“Oreşnik” orta mənzilli raket kompleksinin Ukraynadakı “Yujmaş” hərbi zavoduna zərbə endirməsi Rusiyadan Qərbə verilən təhdid siqnalı idi. Bu barədə Amerikanın “The New York Times” (NYT) qəzeti yazıb.
“Rusiya yeni raketdən istifadə etməklə Qərbə təhdid siqnalı verdi”, - nəşr yazıb.
Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin “Oreşnik” raket sistemi nüvə yükünü təyinat yerinə çatdırmağa qadir olan strateji arsenalın bir hissəsidir.
Nəşr Rusiyanın ona qarşı ATACMS və Storm Shadow raketlərinin istifadəsinə dair verilmiş icazəyə cavab olaraq müvafiq addımı atmasına diqqət çəkib.
Qeyd edək ki, noyabrın 21-i səhər saatlarında rus qoşunları müxtəlif tipli raketlərlə Dnepr şəhərinə hücum edib. O cümlədən, Rusiya Federasiyasının Həştərxan vilayətindən qitələrarası ballistik raket buraxılıb. Ukrayna mediası qitələrarası ballistik raketin düşmə anını əks etdirən görüntüləri yayıb. Rusiya ordusu ilk dəfə olaraq yeni orta mənzilli “Oreşnik” raketindən istifadə etməsini bəyan edib və bu, beynəlxalq aləmdə rezonans doğurub.
Tural