xarici filmlərin kütləvi nümayişi zamanı dövlət dilinin tətbiqi haqqında maddə yoxdur. Əgər qanunda belə bir tələb olsaydı, o zaman heç bir mübahisə yaranmazdı. Əslində bu prokatçıların qanunla manipulyasiyanın klassik nümuməsidir.

Konstitusiyanın 21-ci maddəsinin 2-ci bəndi xarici filmlərin əcnəbi dildə yayımlanmasına əsas vermir. Çünki Konstitusiyanın 21-ci maddəsinin 2-ci bəndi Azərbaycan Respublikasında yaşayan köklü xalqların - talış, ləzgi, tat, avar, saxur, ingiloy, dağ yəhudiləri və başqa yerli xalqların öz dillərindən sərbəst istifafə etməsini nəzərdə tutur. Xarici dillərin sərbəst işlədilməsini və inkişafını Azərbaycan Respublikasının təmin etməsi heç bir məntiqə sıxmır. Hər dövlət öz dövlət dilinin inkişafını təmin edir. Ona görə də hesab edirəm ki, xarici filmlərin Azərbaycanda kütləvi nümayişi ilə məşğul olanların Konstitusiyaya istinad edərək fəaliyyət göstərdikləri izahatı qəbuledilməzdir.

Azərbaycanda kino prokatı ilə özəl biznes strukturları məşğul olur. Bu, belə də olmalıdır. Mədəniyyət Nazirliyi yalnız filmləri qeydə alır və dövlət reyestrinə daxil edir. Sonra isə həmin filmlərin nümayişi üçün yayım vəsiqəsi verir. Onların fəaliyyəti “Filmlərin yayımı və nümayişi Qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə (6 iyul 2006-cı il. N 165) tənzimlənir. Bu hüquqi sənəddə də xarici filmlərin Azərbaycan ərazisində dublyaj edilərək nümayişi haqqında heç nə deyilmir.

Amerikada istehsal olunan filmləri bizim prokatçılar niyə rus dilində alıb nümayiş etdirirlər?

Amerikanın nəhəng kino şirkətləri 2022-ci ildən Rusiya Federasiyası ilə bütün əlaqələrini kəsdilər və Rusiya bazarından çıxdıqlarını elan etdilər. RF Ukraynaya qarşı işğalçı müharibəsinə etiraz olaraq Rusiya ərazisində illərlə fəaliyyət göstərən dünyanın aparıcı kino şirkətləri bu ölkədə fəaliyyətlərini tamamilə dayandırdılar. Bu səbəbdən Rusiyada fəaliyyət göstərən minlərlə kinotetr bağlanmaq, müflis olmaq, yüz minlərlə insan iş yerlərini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Məlumat üçün bildirim ki, Rusiyada 3000-ə yaxın kimoteatr və 6000-ə qədər kino nümayişi üçün uyğun olan zal var. Onlarla kino prokatı ilə məşğul olan böyük şəbəkələr fəaliyyət göstərir. Belə böyük qurum və şəbəkələrin müflis olub sıradan çıxmaması üçün Rusiyada dövlət səviyyəsində piratçılığa yaşıl işıq yandırıldı.

2022-ci ildə ABŞ kino istehsalçıları Rusiya bazarını tərk etdikdən sonra hökumət piratçılığın qanuniləşdirilməsi üçün yollar axtarmağa başladı. İlk olaraq bu haqda Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi, keçmiş mədəniyyət naziri Mixail Şvıdkoy “Komsomolskaya Pravda” radiosunun efirində çıxış edərək “paralel prokat” və “məcburi lisenziyalaşdırma” təklifi irəli sürdü. Şvıdkoyun fikrincə, bu üsulla sanksiyalar şəraitində kinoteatrları xilas etmək mümkün olacaq. “Paralel prokat” iqtisadiyyatda “paralel ixrac” anlayışının analoqudur. Şvıdkoyun bu təşəbbüsünə 2023-cü ilin mart ayında RF Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev də qoşuldu. “RİA Novosti”yə müsahibəsində Medvedyev demişdi ki, piratçılıqla Amerika kino şirkətlərinə ciddi ziyan vurmaq lazımdır ki, onlar müflis olsunlar: “Bilirsiniz, yaxşı piratlar axtarıb tapmaq və ordan lazım olanı yükləmək lazımdır. Əgər bu “netfliksklər” və başqaları bizdən gediblərsə, biz də hər şeyi pirat üsulu ilə yükləyib pulsuz istifadə etməliyik. Mən hətta təklif edirəm ki, onların məhsullarını (filmləri, musiqiləri və s. - K.Ş.) internetdə hər yerə səpmək lazımdır ki, onlara ciddi ziyan dəysin. Onlara ciddi ziyan vurmalıyıq ki, müflisləşsinlər”.

