Son günlər Rusiyanın təhlükəsizlik strukturlarında baş verən hadisələr regionda təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.
Məsələ ilə bağlı News365.az-a açıqlama verən Hərbi ekspert Üzeyr Cəfərov bildirib ki, bu hadisələr Rusiyanın daxilindəki dərin korrupsiya və idarəçilik böhranının göstəricisidir.
“Ümumilikdə bölgədə təhlükə yoxdur. O ki qaldı kəşfiyyatla bağlı səsləndirilən bəyanatlara – bunlar daha çox ritorik xarakter daşıyır. Son həftələrdə Rusiyada Müdafiə Nazirliyinin yüksək rütbəli iki generalı yaşadıqları binaların qarşısında sui-qəsd nəticəsində öldürülüb. Bundan əlavə, Mariupolda əməliyyatlara rəhbərlik edən şəxsin də həyatına son qoyulduğu barədə rəsmi və qeyri-rəsmi mənbələrdən görüntülər yayıldı,” – deyə ekspert bildirib.
Onun sözlərinə görə, bu hadisələr Rusiyanın təhlükəsizlik strukturlarının zəiflədiyini və ciddi korrupsiya halları ilə üzləşdiyini təsdiqləyir:
“Hazırda Rusiyanın təhlükəsizlik və müdafiə qurumları rüşvət və korrupsiyaya bulaşmış vəziyyətdədir. Bunun nəticəsində bu strukturlar ölkəni uçuruma aparan amillərdən birinə çevrilib.”
Ekspert keçmiş müdafiə naziri, hazırda Rusiya Təhlükəsizlik Şurasının katibi olan Sergey Şoyquya və onun rəhbərlik etdiyi dövrdə nazirlikdə baş verən korrupsiya qalmaqallarına da diqqət çəkib:
“Məsələn, Müdafiə Nazirinin müavini Timur İvanov korrupsiya ittihamları ilə saxlanılıb. Bu, sistem daxilində dərin pozuntuların olduğunu bir daha sübut edir. Təkcə generallar və xüsusi xidmət orqanları deyil, hətta yol patrul xidmətləri də başdan-ayağa korrupsiyaya bulaşıb.”
Ekspert hesab edir ki, bu vəziyyət Rusiyanın beynəlxalq miqyasda təzyiq imkanlarını zəiflədir və ölkə daxilində təhlükəsizlik strukturlarına olan inamı sarsıdır.