"Azərbaycan və Ermənistan sülhə tarixdə olmadığı qədər yaxındır"
Keçmiş Qarabağ münaqişəsi və regionda gedən proseslər xarici vasitəçilik cəhdləri ilə nəticə vermədiyi üçün Azərbaycan öz problemi hərbi-siyasi yolla həll edib.
Bu barədə politoloq Xəyal Bəşirov News365.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, uzun illər fəaliyyət göstərən ATƏT-in Minsk qrupu münaqişənin həllində ciddi nəticə ortaya qoya bilmədiyi üçün faktiki olaraq prosesdən kənarda qalıb və fəaliyyəti dayandırılıb.

Politoloqun sözlərinə görə, 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan münaqişəni hərbi yolla həll edərək yeni reallıq yaradıb. Bundan sonra isə Avropa strukturları və müxtəlif beynəlxalq platformalar çərçivəsində görüşlər davam etdirilib.
Xəyal Bəşirov bildirib ki, Fransa da daxil olmaqla bəzi dövlətlərin prosesə müdaxilə cəhdləri olsa da, Azərbaycan bu təsirləri neytrallaşdırmağa nail olub.
Onun sözlərinə görə, hazırda Azərbaycan və Ermənistan tarixdə olmadığı qədər sülhə yaxındır: “Artıq tərəflər arasında müxtəlif səviyyələrdə – baş nazir müavinləri, xarici işlər nazirləri və dövlət başçıları səviyyəsində danışıqlar aparılır.”
Politoloq əlavə edib ki, ən mühüm irəliləyişlərdən biri Vaşinqtonda keçirilən son görüş olub və bu, sülh sazişinə doğru atılan vacib addım kimi qiymətləndirilir.
O vurğulayıb ki, əldə olunan nəticələr kənar müdaxilələrin azalması ilə bağlıdır: “Azərbaycan həm regional, həm də beynəlxalq müstəvidə mövqeyini möhkəmləndirib və artıq Ermənistanla münasibətlərin normallaşması istiqamətində ciddi irəliləyiş var.”
Xəyal Bəşirovun sözlərinə görə, buna baxmayaraq, bəzi kənar qüvvələr regionda yenidən gərginlik yaratmağa və prosesə təsir göstərməyə cəhdlər edir.