Ermənilər Qərbi Azərbaycana nə vaxt köçürülüb? Bu
proses əslində nə zaman başlayıb? Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin sektor
müdiri Əfqan Əliyev Qərbi Azərbaycan TV-də açıqlama verib.
News365.az həmin açıqlamanı təqdim edir:
“Dünyada gedən siyasi proseslər nəticəsində, qlobal
müharibələr və dünyanın yenidən bölüşdürülməsi uğrunda aparılan mübarizədə, 1805-ci
ildə bağlanan Kürəkçay müqaviləsi ilə Qərbi Azərbaycana İranın Xoy, Salmas ərazisindən
ilk erməni köçü həyata keçirilib. Ondan sonrakı dövrdə, 1813-cü ildə imzalanan
Gülüstan sülh müqaviləsi ilə İranın Xoy, Salmas, Mazandaran əyalətlərindən ermənilərin
yenidən Qərbi Azərbaycana köçü baş verdi. Daha sonrasında 1828-ci ildə Türkmənçay
müqaviləsi ilə köçürülən ermənilərin sayı artırılıb və onlar Azərbaycanlıların əzəli
yaşadığı Qərbi Azərbaycan ərazisinə yerləşdirilib.
Çar Rusiyasının əraziyə hakim olması və ərazi
strukturunun formalaşmağa başlamasından sonra, 1829-cu ildə imzalanan Ədirnə
sülh müqaviləsi nəticəsində Türkiyənin Şərqi Anadolu ərazisindən çox sayda erməni
əhalisinin Qərbi Azərbaycana kütləvi köçü həyata keçirilib. Bununlada, ərazidəki
ermənilərin sayı mexaniki qaydada artıb.
Türkiyənin Şərqi Anadolu ərazisində dövlət qura
bilməyən ermənilər öz məkrli planlarını Qərbi Azərbaycanda həyata keçirmək üçün
əraziyə köçürülüb. Silahlanmış erməni dəstələri əraziyə yerləşdikdən sonra
orada terror təşkilatları qurmuşdu. Onlar Azərbaycan əhalisini sıxışdırıb
çıxararaq özləri üçün yeni məkan, dövlət qurmağa görə yeni bir ərazi iddiasına
başlamışdılar.” – deyə o öz açıqlamasında qeyd edib.