25 mart 2023-cü ildə RF prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuat konfransında bildirdi: “Mən Dmitri Medvedyevin təklifi ilə razıyam. Biz piratlarla üz-üzə qalmışıq. Onlar bizi soyublar, onlar bizim aktivləri oğurlayaraq ələ keçiriblər. “Pirat content” artıq başqa cür qəbul edilməlidir. Mən özüm torrentlərdən istifadə edə bilmədiyimə görə, mənim üçün filmləri köçürürlər”.

Rusiyada “piratçılığa yaşıl işıq” kampaniyasının nəticəsi olaraq 2024-cü ilin may ayında Rusiya Federasiyasının Prezidenti Vladimir Putin qüvvədə olan Cinayət Məcəlləsində piratçılığa görə məsuliyyətin yüngülləşdirilməsi haqqında qanun layihəsini Dövlət Dumasına göndərdi. Bu qanun Rusiya tarixində ən qısa müddətdə qəbul olunması ilə rekord qırdı. 28 may 2024-cü ildə Dövlət Duması qanun layihəsini üçüncü oxunuşda qəbul etdi. 5 iyun 2024-cü ildə Federasiya Şurası qanunu təsdiq etdi. 12 iyun 2024-cü ildə RF prezidenti bu qanunu imzaladı (Kremlin.ru. 12 iyun 2024).

Beləliklə, Rusiyada piratçılıq qanuni fəaliyyət göstərməyə başladı.

Rusiyada xarici filmlərin prokatına belə geniş yer ayırmağım səbəbsiz deyil.

Müasir kino prokat industriyası tamamilə rəqəmsallaşdırılıb. ABŞ kino nəhəngləri piratçılıqla mübarizəyə milyardlar xərcləyib xüsusi proqramlar yaradıblar. İndi dünyanın hər yerində kino nümayişi DCP (Digital Signal Processing) - Rəqəmsal Siqnal Emalı - vasitəsi ilə həyata keçirilir. DSP daşıyıcıları (bərk disklər) kodlaşdırılır. Bu kodlaşdırılmış disklər yalnız müqavilə müddətində nümayişə yararlı olur. Yəni 7 gün, 15 gün, 30 gün və s. ərzində kinoteatrlarda bu orijinal disklərdən istifadə etmək olur. Hər disk yalnız bir kinoteatrda istifadə oluna bilir. Eyni diskdən müxtəlif yerlərdə film nümayişi mümkün deyil. Çünki hər bir DSP disk xüsusi proqramla yalnız bir kinoteatrdakı nümayiş avadanlığına uyğunlaşdırılır. Belə olan halda, yəni Meyjorların (qlobal kino istehsalı və yayımının böyük əksəriyyətinə nəzarət edən nəhəng Hollivud film studiyaları - K.Ş.) bu qədər ciddi nəzarətinə baxmayaraq, Rusiya şirkətləri piratçılıqla necə məşğul olurlar?

2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı aqressiyasına qədər dünyanın böyük studiyaları Rusiyada öz nümayəndəliklərini açıb fəaliyyət göstərirdilər. Eyni zamanda film nəhəngləri ilə müqavilə bağlayan Rusiya şirkətləri MDB məkanında da hüquq sahibi idilər. Rusiya böyük bazar olduğu üçün keçmiş sovet respublikalarından heç bir şirkət Rusiya prokat şirkətləri ilə rəqabət apara bilmirdi. Ona görə də Azərbaycan Respublikası da daxil olmaqla, bütün MDB ölkələri birbaşa nəhəng film istehsalçılarının məhsullarını Rusiyadan əldə edirdi. Rusiya şirkətləri həm televiziya, həm də kinoteatr yayımı üçün bütün MDB ölkələrində hüquq sahibi idilər. 2022-ci ildə ABŞ kino istehsalçıları Rusiya bazarından çıxdıqdan sonra Rusiyanın iri kino yayımçıları müxtəlif xarici ölkələrdə fəaliyyət göstərməyə başladılar. Çünki onların geniş əlaqələri, maddi-texniki bazaları olduğuna görə asanlıqla bizneslərini başqa ölkələrə köçürə bildilər. Tanıdığım və zamanında televiziyada işlədiyim dövrlərdə əməkdaşlıq etdiyim bir neçə yayım şirkəti Azərbaycana da gəlmişdi və işlərini burada davam etdirməyi düşünürdülər. Lakin bizim kino bazarının çox kiçik olduğunu görüb başqa ölkələrə getməyi qərarlaşdırdılar. Rusiyanın ən böyük yayım şirkətləri əsasən Qazaxıstanda fəaliyyətlərini qurdular. Rusiya dövlət səviyyəsində piratçılığı dəstəkləmək haqqında qərar verdikdən sonra bu şirkətlər vasitəsi ilə “paralel prokat” əməliyyatlarını həyata keçirməyə başladı.

