Gündüz yuxusu üçün ən uyğun vaxt açıqlandı

Gündüz yuxusu üçün ən uyğun vaxt açıqlandı
17:44

Bir çox insan nahardan sonra enerji səviyyəsinin aşağı düşdüyünü hiss edir. Belə hallarda əlavə bir fincan qəhvə içmək və ya bir neçə dəqiqə mürgüləmək istəyi yaranır. Gündüz yuxusu uzun müddət mənfi qiymətləndirilsə də, yuxu üzrə mütəxəssislər bildirirlər ki, düzgün vaxtda edilən qısa mürgü əhval-ruhiyyəni yaxşılaşdıra, diqqəti artıraraq məhsuldarlığı yüksəldə bilər. 

News365.az 
xəbər verir ki, bu barədə “EatingWell” nəşri yazıb.

Mütəxəssislərin sözlərinə görə, gündüz mürgüsü üçün ən uyğun vaxt saat 13:00–15:00 aralığıdır.

Yuxu üzrə mütəxəssis Daniel Smayli bildirib ki, yalnız bir ideal vaxt seçmək lazım gəlsə, günortadan sonrakı ilk saatları tövsiyə edərdi.

Onun sözlərinə görə, bu vaxt edilən qısa yuxu ayıqlığı, məhsuldarlığı, əhval-ruhiyyəni və fiziki bərpanı yaxşılaşdıra, insanın daha gümrah oyanmasına kömək edə bilər.

Məqalədə qeyd olunur ki, nahardan sonra qısa mürgünün əsas üstünlüklərindən biri idrak fəaliyyətinin yaxşılaşmasıdır. Orqanizmin təbii enerji enişi dövründə edilən qısa yuxu oyaq qaldıqca artan bioloji yuxu ehtiyacını azaltmağa kömək edir.

Daniel Smayli vurğulayıb ki, gündüz yuxusunu keyfiyyətli gecə yuxusunun əvəzi deyil, bərpa vasitəsi kimi qiymətləndirmək lazımdır.

"Əgər düzgün planlaşdırılarsa, gündüz mürgüsü enerji səviyyəsinin, idrak funksiyalarının və ümumi həyat keyfiyyətinin qorunmasına kömək edə bilər", deyə mütəxəssis bildirib.

Araşdırmalara görə, insan beyni yuxu zamanı, o cümlədən qısa mürgü zamanı da aktiv fəaliyyətini davam etdirir. Bu müddətdə yeni məlumatların qısamüddətli yaddaşdan uzunmüddətli yaddaşa ötürülməsi prosesi güclənir ki, bu da öyrənilən məlumatların daha yaxşı yadda saxlanılmasına və yeni informasiyanın mənimsənilməsinə şərait yaradır.

Məqalədə qeyd edilir ki, təxminən 30 dəqiqə davam edən gündüz yuxusu yaddaşın formalaşmasını yaxşılaşdıra, yeni məlumatların mənimsənilməsini asanlaşdıra bilər. Bu xüsusilə tələbələr, növbəli iş rejimində çalışanlar və yüksək zehni gərginlik tələb edən işlə məşğul olan insanlar üçün faydalı hesab olunur.

Mütəxəssislər əlavə ediblər ki, gündüz yuxusu yalnız beyin üçün deyil, orqanizmin fiziki bərpası baxımından da əhəmiyyətlidir. Yuxu zamanı orqanizm bərpa rejiminə keçir, enerji toxumaların yenilənməsinə, enerji ehtiyatlarının bərpasına və əzələlərin bərpasını təmin edən hormonların ifrazına yönəldilir.

Bundan əvvəl alimlər müntəzəm fiziki fəaliyyətlə beyin üçün faydalı qidalanmanın birlikdə yaddaşı gücləndirdiyini və demensiya riskini azaltdığını açıqlamışdılar.

Həmçinin başqa bir araşdırmada mütəxəssislər bildiriblər ki, dörd-səkkiz həftə ərzində müntəzəm şəkildə şokolad və ya çay istehlakı arterial təzyiqin aşağı düşməsinə müsbət təsir göstərə bilər.


Sizin reklam burada
Sizin reklam burada