“Radikal qüvvələr hakimiyyətə gəlsə belə, müharibə riskləri real deyil”
Regionda mümkün siyasi dəyişikliklər və Ermənistan daxilində radikal qüvvələrin hakimiyyətə gəlməsi ehtimalı fonunda yeni müharibə ssenariləri ilə bağlı müzakirələr aparılır.
Bu barədə Millət Vəkili Hikmət Babaoğlu News365.az-a açıqlamasında danışıb.

Deputat bildirib ki, əgər Ermənistanda müharibə tərəfdarı olan radikal qüvvələr hakimiyyətə gələrsə belə, onlar mütləq şəkildə hərbi imkanlarını real şəkildə qiymətləndirmək məcburiyyətində qalacaqlar. Onun sözlərinə görə, bu gün regiondakı güc balansı yeni müharibə ehtimalını ciddi şəkildə məhdudlaşdırır.
Hikmət Babaoğlu qeyd edib ki, Ermənistan daxilində ən radikal qruplar belə anlayır ki, yeni müharibə ölkə üçün ağır nəticələr doğura bilər: “Növbəti müharibə Ermənistanın dövlət kimi mövcudluğu üçün ciddi risk yarada bilər.”
Deputatın sözlərinə görə, Azərbaycan öz ərazisinə hər hansı hərbi təcavüzə imkan verməyəcək və mümkün təhdidlərə adekvat cavab vermək gücündədir. O vurğulayıb ki, regionda güc balansı artıq Azərbaycanın xeyrinə dəyişib.
Babaoğlu əlavə edib ki, bəzi xarici qüvvələr – o cümlədən Avropadakı lobbi strukturları və ayrı-ayrı dövlətlər – regionda gərginliyi artırmağa cəhd edə bilər. Onun fikrincə, bu proses silahlanma yarışını və geosiyasi gərginliyi yenidən gündəmə gətirə bilər.
Millət vəkili bildirib ki, bütün bu ehtimallara baxmayaraq, Ermənistanın hərbi gücünün hazırkı vəziyyətdə Azərbaycana qarşı real müharibə aparmaq imkanından uzaq olduğu görünür.
O, həmçinin qeyd edib ki, Türkiyə və Azərbaycanın hərbi-sənaye sahəsində inkişafı regionda yeni reallıq yaradıb və bu da güc balansını dəyişdirən əsas amillərdən biridir.
Hikmət Babaoğlunun sözlərinə görə, bəzi radikal dairələr sülh prosesini ləngidə bilsə də, genişmiqyaslı müharibə ehtimalı real görünmür və tərəflər nəticə etibarilə danışıqlara məcbur qalacaqlar.