Ey qar altda ürəyi yaz, Təbrizim

Ey qar altda ürəyi yaz,  Təbrizim
09:35
Dünyanı dərk edəndən qəlbimizdə bir yara köz bağlayıb. Bir həsrət göynədib bizi. Təbriz həsrəti!
Baba-nənələrimizin gizli, çox zaman da aşkar bayatıya, şeirə çevrilən nəsgilinin odunda biz də qovrulmuşuq.
Ağ dəvə düzdən gedər,
Yükü Təbrizdən gedər.
Təbriz dərdə düşəndə,
Dərmanı bizdən gedər.
Bu ötən illər ərzində ürəyinizdən qəribə bir sevda qanadlanaraq Araz boyu pərvazlanıb, Təbrizə sarı. Səsimiz-avazımız tikanlı məftilləri keçsə də, sanki ayaq tutub yeriyən ürəyimizin arxasınca gedə bilməmişik. Həmişə də bu həsrətdə, bu hicranda cismimizi ruhumuzdan ayıran Arazı günahkar saymışıq. İllərin, nəsillərin qınağından sanki Araz da öz günahını anlayırmış kimi lal sularda əriyib. Bu yandan o yana dikilən həsrətli baxışlarda neçə sevdalar göyərib. Kimi qardaş kimi bacı, kimi də nakam sevgi sorağında Araza boylanıb. Sual dolu baxışlarlarımız lal sularda axıb gedib. Dərdimiz də özümüzlə bərabər böyüyüb, şaxələnib.
Uşaq olsaq da böyüklərdən eşitdiyimiz həsrətli, xəlvəti söhbətlərdə Təbriz sevgisi qəlbimizə hakim kəsilib. Nədənsə bizə elə gəlib ki, Cənubi Azərbaycan bütövlükdə elə Təbrizdir.
Şükürlər olsun ki, son illərin siyasi gedişlərində gec də olsa tilsimləri sındıra bildik. Təbrizdən Bakıya uzanan əllər qardaş əlinə qovuşa bildi. Həsrətli könüllərə təsəlli, hicran dolu baxışlara ümid işığı yandı. İllərdi yol gələn arzular, diləklər ünvanına yetdi. Təzə bir sevgi boy atdı könüllərdə, sevdalar bir ürəkdə birləşdi, qovuşdu. İnsanlar kimi mədəniyyətlər, musiqilər də səfərə çıxdı. O taylı, bu taylı birgə oxudular:
“Bir yer sevmişəm Qaragilə, Təbriz maralı”.
Təbriz bütün dövrlərdə ədəbiyyatın, poeziyanın əsas mövzularından olub. Xalqımızın, millətimizin yarımçıq sevgisinin ünvana çevrilib. Yaralı könüllərin, həsrətli baxışların, hicran odunda yananların ümid işığına çevrilib. Bakıda alovlanan inam işığı Təbrizdə təsəlli tapıb. Hələ sovetlərin ən kəskin dönəmində belə şair və yazıçıların yaradıcılığında xüsusi yer tutub bu mövzu. Gümanlar, arzular boy atıb hər sətirdə. Bu gün də həmin ənənə davam edir. Təbriz öz cazibəsi, nağılvari görkəmi və əzəmətli tarixi ilə meydan oxuyur cahana. Şairlərin müraciət etdiyi ən sevimli mövzu kimi aktuallığını qoruyub saxlayır.
Gün gələcək Təbrizədən butay Azərbaycan torpaqlarına təkcə ümidlər, arzular deyil özümüz də sevgilərlə gələcəyik. Həmişəlik, əbədilik. Taleyinə həsrət, qüssə yazılan qədim Azərbaycan torpaqları əsrarəngiz Təbriz, igidlər oylağı Odlar yurdunda reallaşan sevgilərin ünvanı olacaq. Qonaq gedəcək ellər, obalar bir-birinə. Bu taydan, o taya elçi düşəcək analar. Yox olacaq tikanlı məftillər. Bir təbrizli gözəl butaylı oğlana könül verəcək. O zaman elin o başı, bu başı olmaz deyən ağsaqqallara da yorucu gəlməyəcək uzun yollar. Təbriz ətirli sovqatlar ünvanlanacaq neçə-neçə ocağa.
Təbriz həmişə öz məğrurluğu və dözümlülüyü ilə fərqlənib. Ona edilən bütün basqın və həmlələrə sinə gərib. Elə qələm adamlarına da güc, ilham verən başlıca amil budur. Bu şəhər sanki İlahidən qüvvət alan bir güc mərkəzidir. İranda nə qəddər rejim dəyişsə, qadağa və cəzalar sərtləşdirilsə də, bu, heç vaxt Təbrizin azadlıq ruhunu dəyişə bilməyib. Baxmayaraq ki, hazırda yenə bu qədim ocağın başı üzərində qara buludlar dolaşır, amma yenə də öz məğrurluğunu qoruyub saxlayır. Əbədi nəğmə, analarımızın şirin laylaları kimi ruhumuza hoparaq varlığımızda qərarlaşır.
Xırçın sularda birləşən Arazla Xəzər həm də şairlərin ilham mənbəyidir. Onun məhsulu, bəhrəsi isə Təbrizdə qərar tutur. Tarixin o üzündən, min illər əvvəldən gələn nəsnələr bunu deməyə əsas verir ki, Təbrizdə tikilən hər kərpic, hər daş özündə bütünlüklə Azərbaycan ruhunu yaşadır. Təbriz hər zaman ruhumuzun qidası, arzularımızın ünvanı olub. Öz gözəlliyi və fərqliliyi ilə. Hələ XIV əsrdə Həmdullah Qəzvini “Nüzhət əl-qulub” (“Qəlblərin əyləncəsi") əsərində yazırdı:”Təbrizin insanları yaraşıqlı, boylu-buxunlu, məğrur və qürurludur. Bu şəhərdə insanlar çox nəzakətli, hazırcavab və incədirlər, necə deyərlər, “orada qoca kişi cavan oğlandan yaraşıqlıdır". Burada varlı da, cavan da hansısa bir işlə məşğuldur və insanların çoxu imkanlıdır".

Ramidə Yaqubqızı, jurnalist

Sizin reklam burada
Sizin reklam burada