Yaxın Şərqdə gərginliyin davam etdiyi bir vaxtda İsrailin regional strategiyası, Hizbullahın zəiflədilməsi istiqamətində atılan addımlar və münaqişənin Körfəz ölkələrinə yayılması ehtimalı beynəlxalq müzakirələrin əsas mövzularından biridir.
Politoloq Xəyal Bəşirov İsrail-İran qarşıdurmasının gedişatını və Yaxın Şərqdə yaranmış geosiyasi vəziyyəti şərh edib.
News365.az-a açıqlama verən politoloq bildirib ki, mövcud vəziyyət İsrailin əvvəlcədən planlaşdırdığı strategiyanın uğurlu mərhələlərindən biri kimi qiymətləndirilə bilər.

“Düşünürəm ki, bu, İsrail tərəfinin planının növbəti uğurlu mərhələsidir. Çünki hadisələr elə inkişaf edib ki, İsrail faktiki olaraq birbaşa hücumlara məruz qalmır. Düzdür, özü də İrana birbaşa hücum etmir, amma əsas təhlükələrindən biri hesab etdiyi şimal cəbhəsində – Hizbullah istiqamətində problemi həll etməyə çalışır. Bu istiqamətdə kifayət qədər uğurlu addımlar atılıb. Müharibə başlamazdan əvvəl Hizbullahın malik olduğu raket və pilotsuz uçuş aparatları arsenalı, eləcə də digər hərbi imkanları xeyli zəiflədilib”, – deyə X.Bəşirov bildirib.
Politoloqun sözlərinə görə, hazırda İsrail Livan hökuməti ilə müəyyən danışıqlar aparır və eyni zamanda İranla birbaşa müharibə prosesindən kənarda qalmağa çalışır.
X.Bəşirov qeyd edib ki, son dövrlər bəzi ekspertlər və media orqanlarında İranın münaqişənin Körfəz ölkələrinə yayılmasında maraqlı olması barədə fikirlər səsləndirilir. Onun fikrincə, bu yanaşma tam doğru deyil.
“Bəli, İran cəbhənin genişlənməsində maraqlı ola bilər. Ancaq bu, Körfəz ölkələrinin hesabına mümkün görünmür. Çünki həmin dövlətlər nə İranın yanında yer alaraq ABŞ və ya İsrailə qarşı müharibəyə qoşulacaqlar, nə də açıq şəkildə İsrailin tərəfində dayanırlar. Əksinə, onlar bu prosesdən ən çox zərər görəcək tərəflər olduqları üçün mümkün qədər münaqişədən uzaq qalmağa çalışırlar”, – politoloq vurğulayıb.
Onun sözlərinə görə, münaqişənin coğrafiyasının genişlənməsində daha çox maraqlı olan tərəf İsraildir.
“İsrail müxtəlif ölkələr, o cümlədən İordaniya vasitəsilə prosesin genişlənməsində maraqlıdır. Təbii ki, Amerika Birləşmiş Ştatları da bu prosesdə müəyyən maraqlara malikdir. Ən az maraqlı olan tərəf isə Körfəz ölkələri və İordaniyadır”, – deyə o bildirib.
Böyük Britaniyanın mövqeyinə də toxunan X.Bəşirov hakimiyyət dəyişikliyindən sonra Londonun Vaşinqtona müəyyən dəstək verdiyini bildirib.
“Böyük Britaniyada hakimiyyət dəyişikliyindən sonra yeni hökumət ABŞ-ın bəzi hərbi imkanlardan istifadəsinə razılıq verib. Söhbət hava bazalarından və Diego Garcia adasındakı hərbi infrastrukturdan istifadədən gedir. İran tərəfi də zaman-zaman bununla bağlı sərt bəyanatlar səsləndirib, hətta təxminən 4 min kilometr məsafədə yerləşən Diego Garcia adasına raket zərbələrinin endirilə biləcəyi ilə bağlı fikirlər irəli sürüb”, – deyə politoloq əlavə edib.