Ermənistan və Azərbaycan arasında sülh prosesinin davam etdiyi bir vaxtda müxtəlif xarici təsir qruplarının və diaspor strukturlarının bu istiqamətdəki proseslərə təsir göstərməyə çalışdığı iddia olunur. Məsələ ilə bağlı Milli Məclisin deputatı çıxış edib.
Milli Məclisin deputatı Rasim Musabəyov News365.az-a açıqlamasında bildirib ki, uzun illərdir Ermənistan diasporu müxtəlif platformalarda anti-Azərbaycan mövqeli təşəbbüslər irəli sürür və bu fəaliyyətlər ayrı-ayrı şəxslər tərəfindən maliyyələşdirilir.

Onun sözlərinə görə, həmin qüvvələr beynəlxalq mühitdə müəyyən təsir yaratmağa çalışsalar da, real siyasi imkanları məhduddur və fəaliyyətləri daha çox şişirdilmiş kampaniyalar xarakteri daşıyır.
Deputat qeyd edib ki, bütün bunlara baxmayaraq, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması əsas gündəm olaraq qalır: “Sülh prosesinin qarşısını almağa çalışan qüvvələr olsa da, bu artıq alternativi olmayan istiqamətdir.”
Rasim Musabəyov əlavə edib ki, Ermənistan daxilində də bu məsələyə yanaşma birmənalı deyil və siyasi rəqabət fonunda müxtəlif qruplar fərqli mövqelər sərgiləyir. Onun sözlərinə görə, bəzi dairələr beynəlxalq dəstək əldə etməyə çalışsalar da, regiondakı real vəziyyət sülh prosesinin davamlı olduğunu göstərir.