Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı milyarder İlon Maskdan ölkədə “Starlink” peyk rabitəsi sisteminin yenidən aktivləşdirilməsini istəyib. Zelenski rabitə sisteminin sürətindəki azalmanın ciddi problemlərə yol açdığını bildirib.
Ukrayna lideri bu barədə britaniyalı aparıcı Pirs Morqanın “Uncensored” verilişində danışıb.
Zelenskinin sözlərinə görə, “Starlink”in sürətinin aşağı düşməsi sistemdəki problemləri açıq şəkildə göstərir. O, bu səbəbdən İlon Maska müraciət etdiklərini vurğulayıb.
Məsələ ilə bağlı daha əvvəl Ukraynanın müdafiə sahəsində fəaliyyət göstərmiş müşaviri Sergey Sternenko da açıqlama verib. O, oktyabrın 14-nə keçən gecə “Starlink” terminallarının fəaliyyətinə məhdudiyyətlər tətbiq edildiyini bildirib.
Sternenkonun iddiasına əsasən, terminalların hərəkət sürəti saatda 160 kilometrdən artıq olduqda rabitədə fasilələr yaranıb. Bu vəziyyət Ukrayna Silahlı Qüvvələrinin bir sıra mühüm əməliyyatlarının həyata keçirilməsinə mane olub.
Keçmiş müşavir hesab edir ki, məhdudiyyətlərin tətbiqi ABŞ prezidentinin administrasiyasının müraciətindən sonra “SpaceX” şirkətinin atdığı addımla bağlı ola bilər. Bununla belə, məhdudiyyətlərin səbəbi ilə bağlı səsləndirilən iddialar ayrıca təsdiq tələb edir.
News365.az