"Hərbi qulluqçuların statusu haqqında” qanun bütün silahlı qüvvələrə şamil edilir. Orada mənzil təminatı öz əksini tapıb. Bunun üçün yenidən qanun işləmək və ya bura əlavə etməyə ehtiyac yoxdur.
News365.az xəbər verir ki, bunu daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“O ki qaldı niyə yalnız Müdafiə Nazirliyi məsələsinə, buna mən münasibət bildirə bilmərəm. Sadəcə hüquqi normativ sənəd olaraq bu gün hamıya şamil olunması, o cümlədən Daxili Qoşunlara şamil olunması “Hərbi qulluqçuların statusu haqqında” qanunda müəyyən olunub. İcra məsələsi ilə bağlı qanunda varsa, əlavə ehtiyac yoxdur”, - o bildirib .
***
Müddətdən artıq hərbi xidmət edənlərə (MAXE) əlavə ödənişlər edilmir. Buna baxmayaraq onlar müharibə başlayanda döyüşə göndərilir və ya daxili qoşunların hərbçiləri kimi onlar da müxtəlif vəzifələrə malikdirlər.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev bildirib.
O qeyd edib ki, MAXE-lərə mənzilin verilməyi daha yaxşı olardı:
"Mən bunu da bir neçə dəfə qaldırmışam ki, zabitlər və MAXE-lərə ev verməkdənsə, həmin məbləğdə pul vermək daha yaxşıdır. Ola bilər ki, onlar başqa yerdə ev almaq istəyir".