Saleh Güllücinski 1930- cu illərdə yaşamış və Stalin represiyasına uğramış Azərbaycanın aydın insanlarından biridir. Əslən İrəvan yaxınlığındakı Güllücə kəndindən olan S.Güllücinski 1899-cu il 17 sentyabrda İrəvan şəhərində doğulub. Atası Məşədi Teymur və anası Leyli xanım o zamankı İrəvanın sayılan, imkanlı ailələrindən olub. Saleh 1911- ci ildə İrəvandakı Puşkin adına rus -tatar şəhər məktəbini , 1915 ci ildə isə İrəvan müəllimlər seminariyasını bitirir. Onun adına İrəvan müəlimlər seminariyası haqqında yazılan bütün kitablarda rast gəlmək olar.
1916-cı ildən (17 yaşında ikən) 1918- ci ilə kimi (İrəvan soyqırımları başlayana qədər) İrəvan dairə məhkəməsində rus dilindən tərcüməçi kimi fəaliyyət göstərir.
1918-ci ildə İrəvanda erməni soyqırımları başlayanda Saleh Güllücinski daşnaklarla mübarizə aparmaq üçün bolşeviklərə qoşulur. O, dəfələrlə daşnakların hakimiyyəti dövründə silahdaşlarıyla ölümdən qurtulur.
"Sovet Ermənistanı" qəzetinin redaktoru və Ermənistan SSR maarif naziri müavini kimi vəzifələrdə işləmiş, Rza Vəlibəyov 1969- cu ildə nəşr etdiyi "Keçmişdən Səhifələr " adlı kitabında yazır:" İnqilabi hökumət İrəvanı tərk edir. Lakin Saleh Güllicinski , Həsənəli Axundov və Əli Əkərəkli əllərində silah Norkdan şəhərə yenənədək artıq şəhər daşnaklar tərəfindən işğal edilmişdi. Onların üçü də gizli surətdə bağdan bağa keçib silahlarınıda üzüm tənəklərinin altında gizlədib, evlərinə doğru getməyə başlamışdı. Saleh Güllicinski ilə Həsənəli Axundov sabiq Tarxanov küçəsi istiqaməti ilə bağlarla şimala, Əli Əkərəkli isə cənuba tərəf hərəkət etdilər. Güllicinski və H.Axundov evlərinə çatmayaraq silahlı daşnaklara rast gəlirlər. Daşnaklar onlara hücüm etdikdə Güllicinski və Axundov özlərini bir neçə addımlıqda olan türk konsulluğunun binasının girişinə ataraq canlarını qurtarırlar. Əli isə hər yerdə bağlarla gedərək özünu Qəriblər məhəlləsində yaşayan əmisin evinə salır."
1920-ci ildə İrəvanda bolşeviklərin hakimiyyəti dövründə Kommunist Partiya sıralarına daxil olan S.Güllicinski özünü siyasi cəhətdən hazırlıqlı və savadlı göstərdiyinə görə 1920-1923-cü illərdə Ermənistan SSR Fövqaladə Komisiyasının ilk müstəntiqi, 1921-ci ilin əvvəllərində isə Vedi rayon Hərbi İnqilab Komitəsinin ilk sədri vəzifələrində çalışır.
Ermənistanda Qızıl ordunun Xüsusi şöbəsinin müstəntiqi vəzifəsində çalışan Saleh Güllücinski 1920-1921 ci illərdə Ermənistanda daşnaklara qarşı mübarizədə fəal iştirak edir. R.Vəlibəyov yazır ki, Ermənistanda ilk partiya təşkilatı qurulanda onun tərkibində 20-25 adam vardı. Onlardan ən önəmliləri isə Qənnatı Səfər, Cahangir Ələkbərbəyov, Saleh Güllicinski, Hüseyn Salmanov Musa Vəlibəyov, İsa Muğanlinski, Cilingər Məmmədəli, Əsgər İmranov, Rza Axundov,Yusif Abbasov, Rza Vəlibəyov və digərləri idi .
"Təşkilat üzvlərindən ən hazırlılıqlarl Saleh Güllicinski və Cahangir Ələkbərbəyov idilər. Onlar növbə ilə təşkilat üzvləri üçün söhbət və mühazirələr keçirirdilər.S.Güllicinski özünün elmi ,siyasi biliyinin yüksəlməyi ilə müntəzəm məşğul idi. Güllicinski söhbətkeş və cəzbedici yoldaş idi." R.Vəlibəyov "Keçmişdən səhifələr"
Saleh Güllücinski 1922-ci ildə Vedi rayon icrayyə komitəsinin sədri vəzifəsində çalışarkən erməni daşnaklarından yenicə geri alınmış Vedibasar rayonunun dinc həyata qayıtması, Arazın o tayında mühacirətdə olan əhalinin doğma yurd yuvasına geri dönməsi üçün əlindən gələni edirdi. Adamlar yavaş- yavaş geri, daşnaklar tərəfindən yandırılmış, talan edilmiş doğma kəndlərinə qayıdır, uçurulub- dağılmış evlərini bərpa
edir, yaxud yenidən tikirdilər.
Belə bir vaxtda bir tərəfdən də Ermənistan SSR rəhbərliyi İrandan, Türkiyədən axışıb gələn erməniləri digər rayonlarla yanaşı Vedibasarın azərbaycanlı kəndlərində də məskunlaşdırmağa çalışır. Erməni hökumətinin bu siyasətinə kəskin etiraz edən yerli əhali S.Güllüciniskinin şəxsində özünün müdafiəçisini tapır.
1922-ci il iyul ayında Saleh Güllüciniski Vedi rayon İcrayyə Komitəsinin sədri vəzifəsində çalışır. Onun ermənilərin Vedibasarda məskunlaşmasını əngəlləyən hərəkətləri təbii ki, erməni rəhbərliyini təmin etmirdi. Odur ki onlar S.Güllüciniskini Vedi rayonundan uzaqlaşdırmaq üçün bəhanə axtarırdılar.Nəhayət belə bir bəhanə tapılır. O, 1922-ci ilin sonlarında Tiflisdə yeni açılmış Zaqafqaziya Kommunist Universitetinə təhsilini davam etməyə göndərilir.
R.Vəlibəyovun "Keçmişdən səhifələr" adlı kitabında S.Güllicinski və Abasqulu bəy Şadlinskinin arasındakı səmimi dostluqdan bəhs edilir:
"Abasqulu bəy Şadlınski Vedibasar ərazisində Dəvəli kəndinin kənarında kirəc təpələrinin inşaat üçün istifadə edilməsi haqqında məsələ qaldırır.Karxananın işi barədə danışarkən Abasqulu Bəy Şadlinski bu sözləri deyib: Saleh Güllicinski rayonumuzun ən ağır zamanında gecə-gündüz Cahangir Ələkbərbəyovla birlikdə yorulmaq bilmədən çalışdıqda mən onda olan tükənməz enerjiyə təəccüb etdim. Dəvəlidə kirəc karxanasının yaradılmasının zərurəti haqqında o kişi (S.Güllicinski) az əmək sərf etmədi. Dəfələrlə biz onunla İrəvan qəza icrayyə komitəsinə yazdıq, birlikdə oraya getdik. Əvvəl dedilər ki, Dəvəlidə kirəc olması yenilik deyil.Amma çox çətinliklər olmasına baxmayaraq tədricən hər şey aradan qaldırılacaq."
R.Vəlibəyov "Keçmişdən səhifələr"
1924-1926-cı illərdə Tiflisdə təhsilini davam etdirən S.Güllicinski əslən Borçalıdan olan, onunla eyni universitetdə oxuyan Səkinə adlı bir xanımla evlənir və bu evlilikdən onların Ələsgər (Sako) adında yeganə övladı dünyaya gəlir.
1926-cı ildə universiteti bitirdikdən sonra S.Güllücinski Rəfiqə xanımın dediyinə görə (Güllücinskinin bacısı qızı) M.C.Bağırov (Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Fövqəladə Komissiyasının sədri vəzifəsində çalışarkən) tərəfindən Bakıya dəvət olunur və ailəsi ilə birlikdə Bakıya köçür.
1926- 1927- ci illərdə S.Güllücinski Azərbaycan KP MK-nın altqrupunun üzvü, 1927- 1929- cu illərdə isə Bakı sovet partiya məktəbində həm müəllim, həm də tədris hissəsinin müdiri vəzifəsində çalışır.
O, dövrün "Kommunist"və "Bakiniskiy Raboçi" qəzetlərində təbliğat -təşviqat qruplarının toplantılarında S.Güllücinskinin adına tez-tez rast gəlinir.
1929-1930-cu illərdə Azərbaycan SSR Xalq Maarif Komissarlığının Uşaqların sosial tərbiyəsi və politexnik təhsili Baş idarəsində rəis müavini vəzifəsində çalışan S.Güllücinski 1930- cu ildə Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin səlahiyyətli nümayəndəsi olmuşdur.Arxiv sənədlərində S.Güllücinskinin 1930-cu ildə Xıllı əməliyyat sahəsindən Siyasi İdarənin səlahiyətli nümayəndəsi kimi hesabat yazıları məlumdur.
1931-1933-cü illərdə S.Güllücinski Moskvaya, Qırmızı Professorlar İnstitunda təhsilini davam etməyə göndərilir. Moskvada təhsil alarkən S.Güllücinski savadlı və rus dilini mükəmməl bilən mütəxəssis kimi Moskva Polad İnstitunda və Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasında fəlsəfə müəllimi işləyir.
1931 - 1933-cü illərdə Rusiyada həm oxuyub həmdə müəllim kimi çalışan S.Güllücinski yenidən Bakıya çağrılır.. Beləliklə, Güllücinski 1933-1934- cü illərdə Qasım İsmayılov ( indiki Goranboy) rayon MTS-in siyasi şöbəsinin müdiri, 1934- 1935-ci illərdə Azərbaycan SSR Xalq Torpaq Komissarlığının siyasi bölməsinin rəis müavini vəzifəsində çalışır.
S.Güllücinski Qasım İsmayılovda 1934-cü ilin sonlarına qədər işləyir. Həmin ilin yəni 1934-cü ilin mayın 14-də Zaqafqaziyada ilk olaraq Lenin ordeni ilə təltif olunur.
Güllücinski MTS-də çalışarkən MTS-in direktoru hay Taninyanla ulduzları barışmır. Arxiv sənədlərində Güllücinski Taniyanı oğurluqda günahlandırır. Ümumiyyətlə yaxınlarınin dediyinə görə Güllücinskinin ürəyində hər zaman erməni nifrəti olub. Bu da təbii idi. O,heç bir zaman 1918-ci ildə İrəvanda daşnakların azərbaycanlılara soyqırımını unutmur. Bu səbəbdən Güllicinski Taninyanin oğru olduğunu, evinə kolxozdan ərzaq göndərdiyini, özünə əlavə maaş yazdığını siyasi şöbənin nə demək olduğunu anlamadığını dəfələrlə siyasi idarəyə yazır və onun işdən çıxarılmasını, həbs olunmasını istəyir.
1933-cü ildə isə artıq əksinqilabi Trotski həbsləri başlanmışdı.
1934-cü ilin dekabrında Q. Stepanov Azərbaycan Ali Kommunist Kənd təsərrüfatı məktəbinin (Az.AKTM )rektoru vəzifəsindən azad olur, onun yerinə S.Güllücinski təyin olunur. 1935-ci il iyulun 3-də Az.AKTM-ə (yəni partiya məktəbinə) Mərkəzi Komitədən yoxlama göndərilir.
Bəhanələrə hazırlıqlar başlayır...
1935-ci il aprelin 21-də Az.AKTM-də, yəni Partiya Ayna Sultanova Gəncə Kənd Təsərrüfatı İnstitutunun rektoru Əzim Dadaşov haqqında M.C.Bağırova hesabat oxuyur. İclasda Safarov, Cuvarlinski, Batikyan, Baqramov, Sarkisov, R. Axundov,Vəli Xuluflu vəs iştirak edir. İştirak edənlər arasında S.Güllücinskinin adına rast gəlinmir.
Ayna Sultanova Əzim Dadaşovun dövlətdən oğurluq etdiyini, dərslərdə müəllim və tələbələr arasında məsuliyyətsizlik hökm sürdüyünü deyir. O, Kirovun ölümündən sonra bir sıra tələbələrin Trotski danışıqlarından və bunların qarşısının alınmamasindan danışır.
Maraqlıdır ki, Ayna Sultanova və digər məruzəçilər bir dəfə də olsun S.Güllicinskinin adını çəkmirlər, baxmayaraq ki, iclas onun rektoru olduğu partiya məktəbində keçir. İçlasın sonunda Əzim Dadaşova söz verilir. O irəli sürülən ittihamların heç birini qəbul etmir. Lakin iclasın stenoqrafiyasında Əzim Dadaşovun belə bir cümləsi var:
" O,ki qaldı S.Güllücinskiyə, onda böyük dövlət milliyətçi və şovinizmi vardı. Lakin bunu konkret olaraq göstərə bilmərəm. Heç Ayna Sultanova da göstərə bilməz"
Sənədlərdən aydın olur ki Güllücinski o iclasda iştirak etmir. Hesabat da rus millətindən olan Birjinskinin böyük şovinist olduğundan türk kadrlarına və tələbələrinə qarşı ikili standart mövqeyindən bəhs edilir. Professir Birjinski tələbələrə Azərbaycan dilində dərs verilməsinin və elm namizədlərinin öz ana dilində müdafiə etmələrinin qarşısını almağa çalışır.
İclasda erməni tələbə Qoqiyan, Xaninyan və müəllim Qoruyanın Kirovun dəfni zamanı Stalinin də Kirov kimi yandıralacağını söyədikləri məlum olur. Erməni Danielyanin kafedrasında türk dilində heç bir dərslik olmadığı deyilir.
İclasda Birjinski ismi Əzim Dadaşovun diliylə Güllücinski kimi yazılır. Bu səhvənmi veya bilərəkdənmi yazılır bəlli deyil. Bəlli olan bunun məqsədli şəkildə sənədlərə daxil edilməsidir. Hesabatın 30-35-ci səhifələrinin sadəcə Əzim Dadaşovun cavabının bir yerində Güllücinskinin adı çəkilir və daha sonra yenidən Brjiniski adı yazılır. və iclasın sonunda Cuvarlinski Az. GKTI-nun rektoru təyin edilir.
Əzim Dadaşov hətta Danielyan haqqında şikayət edir və onun 1930-cü ilədək daşnak olduğunu deyir. M.C.Bağırov isə cavabında :"1930-cu ildə səndə müsavatçı idin."- deyir.
İclasın sonunda Bağırov hesabatda sadəcə bir məqama toxunaraq deyir : "Burada kommunist cinayəti var. Böyük dövlət şovinizminə diqqət çəkirik. Buradan müsavat qoxusu gəlir. " Bu Güllücinskiyə bir işarət idi.
Bu hadisədən bir az sonra qərar cıxır : "Bütün arxivlərə tapşırılsın ki, xüsusi icazə almadan heç kimə sənəd verilməsin. İcazə MK AKP dan alınmalıdır."
Məncə sənədlərdə nələrin baş verdiyi artıq məlum olur. O dövrdə M.C.Bağırov və digər səlahiyyətli rəhbərlərin arxiv dəyişikliyi etdiklərini artıq tarixçilər təsdiqləyirlər.
Azərbaycanın bütün görkəmli, savadlı ,vətənini sevən şəxsiyyətləri kimi S.Güllücinski də M.C.Bağırov üçün rəqib idi. M.C.Bağırov siyasi arenada kimsənin ondan daha irəlidə olmasını və adının yuxarı dairələrdə çəkilməsini istəmirdi. Bundan səbəbdir ki, Azərbaycan AKTM-də artıq Güllücinskiyə qarşı qarayaxmalar, böhtanlar başlayır. 1935-ci il yanvarın 25-də Ordenini almaq üçün Moskvaya gedərkən partiya məktəbində ona qarşı bir sıra qarayaxma planları qurulur və təbii ki, bu böhtanların başında partiya məktəbinin təsərüffat işləri müdürü Aşot Balayan olur.
1936-ci il 1 oktyabr. Partiya məktəbindən təsərrüfat işləri müdürü A.Balayan və bir neçə öyrədilmiş müəllimlər Güllicinski haqqında M.CBağırova şikayət məktubları yazırlar. Hətta bir neçə qeyri azərbaycan millətindən olan qadınları da bu işə cəlb edərək onu ləkələməyə çalışırlar. Arxiv sənədlərini oxuduqca aydın olur ki, atılan heç bir ittihamı Saleh Güllücinski qəbul etmir.
Məsələ ilə bağlı partiya məktəbinə MK-dan yoxlama göndərilir. Çox saylı yoxlamalardan sonra aydın olur ki məktəbdə baş verən bəzi etik hadisələr Güllicinski Moskvada işlə bağlı məzuniyyətdə olarkən baş verir və Güllücinskinin bunlarla heç bir əlaqəsi yoxdur. A.Balayan sadəcə onu ləkələməyə çalışır, ama bacarmır.
Aşot Balayanın ərizəsindən:
"Fomina Lelyu adlı xidmətçi qadını tələbələrdən biri öpmüşdü. Mən onun işdən çıxarılmasını istədim. Güllücinski etiraz etdi: "Qadın işdən çıxarsa ailəsini necə dolandıracaq?"- dedi.
