Son illərdə gənclər arasında qəfil ölüm hallarının artması cəmiyyətdə ciddi narahatlıq doğurur.
Əvvəllər ölüm halları daha çox yaşlı nəsillə əlaqələndirilsə də, bu gün 20-40 yaş arası şəxslərdə ürək tutması və digər xəstəliklər səbəbindən ölüm halları xeyli yüksəlib.
Bu təhlükəli tendensiyanın səbəbləri hansılardır?
Mövzu ilə bağlı açıqlama verən tibb eksperti Aqil Qeybulla bildirib ki, gənclərin qəfil həyatını itirməsinin əsas səbəbləri ekoloji problemlər və keyfiyyətsiz qidalanmadır.
Onun sözlərinə görə, qidaların keyfiyyət göstəriciləri bütün dünyada aşağı düşür və artan əhali tələbatını ödəmək çətinləşir:
“Bu gün təbii qida məhsulları hamıya çatmır. 8 milyarda yaxın dünya əhalisinə kifayət qədər təbii yağ və heyvan mənşəli məhsul istehsal etmək mümkün deyil.
Nəticədə bazarda çoxlu süni və keyfiyyətsiz qidalar yer alır. İnsanların həyat tərzi də dəyişib. Avtomatlaşma hərəkəti azaldır, lakin qida qəbulu artır.
Sərf olunan enerji ilə qəbul edilən kalori arasında ciddi uyğunsuzluq yaranır. Maddələr mübadiləsinin pozulması isə tromb, ürək-damar xəstəlikləri və qəfil ürək dayanması riskini yüksəldir.
Qəfil ölənlərin təxminən 90 faizi məhz ürəyin qəfil dayanması nəticəsində dünyasını dəyişir”, - deyə həkim bildirib.
O əlavə edib ki, xərçəng xəstəliklərinin artması da ciddi risk amilinə çevrilib və bu xəstəlik artıq dünyada qarşısı alınması ən çətin sağlamlıq problemlərindən biri sayılır.
Aqil Qeybullanın sözlərinə görə, digər mühüm səbəblərdən biri də idman fəaliyyətinin azalmasıdır:
“Fiziki aktivlik son dərəcə aşağıdır. İnsanlar gündəlik hərəkəti minimuma endirib, bu isə həm ürək-damar sisteminə, həm də ümumi sağlamlıq vəziyyətinə mənfi təsir edir”.