Türkiyənin paytaxtı Ankarada Azərbaycan səfirliyinin qarşısında keçirilən aksiya və burada səsləndirilən fikirlər müzakirələrə səbəb olub. Aksiyada Azərbaycanda hicabın qadağan edildiyi iddia olunub, eyni zamanda ölkənin xarici siyasətinə və dünyəvi dövlət quruluşuna qarşı ittihamlar səsləndirilib.
News365.az xəbər verir ki, politoloq Turan Rzayev məsələ ilə bağlı açıqlamasında aksiyanı təşkil edən “Köklü Değişim” platformasını və çıxış edən ilahiyyatçı Abdullah İmamoğlunun fikirlərini tənqid edib.

Politoloqun sözlərinə görə, oktyabrın 13-də baş tutan aksiyada Azərbaycanda hicabın qadağan olunması ilə bağlı iddialar səsləndirilsə də, çıxışların məzmunu daha geniş siyasi məqsədlərə işarə edir.
Rzayev bildirib ki, Abdullah İmamoğlu çıxışı zamanı Azərbaycanla İsrail arasındakı münasibətləri tənqid edib, Türkiyə hakimiyyətini isə Azərbaycanda baş verənlərə susmaqda ittiham edib. Politoloqun diqqət çəkdiyi əsas məqam İmamoğlunun gələcəkdə “Rəşidi Xilafət dövləti” qurulacağı təqdirdə hər şeyin hesabının soruşulacağını deməsidir.
Turan Rzayev hesab edir ki, bu cür bəyanatlar məsələnin yalnız dini geyimlə bağlı olmadığını, Azərbaycanın dünyəvi dövlət quruluşuna qarşı yönələn siyasi və ideoloji yanaşmanın da mövcudluğunu göstərir.
“Türkiyənin özünü də hədələyir”
Politoloq çıxışdakı ziddiyyətlərə də diqqət çəkib. Onun fikrincə, İmamoğlunun Türkiyə ərazisində, özü də Azərbaycanın ünvanına səsləndirdiyi təhdidlər təkcə Bakıya deyil, Türkiyənin özünə münasibətdə də suallar yaradır.
Rzayev qeyd edib ki, Abdullah İmamoğlu daha əvvəl də Türkiyənin Fələstin və Qəzza ilə bağlı siyasətini, eləcə də hərbi müdaxilədən çəkinməsini tənqid edib və Prezident Rəcəb Tayyib Ərdoğanı hədəfə alıb.
Politoloq dini ideyaların siyasi məqsədlər üçün istifadəsinin təhlükəli nəticələr doğura biləcəyini vurğulayıb. Onun fikrincə, radikal dini yanaşmalar yalnız Türkiyə hakimiyyəti üçün deyil, regionun sabitliyi baxımından da risk yaradır.
Rəşidi Xilafəti tarixdə hansı rolu oynayıb?
Turan Rzayev çıxışında “Rəşidi Xilafəti” anlayışının tarixi mahiyyətinə də toxunub. O xatırladıb ki, 632–661-ci illəri əhatə edən bu dövr Məhəmməd peyğəmbərin vəfatından sonra hakimiyyətə gələn ilk dörd xəlifənin idarəçiliyi ilə bağlıdır.
Həmin dövrdə müsəlman dövlətinin əraziləri genişlənsə də, hakimiyyət uğrunda mübarizə və daxili qarşıdurmalar getdikcə dərinləşib. Xəlifə Osmanın öldürülməsindən sonra gərginlik artıb, Əli ibn Əbu Taliblə Müaviyə arasındakı qarşıdurma isə müsəlman dünyasında ciddi parçalanmaya səbəb olub. 661-ci ildə Əlinin öldürülməsindən sonra Müaviyənin hakimiyyətə gəlməsi ilə Rəşidi Xilafəti dövrü başa çatıb və Əməvilər sülaləsinin hakimiyyəti başlayıb.
Politoloq müasir dövrdə xilafət ideyasının radikal qruplar tərəfindən gündəmə gətirilməsinin yaratdığı təhlükələrə də diqqət çəkib. O, İŞİD terror təşkilatının keçmiş lideri Əbu Bəkr əl-Bağdadinin nümunəsini xatırladaraq, belə ideyaların regionda qanlı münaqişələrə və insanların kütləvi şəkildə öldürülməsinə gətirib çıxardığını vurğulayıb.
“Biz xilafəti lərzəyə gətirən Babəkin varisləriyik”
Azərbaycanın tarixi keçmişinə toxunan Turan Rzayev bildirib ki, ölkəni xilafət ideyası ilə hədələmək mənasızdır. Onun fikrincə, Azərbaycan xalqının tarixi müqavimət ənənələri bu cür təhdidlərə cavab vermək üçün kifayət qədər əsas yaradır.
Politoloq Babək Xürrəminin ərəb xilafətinə qarşı mübarizəsini xatırladaraq Azərbaycanın tarixi irsinə istinad edib.
“Bizə xilafət gərək deyil. Biz xilafəti lərzəyə gətirən Babək Xürrəminin varisləriyik. Lazım gələr, bir də o xilafəti yıxarıq”, – deyə Turan Rzayev bildirib.
O, fikirlərini Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün həyata keçirdiyi islahatlara da bağlayıb. Politoloq qeyd edib ki, Türkiyədə xilafət 1924-cü ildə ləğv edilib və bu tarixi qərar müasir Türkiyə dövlətçiliyinin formalaşmasında mühüm mərhələ olub.