Hikmət Hacıyevdən itkin düşənlərlə bağlı paylaşım: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var" - FOTO

Hikmət Hacıyevdən itkin düşənlərlə bağlı paylaşım: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var" - FOTO
13:35

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 30 avqust - Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib.

News365.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi dərin humanitar və milli əhəmiyyət kəsb edən məsələ olaraq qalır. Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş kimi qeydiyyatdadır.

Məsələ Prezident İlham Əliyevin daim diqqət və qayğısı altındadır. Dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrə uyğun olaraq, Dövlət Komissiyası itkin düşmüş Azərbaycan vətəndaşlarının axtarışı, aşkarlanması, şəxsiyyətlərinin müəyyənləşdirilməsi və qalıqlarının onillərlə davam edən qeyri-müəyyənlikdən sonra ailələrinə qaytarılması üçün sistemli səylərini davam etdirir.

Şahidlərin ifadələri yoxlanılır, ehtimal edilən dəfn yerləri araşdırılır, kütləvi məzarlıqlarda qazıntı işləri aparılır, aşkar edilmiş qalıqlar isə məhkəmə və DNT müayinələrindən keçirilir. Bu günə qədər 32 kütləvi məzar aşkar edilib və 328 itkin şəxsin kimliyi DNT müayinəsi ilə müəyyənləşdirilib.

Bununla əlaqədar olaraq, Ermənistan tərəfindən itkin düşmüş azərbaycanlıların taleyi, o cümlədən dəfn yerləri barədə dəqiq və əhatəli məlumatın verilməsi vacib olaraq qalır. Belə əməkdaşlıq, ilk növbədə, humanitar öhdəlikdir və minlərlə ailənin onilliklərdir davam edən qeyri-müəyyənliyə son qoyması üçün vacibdir.

Çətin relyefə, hava şəraitinə, eləcə də mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələrə baxmayaraq, axtarış əməliyyatları bütün mövcud resurslardan və qabaqcıl texnologiyalardan istifadə edilməklə davam etdirilir.

Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var.

Hər itkin düşmüş şəxsin adı var.

Hər ailə cavab almağa layiqdir", - deyə Hikmət Hacıyev vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada