Türkiyədə Azərbaycanda hicabın qadağan olunduğu iddiaları ətrafında müzakirələr davam edir. Bu müzakirələrdə Ermənistan məktəblərində hicabın sərbəst olduğu ilə bağlı fikirlərin səsləndirilməsi isə politoloq Asif Nərimanlının tənqidinə səbəb olub.
News365.az xəbər verir ki, politoloq Asif Nərimanlı məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O, Türkiyənin “Yenidən Rifah” Partiyasının sədri Fatih Ərbakanın Ermənistan məktəblərində baş örtüyünün sərbəst olması barədə açıqlamasına diqqət çəkib. Ərbakanın sözlərinə görə, bu məlumatı araşdıran şəxslər ona təqdim ediblər.
Asif Nərimanlı hesab edir ki, Ermənistanın Azərbaycana nümunə göstərilməsi ölkədəki dini və demoqrafik vəziyyət nəzərə alınmadan irəli sürülən yanaşmadır. Politoloq xatırladıb ki, ötən əsrin sonlarında Ermənistan ərazisində yaşayan azərbaycanlılar kütləvi şəkildə deportasiya olunublar.
Onun paylaşımında Ermənistanın İslam irsinə münasibəti də tənqid edilib. Nərimanlı qeyd edib ki, azərbaycanlıların deportasiyasından sonra ölkədə müsəlman əhalinin sayı kəskin azalıb, tarixi məscidlərin böyük hissəsi isə dağıdılıb.
Politoloq İrəvandakı Göy məscidin də qorunub saxlanılmasını dini irsə hörmətlə deyil, siyasi və tarixi məqsədlərlə əlaqələndirib. O, məscidin Azərbaycan irsi ilə bağlılığının arxa plana keçirildiyini iddia edib.
Asif Nərimanlı Türkiyədəki bəzi siyasətçilərin Ermənistanı Azərbaycana nümunə göstərməsini də tənqid edib. Onun fikrincə, bu cür müqayisələr həm tarixi faktların, həm də Ermənistanın mövcud demoqrafik vəziyyətinin nəzərə alınmasını tələb edir.
Qeyd edək ki, Azərbaycanda hicabın qadağan olunması ilə bağlı iddialar son günlər Türkiyədə keçirilən aksiyalar və siyasi çıxışlar fonunda gündəmə gəlib.