Milli Şuranın üzvü, sabiq millət vəkili Gültəkin Hacıbəylinin Türkiyədən deport olunması müzakirələr doğurub.
News365.az xəbər verir ki, Gültəkin Hacıbəyli 25 sentyabrda Türkiyəyə getdiyini, izn verilən 3 aylıq müddətin hələ tamamlanmadığını, üstəlik, qardaş ölkədə 2 illik oturum izni olduğunu yazıb, dolayısı ilə deport olunmasına etirazını bildirib.
Gültəkin Hacıbəyli bu barədə yazanda deport olunmamışdı. Maraqlıdır ki, sabiq millət vəkili “qapısı ilk döyüləndə” bu sözləri yazmışdı:
“İndicə oğlumla birlikdə İstanbulda kirayədə yaşadığım evin qapısını döydülər, əmniyyətdən gəliblər, məni karakola (Polis İdarəsinə) aparırlar. Heç bir səbəb yoxdur, Türkiyəyə 25 sentyabrda gəlmişəm, 3 aylıq müddətim bitməyib, üstəlik iki illik oturma iznim var. Azərbaycan hökumətinin sifarişi ilə çox güman ki, Türkiyədən deportasiya olunacağam”.
Polis İdarəsinə dəvət olunduğu halda deport olunacağını necə təxmin edir? Ümumiyyətlə, deport olunması niyə gündəmə gəlib?
Məsələ burasındadır ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi ilə bağlı aparılan istintaqda adı keçənlərdən biri də Gültəkin Hacıbəylidir. G.Hacıbəyli istintaqın çağırışına cavab vermədiyi halda Türkiyəyə sorğu verilə bilərdi və yəqin ki, prosedur da bu cür baş verib: G.Hacıbəyli istintaqa dəvət edilib, imtina etdiyi üçün digər hüquqi yola əl atılıb.
G.Hacıbəylinin deport olunarkən Bakıda DTX əməkdaşları tərəfindən qarşılandığı haqda informasiya da təsdiqləyir ki, o, istintaqdan yayınmağa cəhd edib.
G.Hacıbəyli ona görə “karakola” dəvət edilən kimi deport ediləcəyini təxmin etmişdi, çünki hüquqi proseduru pozduğunu bilirdi.
Digər tərəfdən, onunla birgə ramiz Mehdiyev işində adı hallanan Əli Kərimli barəsində artıq 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. Bu isə onu ehtimal etməyə əsas verir ki, G.Hacıbəylinin də eyni maddə ilə şübhəli sayılmasını təsdiqləyən ciddi sübutlar var və bu sübutlar da onun deportu üçün müraciət göndərilməsinə səbəb olub.