Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid daha qısa zamanda reallaşa bilər.
News365.az xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Vüqar Bayramov sosial media hesabında paylaşım edib.
O qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saatlıq əməkhaqqı ilə bağlı qanun layihələrinin hazırlanması istiqamətində iş aparır.
Bu əsasda saatlıq əmək haqqı sistemində maaşların necə tənzimlənəcəyi, artıb, artmayacağı məsələləri diqqət mərkəzinə gəlir. Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirib ki, saatlıq sistemə keçmək öz-özlüyündə maaşların avtomatik artırılması anlamına gəlmir:
“Maaşı sistem yox, bazar müəyyən edir: işçi qüvvəsinə tələb, məhsuldarlıq, inflyasiya, qanunla minimum hədd. Saatlıq ödəniş sadəcə hesablama formasıdır”.
Ekspert saatlıq əmək haqqı sisteminə keçidlə Azərbaycan mühitində nələrin baş verə biləcəyinə aydınlıq gətirdi. Onun dediyinə görə, bu fonda özəl sektor rəhbəri işçinin maaşını artırmamaq üçün növbəli işə keçəcək:
“Hazırda özəl sektorda əksər işçilər rəsmən guya 8 saat işləyir. Amma faktiki 10-11 saat işlədilir, buna görə əlavə pul almırlar. Saatlıq sistem və elektron uçot məcburi olduqda isə, işəgötürən ya artıq saatları ödəməli, ya da işçini evə buraxmalıdır. Bu halda əlavə işləyənin gəliri artacaq. Məsələn, kassir, ofisiant, anbardar, kuryer sahələrində axşam 7-dən sonra işləyən adam 1.5 əmsalla pul alsa, ayda 100-150 manat fərq edir. Amma işəgötürən də bilir ki, 2 nəfəri 6 saatlıq işlətmək 1 nəfəri 12 saat işlətməkdən ucuz başa gələ bilər. Ona görə “overtime”ı kəsib növbəli işə keçəcək. Yəni maaş artmır, sadəcə iş saatı dürüstləşir”.
İqtisadçı düşünür ki, saatlıq sistem part-time imkanlarını artıracaq:
“Tələbə, ikinci iş axtaran adam indi rəsmiləşə bilmir. Çünki şirkət tam ştat açmaq istəmir. Saatlıq olsa, şirkət 4 saatlığa işçi götürüb rəsmi maaş verəcək. Bu, leqal gəliri olmayan şəxslər üçün artımdır. Əvvəl 0 alırdı, indi 300-400 alacaq”.
Həmsöhbətimizin sözlərinə görə, mövcud keçid nəticəsində statistika üzrə orta maaş da qalxa bilər:
“Çünki kölgə iqtisadiyyatından rəsmiyətə keçid olur. Amma bu, “mövcud işçinin maaşını qaldırmaq” deyil, “yeni işçi cəlb etmək”dir.
Başqa bir tərəfdən, mərkəz sədri hesab edir ki, mövcud vəziyyətdə işəgötürənlərin prosesə qulp qoşması riski realdır:
“Təcrübə göstərir ki, bizdə qanundakı boşluqlardan istifadə olunur. Saatlığa keçəndə nə edə bilərlər? Saat tarifini çox aşağı yazacaqlar. Deyəcəklər ki, məsələn saatı 2 manat, ayda 160 saat = 320 manat. Minimum saatlıq əməkhaqqı qanunla tənzimlənməsə, işçi faktiki daha az alacaq. Yaxud “sifariş yoxdur” adı ilə işçini 4 saatlıq göstərib 8 saat işlədə bilərlər”.
İqtisadçı bildirir ki, sözügedən məsələdə işə götürən “müqaviləni xidmət müqaviləsi” edib Əmək Məcəlləsindən yayına da bilər:
“Ona görə sistem işləmək üçün üç şərt var: minimum saatlıq tarif, məcburi elektron iş vaxtı uçotu və güclü əmək müfəttişliyi”.
Müsahibimizin qənaətincə, saatlıq sistemə keçid əlavə xərc yaratsa, müəssisə sahibi ya qiymətləri qaldıracaq, ya işçini ixtisar edəcək, ya da kölgə iqtisadiyyatına qaçacaq:
“Azərbaycanda özəl sektorun böyük hissəsi ticarət, xidmət, tikintidir. Bu sahələrdə məhsuldarlıq aşağıdır, marja azdır. İşəgötürən belədə gəlirinin az olduğunu bəhanə edib, artıq maaş verməkdən yayınacaq”.
İqtisadçının fikrincə, yalnız əmək haqqının yüksək olduğu sahələrdə, yəni İT, bank, neft sektorunda saatlıq sistem gəlirə ciddi təsir etməyəcək.
Artım isə həmsöhbətimizin dediyinə görə iki şərt daxilində mümkündür:
“Birincisi, əmək bazarında işçi qıtlığı olmalıdır. Kafe işçi tapmırsa, saatı 5 manatdan 6 manata qaldırmağa məcbur olacaq. İndi Bakıda kuryer, usta, dayə qıtlığı var, onların saatlıq qazancı artıq qalxır. İkincisi, dövlət normal minimum saatlıq həddi tətbiq edir. Məsələn, bu gün minimum aylıq hədd 345 manatdır. Onu 160 saata bölsək, saatı 2.15 manat edir. Əgər qanunla minimum 3 manat qoyulsa, tam ştat işləyənin maaşı 480 manat olacaq. Bu, real artımdır”.
Bir sözlə, iqtisadçı bildirdi ki, saatlıq sistemə keçid özəl sektorda “hamının maaşı qalxacaq” anlamına gəlməməlidir:
“Bu fonda əlavə saat işləyənlər, iki yerdə part-timedə və kölgə sistemində işləyənlər udacaq. İş az olan aylarda sabit maaş alanlar isə uduzacaqlar. İşəgötürən də uyğunlaşacaq: ya işi optimallaşdıracaq, ya qeyri-rəsmi işlədəcək, ya da tarifləri minimuma endirəcək”.
Müsahibimiz sonda qeyd etdi ki, sistemin işləməsi üçün minimum saatlıq tarif, elektron davamiyyət və cərimə mexanizmi eyni paketdə gəlməlidir:
“Əks halda ad dəyişəcək, məzmun eyni qalacaq. Artım isə yalnız işçi qıtlığı olan sahələrdə və dövlətin minimum həddi qaldırdığı halda olacaq”.