Füzulidə 170-ə yaxın vətəndaş tibbi müayinədən keçib

Füzulidə 170-ə yaxın vətəndaş tibbi müayinədən keçib
25 İyl 2025 11:57

“Böyük Qayıdış” Proqramı çərçivəsində Füzuli şəhərində 170-ə yaxın vətəndaş tibbi müayinədən keçib.

Bu barədə News365.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin təşkilatçılığı ilə akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin (ECM) həkim briqadası yerli əhali üçün tibbi müayinələr və konsultasiyalar təşkil edib.

Aksiyanın əsas məqsədi müxtəlif cərrahi və terapevtik patologiyaların erkən aşkarlanması, profilaktik tədbirlərin aparılması və vətəndaşlara konsultativ tibbi xidmətlərin göstərilməsi olub.

Cərrah qastroenteroloqlar, damar və endokrin cərrahı, kardiocərrah, terapevt qastroenteroloq, nefroloq və digər ixtisaslı mütəxəssislərin yer aldığı tibb heyəti tərəfindən əhaliyə tibbi baxış keçirilib, elektrokardioqrafiya (EKQ) və digər diaqnostik müayinələr aparılıb.

Ümumilikdə, aksiya müddətində 170 nəfərə yaxın vətəndaş tibbi müayinədən keçib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən “Böyük Qayıdış”a dəstək məqsədilə digər azad olunmuş bölgələrdə də bu qəbildən olan tibbi və maarifləndirici tədbirlərin təşkili davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada