Avropa Parlamenti ilə bütün münasibətlər dayandırılır!

Avropa Parlamenti ilə bütün münasibətlər dayandırılır!
12:25

Milli Məclisin iclasında Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Qərarı qəbul olunub. Müzakirələrdən sonra Qərarı vitse-spiker Ziyafət Əsgərov təqdim edib.

News365.az-ın məlumatına görə, Qərarda deyilir:

“Azərbaycan Respublikasının Milli Məclisi xarici ölkə parlamentləri və beynəlxalq parlament təşkilatları ilə əlaqələrində sülh, təhlükəsizlik və davamlı inkişaf naminə birgə fəaliyyəti rəhbər tutur, parlament dəyərlərinə və ortaq maraqlara əsaslanan açıq, səmimi və konstruktiv dialoqu təşviq edir.

Təəssüflər olsun ki, Avropa Parlamentinin qeyd olunan prinsipləri inkar edən destruktiv mövqeyi bu qurumla ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafı qarşısında başlıca maneəyə çevrilmişdir.

Avropa Parlamentinin fəaliyyətinin mahiyyətində beynəlxalq hüququn norma və prinsiplərinin, ədalət anlayışının qəti surətdə rədd edilməsi dayanır. Bu qurum torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalına, yüzlərlə şəhər və kəndlərimizin, tarixi, dini və mədəni abidələrimizin dağıdılmasına, etnik təmizləməyə, 1 milyondan çox qaçqın və məcburi köçkünün insan hüquqlarına davamlı şəkildə etinasız yanaşmışdır. Avropa Parlamenti ilə əməkdaşlıq üçün nəzərdə tutulmuş platformalar - Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi və Avronest Parlament Assambleyası isə ölkəmizə qarşı təzyiq, şantaj və daxili işlərə kobud müdaxilə alətinə çevrilmişdir”.

Parlamentin Qərarında daha sonra deyilir:

“Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin bu münasibəti səbəbindən onunla bütün əlaqələrini 2015-ci ildə dayandırsa da, qarşı tərəfin çoxsaylı müraciətlərini və vədlərini əsas götürərək, əməkdaşlığı yenidən bərpa etmişdir.

Buna baxmayaraq, Avropa Parlamenti öz vədlərinə əməl etməmiş, özünün anti-Azərbaycan siyasətini, böhtan və qarayaxma fəaliyyətini ardıcıl surətdə davam etdirmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğalına son qoyulması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra isə Avropa Parlamentinin bu fəaliyyəti daha geniş vüsət almışdır. Prezident İlham Əliyevin özünün müəyyən etdiyi sülh gündəliyinin onun siyasi iradəsi və qətiyyəti sayəsində uğurla reallaşdırılması və tarixi Vaşinqton razılaşmaları ilə nəticələnməsi, dövlət başçısının sülhə, əməkdaşlığa və tərəqqiyə xidmət edən təşəbbüslərinin beynəlxalq səviyyədə dəstək qazanması bu qurumun anti-Azərbaycan ritorikasını daha da gücləndirmişdir. Təkcə onu demək kifayətdir ki, 44 günlük Vətən müharibəsindən sonra Avropa Parlamenti Azərbaycan əleyhinə saxta məlumatları, yalan iddiaları və absurd ittihamları əks etdirən 10-dan artıq qətnamə qəbul etmişdir. Avropa Parlamentinin COP29 ərəfəsində və keçirildiyi dövrdə Azərbaycana qarşı hücumlarda əsas alətlərdən biri kimi istifadə olunması da yaddan çıxarılmamalıdır”.

Milli Məclisin Qərarında daha sonra deyilir:

“Bu gün demokratik dəyərlərin iflasa uğradığı, korrupsiya və rüşvətxorluğun dərin kök saldığı, lobbi qruplarına və müxtəlif maraq dairələrinə xidmət edən Avropa Parlamenti Azərbaycanofob və islamofob düşüncənin ardıcıl surətdə ifadə olunduğu struktura çevrilmişdir. Əsas narahatlıq doğuran məqamlardan biri də budur ki, bu qurum yalnız Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafına maneə törətmir. Bu həm də regionumuzda uzunmüddətli sülh və sabitliyin bərqərar edilməsi istiqamətində atılan addımlara qarşı çıxır, revanşist qüvvələri təhrik etməklə regionumuzu yenidən münaqişə ocağına çevirməyə cəhd göstərir. Bütün bunlar isə Avropa Parlamenti ilə əməkdaşlığın mahiyyətini heçə endirir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin III hissəsini rəhbər tutaraq qərara alır:

1. Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılsın.

2. Azərbaycan Respublikası Milli Məclisinin Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin fəaliyyətində iştirakına son qoyulsun.

3. Avronest Parlament Assambleyasının Nizamnaməsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılsın və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmasın”.


Sizin reklam burada
Sizin reklam burada