“Moskva Tayms” (The Moscow Times) 21 may 2026-cı ildə Rusiyada xarici pirat filmlərinin nümayişi ilə bağlı maraqlı araşdırma dərc etdi. Araşdırmada toxunulan bəzi vacib məqamları diqqətinizə çatdırmaq istəyirəm:

“2024-cü ildən bəri ilk dəfə olaraq pirat nümayişlər vasitəsilə ruslara təqdim edilən Hollivud filmləri Rusiya kassalarında ən çox gəlir əldə etdi. 16-17 may həftəsonu ərzində ən uğurlu kinoteatr buraxılışı Mixail Mikotsun təxminən 54 milyon rubl qazandıran qısametrajlı “Vida” filmi oldu. Lakin qısametrajlı film əslində Meril Strip və Enn Heteueyin rol aldıqları klassik kult filmi “İblis Prada geyinir” və Rayan Qoslinqin rol aldığı “Dünyanın sonu layihəsi” trilleri idi...

Ukraynadakı tammiqyaslı müharibə fonunda Hollivud studiyalarının Rusiyadan getməsindən sonra Rusiya kinoteatrları filmlərini “seans öncəsi xidmət” çərçivəsində nümayiş etdirməyə başladılar. Bu sxem izləyicilərə qısametrajlı film və ya sənədli film üçün bilet satmağı və sonra nümayişdən əvvəl Hollivud blokbasterini pulsuz nümayiş etdirməyi əhatə edir. Başqa bir sxem isə kinoteatr sahiblərinin yeni hüquqi şəxsi qeydiyyata almasını, ona bir neçə ekranı icarəyə verməsini və birbaşa pirat filmlərə bilet satmasını əhatə edir.

Məlumdur ki, kinoteatrlar filmlərin nüsxələrini əsasən Qazaxıstandan və “dost” MDB ölkələrindən əldə edirlər. Rəqəmsal nüsxələrin (DCP) satışı 2022-ci ilin may ayında başladı. Hər nüsxə kodlaşdırılsa da, bacarıqlı “sənətkarlar” (hakerlər - K.Ş.) orijinal DSP-ləri Rusiyada sonrakı satış üçün yenidən proqramlaşdırmağı öyrəniblər” (21.05.2026. ru.themoscowtimes.com).

Pirat üsullarla əldə olunaraq rus dilinə tərcümə olunmuş xarici filmlər bizim kinoteatelara necə yol tapır?

Bu filmlər üçün yayım vəsiqəsi necə əldə olunur?

Kino yayımı ilə məşğul olanlar yayım hüququnu aldığı filmləri Mədəniyyət Nazirliyinin Dövlət reyestr şöbəsində qeydiyyatdan keçirib yayım vəsiqəsi almalıdırlar. Qeydiyyatdan keçmək üçün hüquq sahibi ilə bağlanmış müqavilə (müqaviləyə əlavə olaraq hüquq sahibliyini təsdiq edən sertifikat), filmin pasportu (bu sənəddə filmin hansı dildə olması göstərilir), nümayişin başlanma və bitmə müddəti (lisenziyanın fəaliyyət dövrü) və digər hüquqi sənədlər təqdim olunmalıdır. Təqdim olunub-olunmadığını mən deyə bilmərəm. Onu dəqiq bilirəm ki, ABŞ studiyaları istehsal etdikləri filmlərin Rusiyada nümayişini 2022-ci ilin mart ayından dayandırıb. Demək ki, bu filmlərin rus dilində dublyaj olunması pirat üsullarla baş verir. Bu qanunsuz dublyaj olunmuş pirat filmlər isə bizim kinoteatrlarda nümayiş olunur.../// axar.az


Sizin reklam burada
Sizin reklam burada