Səhər yuxudan oyanan kimi qəhvəyə əl atırsınızsa, bu vərdişinizi dəyişmək barədə düşünə bilərsiniz. Mütəxəssislər günə qəhvə ilə başlamaq istəyənlərə ilk fincanı bir qədər gec içməyi məsləhət görürlər.
News365.az xəbər verir ki, dietoloq Pablo Ojeda İspaniyanın ABC nəşrinə açıqlamasında səhər qəhvəsinin qəbul vaxtına diqqət yetirməyin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, oyandıqdan sonra orqanizmdə kortizolun səviyyəsi təbii olaraq yüksəlir. Bu hormon insanın oyanıq qalmasına və günə başlamasına kömək edir. Belə bir vaxtda qəhvənin stimullaşdırıcı təsirindən istifadə etməyə tələsməmək tövsiyə olunur.
Dietoloq ilk fincan qəhvəni yuxudan oyandıqdan təxminən 45 dəqiqə sonra içməyi məsləhət görüb.
Səhərə qəhvəsiz başlaya bilməyənlər üçün isə alternativ də var. Ojeda oyandıqdan dərhal sonra kofeinsiz qəhvə içməyi, bir qədər vaxt keçdikdən sonra isə adi qəhvəyə üstünlük verməyi təklif edib.