Əvəz Zeynallını öz evində aşıqla qarşıladılar, qol götürüb, oynadı – VİDEO

Əvəz Zeynallını öz evində aşıqla qarşıladılar, qol götürüb, oynadı – VİDEO
26 Apr 2025 18:44

Tanınmış jurnalist, “Xural” Media Yayınları Evinin rəhbəri Əvəz Zeynallının azadlığa çıxması onun ailəsi və dostları üçün böyük bayrama çevrilib.

News365.az xəbər verir ki, Əvəz Zeynallı doğma evində ənənəvi Azərbaycan üslubunda – aşıq havaları ilə qarşılanıb.

Saza sarılan aşıq azadlığa qovuşmuş jurnalistin şərəfinə ifalar edib. Duyğulu anlar yaşanıb, evdə sevinc göz yaşları axıdılıb.

Əvəz Zeynallı özü də bu coşqu dolu qarşılamaya biganə qalmayıb. O, qol götürərək, ailəsi və yaxınları ilə birgə aşığın ifasında halaya qoşulub və şən rəqs edib.

Ətrafdakıların sevinci, onun azad nəfəs almasının yaratdığı emosional ab-hava hər kəsi kövrəldib.

Sosial şəbəkələrdə yayılan həmin görüntülər minlərlə insan tərəfindən izlənilib və böyük rəğbətlə qarşılanıb. Şərhlərdə insanlar Əvəz Zeynallının azadlığa çıxmasını həm humanizmin, həm də ədalətin təntənəsi kimi dəyərləndirirlər.

Xatırladaq ki, bir neçə gün əvvəl hüquq müdafiəçiləri, ictimai-siyasi xadimlər və media nümayəndələri Prezident İlham Əliyevə müraciət edərək, Əvəz Zeynallının həbsxanada ağır xəstəlik keçirdiyini və onun azadlığa buraxılmasının vacibliyini bildirmişdilər. Prezidentin verdiyi humanist qərar nəticəsində Əvəz Zeynallı azadlığa çıxıb və ailəsinə qovuşub.



Sizin reklam burada
Sizin reklam burada