"Hər bir uşağın sağlam həyata başlaması üçün..."- uşaq- kardioloqu Elşən Rzayev

"Hər bir uşağın sağlam həyata başlaması üçün..."- uşaq- kardioloqu Elşən Rzayev
17:41

"Körpədə anadangəlmə ürək qüsurlu olub-oladığını necə bilmək olar?

Bu sualı News365.az-a cavablandıran uşaq- kardioloqu Elşən Rzayev bildirir ki,  pediatrlarımız, rutin müayinələr zamanı, uşağın ümumi sağlamlığını qiymətləndirərkən ürək küylərini dinləyir və onların xarakterini təyin etməyə çalışırlar:

"Uşaq dünyaya gəldikdə, onun ürəyində müxtəlif küylər müşahidə oluna bilər. Bu, bəzi hallarda normal fizioloji hal sayılsa da, bəzən ciddi ürək problemlərinin əlaməti də ola bilər. Əgər uşağın ürəyində hər hansı bir qeyri-adi küylər eşidilərsə, bu, valideynlər üçün xəbərdarlıq siqnalı olmalıdır.

Ümumiyyətlə, hər bir uşağın sağlam həyata başlaması üçün doğulduqdan sonra ürəyinin bir dəfə mütəxəssis tərəfindən yoxlanılması tövsiyə olunur. Çünki yeni doğulmuş körpənin ürəyində müəyyən struktur dəyişiklikləri, doğuşdan gələn dəliklər və damar açıqlıqları ola bilər. Bu cür anadangəlmə ürək problemləri ilkin mərhələdə aşkar olunmadıqda, uşağın inkişafına mənfi təsir göstərə bilər və sonrakı dövrlərdə ciddi fəsadlara səbəb ola bilər. Məhz buna görə də, pediatrik kardioloji müayinə həyatın ilk günlərində və aylarında vacib hesab edilir.

Kardioloq belə bir vəziyyətdə valideynlərin bilməli olduğu əsas nüanslardan danışıb:

"Valideynlər bilməlidirlər ki, vaxtında aparılan bir kardioloji müayinə, gələcəkdə uşağın sağlam böyüməsi üçün çox vacibdir. Çünki bəzi ürək problemləri erkən dövrdə aşkar edilərsə, onları daha effektiv şəkildə müalicə etmək mümkündür. Erkən diaqnoz, müalicənin vaxtında başlanmasına və daha ciddi fəsadların qarşısının alınmasına imkan yaradır. Həyatın ilk günlərində və ya aylarında edilən müayinələr uşağın gələcək sağlamlığına ciddi töhfə verə bilər."

 News365.az