Yanvar ayı idi. Biz - Gullicinski, Rubinşteyn, Şulqa, Axundov və mən gecə 2-yə kimi işlədik. İşdən çıxanda Şulqa mənimlə gəldi. Digər 2 nəfər Güllücinskinin maşınına oturdular. Güllücinski Şulqanı maşınına dəvət etdi. Şulqa maşına minməyi rədd edir. Sonrakı gün Şulqa işdən çıxmaq haqqında ərizə verir və Güllücinski onun işdən çıxmasını istəmir. Şulqa israr edir. Güllücinski ona:" Sən Balayana görə işdən çıxırsan." deyir və ərizəsinə imza atir"
Göründüyü kimi Balayan özüdə nə yazdığını nə dediyini, necə şər atmaq istədiyini bilmir. Nə qədər böhtan, yalan yazmaq istəsədə Güllücinskinin alicənablığını və mərdliyini inkar edə bilmir.
Arxiv sənədlərində görünür ki, aradan keçən bir il ərzində rektoru olduğu məktəbə tez-tez yoxlamalar gəlir. Hətta arxiv sənədlərinin birində Güllücinskinin M.C.Bağırova onu qəbul etmədiyi üçün yazdığı məktub da var. Məktub 1937-ci ilin mart ayında yazılır. Məktubdan aydın olurki, Güllücinki ətrafındakı insanların həbs olunmasından ciddi şəkildə narahatdır və sıranın ona da gələcəyini bilir.
M.C.Bağırovun onu qəbul etməməsi isə tamamilə aydın olur. Güllücinski bir bahanə ilə işdən atılmalı və həbs olunmalıdır. Nərgiz xanımın dediyinə görə 1937-ci il,avqustun 5-də gecə NKVD-dən əsgərlər gəlir və evi ararmağa başlayırlar və arama nəticəsində Trotskinin kiçik bir kitabını tapırlar. Həmin gecə Saleh Güllücinski həbs edilir. Bacısı Nəzifə xanım deyib ki, o gecədən sonra Salehdən xəbər tuta bilmədik. Aylarlarla NKVD-nin həbsxanasına getdik-gəldik. Sonunda dedilər ki, aramayın boynuna daş bağlayıb dənizə atıblar. Yaxınları Salehin belə öldüyünü güman edirdilər.Hətta oğlu Ələsgər M.C.Bağırovun 1956-cı ildə Bakıda keçirilən məhkəməsində sual verir mənim atama neynədin, ondan hələdə xəbər yoxdur? M.C.Bağırov ona soyuqqanlıqla :" Boynuna daş bağlayıb dənizə atdılar." deyib.
Lakin Boran Əziz "Bakı Dövlət Universitetinin Represiyaya məruz qalmış tələbə və müəllimləri" kitabında yazır:" Şahid Əbülfəz Axundovdan 25 may 1955-ci ildə alınan ifadədə istintaqın hansı formada aparılmasi göstərilib: " Məni həbs edib, XDIK-in daxili həbsxanasına saldılar. Axşam düşdü və dərhal otaqlardan həbs olunanların döyülməsi,qışqirtıları, fəryadlari, ağlamaları eşidilməyə başlandi. Belə döyülmələrdən sonra müstəntiqin "qol çəkirsən, ya yox?" qışqırtisi gəlirdi. Belə bir şəraitdə gecə yarısı məni istintaqa çağırdılar. Mən koridorla gedərkən Mikayıl Hüseynov və Saleh Güllücinskini müstəntiqlər qollarıin arasında sürüyürdülər. Onları elə döymüşdülər ki, özləri yeriyə bilmirdilər."
Buradan aydın olur S.Güllücinskini yaxınlarına deyilən kimi boynuna daş bağlayıb dənizə atmayıblar,ona aylarca işgəncə veriblər. Mikayıl Hüseynov S.Güllücinskdən daha əvvəl həbs edildiyi üçün onu 1937-ci il oktyabrın 12-də, Saleh Güllücinskini 1938-ci il yanvarın 3- də 15 dəqiqəlik üçlüyün yəni "Troykanın" məhkəmə qərarı ilə elə məhkəmədən 10 dəqiqə sonra güllələyirlər.
Z.Bünyadov "Qırmızı terror" kitabında yazır:" Hüseynov Mikayıl Namaz oğlunun ifadəsindən aydın olur ki, 1933-cü ildə "Azərbaycan millətçi partiyası" yaradılmışdır."
Təssüf ki, belə bir partiyanın mövcudluğu ilə bağlı heç bir məlumat yoxdur. Lakin Z.Bünyadövun yazdığına görə onun tərkibində o dövrün görkəmli nümayəndələri kimi S.Güllücinskinin də adı var.